Interposta.Info

ABŞ dollarından imtina prosesinə İran və İraq da qoşuldu –ABŞ dollarından imtina prosesinə İran və İraq da qoşuldu –

İqtisadiyyat
 4-09-2018, 09:24     10 400

Avro bahalaşa bilərmi; iqtisadçı: “Dünyada aparılan bütün hesablaşmaların 80 faizdən çoxu dollarla həyata keçirilir”
Bir neçə ölkənin ABŞ dollarından imtina prosesinə İran və İraq da qoşulub. Bu iki ölkə də ticari əməliyyatlarda dollardan imtina etməyə qərar verib. İran-İraq Ticarət Palatasının sədri Yəhya İshaqın mətbuata verdiyi açıqlamaya görə, İran və İraq arasındakı ticari əməliyyatlardan dollar çıxarılıb: “Ticari əməliyyatların bir çoxu avro, rial və İraq dinarı ilə həyata keçirilir”.

İranla İraq arasındakı qeyri-neft məhsulları ticarətinin təxminən 8 milyard dollar olduğunu deyən İshaq buna baxmayaraq, banklar arasında aparılan pul transferinin olduqca aşağı səviyyədə olduğunu deyib.

Ekspertlər qeyd edir ki, İran dollardan imtina etməyə əslində məhkumdur. Çünki Tramp hakimiyyəti avqustun 7-də İranın ABŞ dollarına daxil olmasına da mane olan birtərəfli sanksiya paketini həyata keçirməyə başlayıb. İraq hökumətinin sözçüsü Səad əl-Hadisi də ABŞ-ın İrana qarşı sanksiyaları səbəbindən Bağdadın Tehranla apardığı maliyyə əməliyyatlarında Amerika dollarından istifadəni dayandırmaq məcburiyyətində qaldığını etiraf edib.

Bəs İranla İraq arasında ticarət əlaqələrində dollardan imtina edilməsi, milli valyuta və avro ilə ticarətə keçid nə dərəcədə məntiqli və reallaşdırılması mümkün olan addımdır?

"XeberBiz" məlumatına görə, sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, dollardan imtina etmək istəyən ölkələrin sayı getdikcə artır. İraq və İrandan əvvəl son illər digər ölkələr də bu istiqamətdə konkret addımlar ata biliblər: “Bu sıraya ilk növbədə Çin, Rusiya, İran və Türkiyə daxildir. İranla İraq arasında hesablaşmaların milli valyutalarda və avroda aparılacağına dair razılaşma da bu qəbildən olan bir addımdır. Təbii ki, istək olan yerdə texniki cəhətdən bütün hesablaşmaların milli valyutalarda və ya avro ilə aparılması mümkündür. Lakin bu zaman bir məsələni diqqətdən qaçırmaq olmaz. Bu gün dollar dünyada aparılan hesablaşmalarda tam hegemon bir durumdadır. Hazırda dünyada aparılan bütün hesablaşmaların 80 faizdən çoxu dollarla həyata keçirilir. Təbii ki, istək varsa, hər bir ölkə qarşı tərəf ölkə ilə hesablaşmaları öz milli valyutaları və ya avro ilə apara bilər. Lakin bu zaman risklər böyüyəcək və dəyəri dollarla ölçülən milli valyutaların məzənnəsində baş verə biləcək dəyişikliklərin ticarət aparan iki tərəfdən birinə daha çox qazanc gətirməsi, digərini isə zərərə salması kimi anomal durumlardan heç kim sığortalana bilməyəcək. O ki qaldı avro ilə ticarətə, burada da müəyyən problemlər var. Avronun məzənnəsi də dollara nisbətdə müəyyən edilir. Avronun məzənnəsinə ABŞ-ın təsir imkanları az deyil. Deməli, avro ilə aparılacaq hesablaşmalar zamanı da itkilərdən heç kim sığortalanmayıb”.

