Interposta.Info

“Dünya neft bazarı İrandaxili təlatümə hazır deyil” -Elnur Soltanov

İqtisadiyyat
 28-06-2018, 09:24     10 346

“Sanksiyaların təsiri hesaba alınıb”
ABŞ hökuməti bütün dünya şirkətlərinin noyabrın 4-dək İrandan neft alışını tam dayandıracağını gözləyir. Əks halda, onlar ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsiri altına düşəcəklər.

“Amerikanın səsi” xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi məlumat verib. Departament nümayəndəsi bildirib ki, avropalı diplomatlarla görüşərək prezident Trampın İrana qarşı bərpa olunan sanksiyalarla bağlı məsələyə çox ciddi yanaşdığını onların nəzərinə çatdırır.

Yüksək çinli məmur onu da deyib ki, bütün şirkətlərin İran neftinin alışını dayandırması zamanı gəlib çatıb və bu, yalnız Avropaya deyil, Hindistan, Çin və Türkiyəyə də aiddir. Bu ölkələrin rəsmi şəxsləri ilə hələ danışıqlar aparılmayıb və ABŞ tezliklə bu danışıqları başlatmaq niyyətindədir.

Onu da qeyd edək ki, Böyük Britaniya, Fransa, Almaniya və bütövlükdə Avropa Birliyi ABŞ-ın İranla nüvə razılaşmasının qəti əleyhinə çıxıblar. Onlar İrandakı şirkətlərini “ikincili sanksiyaların” təsirindən qorumaq niyyətindədilər.

ABŞ-ın İrana qarşı sanksiyalarının dünya neft bazarına hansı təsirləri ola bilər? İran nefti bazardan çıxarsa, bu, qiymət bahalaşmasına gətirib çıxara bilərmi?

Sualları cavablandıran ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov “Yeni Müsavat”a bildirib ki, 2015-ci ildə sanksiyalar götürüldükdən sonra İranın dünya bazarına çıxardığı əlavə neftin həcmi gündəlik 1 milyon bareldir: “Sanksiyalardan sonra ən pis halda bazardan bu qədər neft azalacaq. Lakin bu proses xeyli vaxt aparacaq, yəni tədricən gedəcək. Çünki neft bu gün alınıb-satılan bir məhsul deyil. Bu gün yaxın bir neçə aydan sonranın alqı-satqısı həyata keçirilir, bu proses isə uzunmüddətli müqavilələrlə tənzimlənir. Yəni ABŞ-ın qərarı artıq bağlanmış olan müqavilələrə aid edilməyəcək. Digər tərəfdən, Avropa ölkələri ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasını heç də legitim bir qərar hesab etmirlər. Bu baxımdan, onlar birbaşa ABŞ-a qarşı çıxmasalar da sanksiyalara qoşulmaqda elə də həvəsli olmayacaqlar. Bütün bunlar o deməkdir ki, İran neftinin dünya bazarından çıxması yaxın aylarda mümkün olmayacaq”.

E.Sultanov hesab edir ki, ötən həftə OPEK-in gündəlik hasilatın 1 milyon barel artırılması qərarı ABŞ-ın İrana qarşı sanksiyaları nəzərə alınaraq qəbul edilib: “Düzdür, Kanadada da qəza baş verib - keçici də olsa təsiri var. Eyni zamanda Venesuelada vəziyyət heç də yaxşı deyil. Lakin burada əsas hədəf İran idi. Səudiyyə Ərəbistanı İranla rəqib olduğuna görə bazarda qiymətin yüksəlməsinə imkan vermək istəmir. Çünki bu artım İranın mənafeyinə uyğun olar, onun siyasi cəhətdən zəifləməsinin qarşısını alar. Buna görə də hasilatın artırılması qərarı Səudiyyə Ərəbistanından dünyaya bir mesaj idi ki, qorxmayın, İrana olan sanksiyalar dünya bazarında neftin qiymətini yüksəltməyəcək. Biz əskik olan neftin bazara çıxarılmasını təmin edəcəyik, siz İrana qarşı sanksiyaları rahat həyata keçirin. Buna görə də düşünürəm ki, bazarda qiymətlərə təsir göstərəcək əsas amil İran daxilindəki vəziyyət olacaq. Burada vəziyyət qarışarsa, təlatümlər üzündən bazara daha az neft çıxarılarsa, onda qiymətlərdə artımlar ola bilər. Çünki bu variantı bazar hələ hesablamayıb. İrana qarşı sanksiyalar bazar oyunçuları tərəfindən artıq nəzərə alınıb - onlar uzağı qiymətə 2-3 dollar təsir göstərə bilər. Bazarın hesablamadığı amil irandaxili vəziyyətdir ki, orada artıq narazılıqlar qeydə alınır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26