Interposta.Info

“Azərbaycanda inflyasiya 2.3 deyil,10.3 faiz olub, həyat səviyyəsi pisləşib”- İqtisadçı

İqtisadiyyat
 7-01-2019, 15:50     10 379

Bahalaşmanın gerçək səviyyəsi ictimaiyyətdən gizlədilib”

Belə bir iddia ilə iqtisadçı ekspert Nemət Əliyev çıxış edib. Ekspert hesablamalara istinad edərək göstərir ki, əmtəə bazarının yarısından çoxunu təşkil edən idxal mallarının qiymətləri 2018-ci ildə 31 faiz artıb:

“Ölkə üzrə azı 10,3 faiz inflyasiya baş verib. Rəsmi açıqlamalara görə isə ötən il guya 2,3 faiz bahalaşma olub. Peşəkar mütəxəssisləri demirəm, heç sadəlövh insanlar da qiymətlərin meydan suladığı indiki zamanda bu rəsmi iddialara inanmaz…”

Bəs yola saldığımız 2018-ci ildə qiymətlərin gerçək səviyyəsi nə qədər dəyişib? Bu dəyişmə əhalinin həyat səviyyəsini yaxşılaşdırıb, yoxsa pisləşdirib?

Bu sualları cavablandıran Nemət Əliyev izah edib ki, daxili bazar həm xarici ölkələrdən gətirilən mallardan, həm də yerli mallardan ibarət tərkibdə formalaşır və ümumi bazar qiymətləri də bu malların qiymətlərində baş verən dəyişmələr hesabına əmələ gəlir:

“Dövlət Gömrük Komitəsi məlumat yayaraq bildirib ki, ölkəmizə 2018-ci ilin 10 ayında 9,253 milyard dollarlıq, əvvəlki ilin 10 ayında isə 6,958 milyard dollarlıq mal idxal olunub. Mən orta aylıq əmək haqqına və sabit qiymətlərlə hesablanmış idxala dair 11 aylıq rəsmi göstəricilər tam açıqlanmadığına görə 10 aylıq dövrə istinad edirəm. Müqayisə etsək, məlum olur ki, faktiki qiymətlərlə hesablanmış idxal geridə qoyduğumuz ildə 2,295 milyard dollar (9,253-6,958=2,295) və ya 33 faiz artıb. Bununla yanaşı Dövlət Statistika Komitəsi də məlumat açıqlayaraq bildirib ki, sabit qiymətlərlə hesablanmış idxalın səviyyəsi bu dövrdə cəmi 1,9% artıb. Bu 1,9%-lik artım göstəricisi onu ifadə edir ki, idxalın səviyyəsi fiziki anlamda cəmi-cümlətanı 132 milyon dollar (6,958×1,9:100≈132) həcmində çoxalıb. Əgər bu sonuncu məbləği faktiki qiymətlərlə hesablanmış artım məbləğindən çıxsaq, 2,163 milyard dollar (2,295-0,132=2,163) qalar. Qalan bu hissə ötən ilin 10 ayında idxal olunan malların ümumi bahalaşma səviyyəsini göstərir. Deməli, ümumi əmtəə bazarının yarısından çoxunu təşkil edən xarici mallar 31% (2,163:6,958∙100≈31%) bahalaşıb. Başqa sözlə, idxaldakı 33%-lik artımın 94%-dən çoxu (2,163:2,295×100≈94%) yalnız bahalaşma hesabınadır”.

“Azərbaycanda inflyasiya 2.3 deyil,10.3 faiz olub, həyat səviyyəsi pisləşib”- İqtisadçı

Ekspert daha sonra idxalda əmələ gələn bu bahalaşmanın ümumi istehlak bazarında ümumi qiymətlərə təsirini dəyərləndirib:

“2017-ci ildə ümumi istehlak bazarının 10 aylıq həcmi 35,865 milyard manat olub. 2018-ci ilin 10 ayında idxalda yaranan bahalaşma səviyyəsi isə yuxarıda göstərdiyimiz kimi 2,163 milyard dollar və ya Mərkəzi Bankın rəsmi məzənnəsi ilə manata çevirsək, 3,677 milyard manatdır. Hesablasaq, məlum olur ki, idxal olunan mallar 2018-ci ildə ümumi istehlak bazarında 10,3%-dən çox bahalaşma yaradıb (3,677:35,865×100%=10,3%)”.

N.Əliyev sonuncu 10,3 faizlik göstəricinin yalnız idxal mallarının ilkin təsiri ilə daxili bazarlarda əmələ gələn bahalaşma səviyyəsini göstərdiyini vurğulayıb:

“Bir qayda olaraq, gömrük sərhəddində əmələ gələn qiymətlər daxili bazarlarda daha da artır. Əgər buraya yerli malların da bahalaşma təsirini əlavə etsək, o zaman 2018-ci ildə bahalaşmanın 10,3%-dən çox olmasına şübhə yeri qalmır”.

Ekspert qeyd edir ki, belə olan halda ölkə üzrə 2,3% bahalaşma olmasına dair yayılan rəsmi açıqlamaların nə dərəcədə qeyri-ciddi olması üzə çıxır: “Rəsmi məlumatların təhlili açıq şəkildə göstərir ki, ölkədə ötən il minimum 10,3% bahalaşma olub. Deməli, dövlət adına fəaliyyət göstərən bir komitə ictimaiyyətə rəsmi şəkildə saxta məlumat ötürüb”.

Nemət Əliyev sonda qeyd edib ki, bahalaşma, heç şübhəsiz, əhali gəlirlərinin real səviyyəsini aşağı salır:

“Əgər orta aylıq əmək haqqının nominal səviyyəsinin rəsmən 2,8% artmasına inanmaq olarsa, onda bu göstəricinin real səviyyəsi azı 7,5% (2,8-10,3=-7,5) aşağı düşüb. Real göstəricilər düşübsə, deməli, həyat səviyyəsi də pisləşib. Odur ki, ötən il ölkədə əhalinin həyat səviyyəsi 7,5%-dən çox pisləşib”.(Strateq.az)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26