Ekspert vurğuladı ki, problemin həllinin bir mümkün yolu var. O da bundan ibarətdir ki, bu istəyi ortaya qoyan ölkələr sözdən işə keçməlidirlər: “Dolların bir nömrəli valyuta olması 1944-cü ildə BMT xətti ilə keçirilən beynəlxalq konfransda səs çoxluğu ilə qəbul edilib. Ona görə də dollardan imtina istəyində bulunan və BMT üzvü olan ölkələr bir araya gəlib məsələni Birləşmiş Millətlər Təşkilatının müzakirəsinə çıxarmalıdırlar. Təbii ki, bu zaman dollardan imtinanın əsaslandırılması ilə yanaşı, hesablaşmalarda dolların əvəzinə hansı valyutaya keçməklə bağlı inandırıcı bir təklif də ortada olmalıdır. Bir sözlə, bu, çox ağır və çox mürəkkəb bir məsələdir. Hesab edirəm ki, hələlik bu məsələ ayrı-ayrı dövlətlərin istəyindən başqa bir şey deyil. Ortada konkret heç bir təklif, heç bir layihə yoxdur. Tək istəklə belə qlobal məsələni həll etmək isə mümkün deyil. Əvvəldə dediyimiz kimi, bu gün istənilən ölkələr hesablaşmaları öz milli valyutaları ilə apara bilərlər. Ancaq son aylarda Türkiyə, İran və Rusiya milli valyutaları ilə daha çox siyasi motivlər əsasında baş verən ucuzlaşmaların hansı itkilər yaratdığını unutmaq olmaz”.

Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, ümumiyyətlə, İran İslam Respublikası qurulan zamandan onun siyasi rəhbərliyindən xarici ticarət əlaqələrində dollardan imtina etməsi haqqında siyasi bəyanatlar mütəmadi olaraq eşidilir. Son illər İrana tətbiq olunan ABŞ sanksiyalarının elan edilməsi ilə paralel, ölkənin xarici ticarət əlaqələrində dollardan imtina haqqında daha tez-tez İran rəsmilərindən daxili auditoriyaya yönəlik siyasi bəyanatlar eşidilir: “Dollar beynəlxalq valyuta sistemi inkişafının 4 pilləli mərhələsində sonuncusudur və müasir dünyada beynəlxalq ticari əlaqələri tənzimləyən tək valyutadır. Dünyanın hansı guşəsində ticari əlaqələrin aparılmasından asılı olmayaraq dollar dövlətlərarası ticarət əlaqələrində həm satqıdan, həm də alqıdan mənfəət götürən tək valyutadır və o, dünya iqtisadiyyatının onurğa sütununu təşkil edir .

Hələlik beynəlxalq valyuta və maliyyə sistemində eyni səviyyədə istifadə olunan ikinci bir valyuta yoxdur.

Əlbəttə, zaman-zaman ABŞ-la rəqib qütblərdə dayanan ölkələr dollar asılılığından imtina etmək üçün ikili münasibətlərdə bu valyutadan imtina qərarları almışlar və qısa bir müddətdən sonra isə bundan vaz keçiblər. Məhz bu günlərdə İranla İraq arasında ticarət əlaqələrində dollardan imtina edilməsi, milli valyuta və avro ilə ticarətə keçilməsi barədə razılıq əldə edilməsi də bu tip addımlardandır. İstər İran, istərsə də İraq dövləti maliyyə ehtiyatlarının 93 faizini dollarda saxlayır.

Qeyd edim ki, İran və İraq arasında ticari əlaqələrinin həcmi 8 milyarda yaxın bir məbləğdir.

İran İraq bazarına avtomobil və onların ehtiyat hissələri, məişət texnikası idxal edir. Paralel olaraq hər il İrandan bu ölkəyə 2-3 milyondan çox zəvvar gəlir ki, onların ölkəyə gətirdikləri xarici valyuta kifayət qədər böyük məbləğdir.

Sirf İranla İraq arasında ticari əlaqələrin dollarla deyil, milli valyutalarla və ya barterlə aparılmasının mümkünlüyü haqqında danışsaq, qeyd edim ki, bir sıra kiçik həcmli əməliyyatlarla aparılan məhsullara bunun tətbiqi mümkündür. Məsələn, daxildə iaşə və xidmət və ya gündəlik istifadə olunan qida və ya tekstil sahəsində bu mümkündür. Lakin genişmiqyaslı ticari əlaqələr üçün bu yanaşmanın tətbiqi ziyanlıdır. Belə ki, iki ölkə arası genişmiqyaslı ticari əlaqələrin və maliyyə əməliyyatlarının avro ilə aparılması üçün tərəflər bu valyutanın əldə edilməsi üçün mübadilədə dollardan istifadə etməli olacaqlar. Çünki Avropa Mərkəzi Bankı nə İran realını, nə də İraq dinarını mübadilə üçün baza valyutası kimi tanımır. Bu halda tərəflər ticari əlaqələr məqsədilə avro əldə etmək üçün mübadiləyə artıq maliyyə vəsaiti xərcləməlidirlər. Bu addımın isə iqtisadi prespektivi yoxdur".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26