Interposta.Info

Vaşinqton İrandan neft alınmasını yasaqladı

Siyasət
 23-04-2019, 08:33     10 384

Tramp administrasiyası noyabrda 8 ölkəyə İrandan neft almaqla bağlı verilən razılığı ləğv etdi; Tehranın neft satışının yarıbayarı azalacağı gözlənilir
ABŞ İrandan neft alınmasına icazə verən limiti ləğv edib. Ağ Ev bəyan edib ki, sanksiyalardan sonra İrandan neft alınmasına güzəşt edilən 8 ölkə mayın 2-dən etibarən İrandan neft almağı dayandırmalıdır.

Xatırladaq ki, ötən il noyabrın 4-də Vaşinqton İrana qarşı neft embarqosu elan edib və bu qərara əsasən İrandan neft alan ölkələr Vaşinqtonun sanksiyalarına məruz qalacaq. ABŞ hökuməti yalnız 8 ölkəyə - Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana 6 ay müddətinə Tehrandan neft almaq haqqı tanımışdı. Lakin ötən gün “Vaşinqton Post” qəzeti etibarlı mənbəyə istinadən Ağ Evin bu qərarı mayın 2-dən etibarən ləğv edəcəyini yazmışdı. İndi isə belə anlaşılır ki, artıq qərar rəsmən elan olunub.

ABŞ hökuməti İranın əsas gəlir qaynaqlarından olan neft satışını məhdudlaşdırmaqla Tehranın iqtisadi və maliyyə gücünü zəiflətməyə çalışır. Bir neçə gün əvvəl isə prezident Tramp İranın əsas hərbi gücü hesab olunan İnqilab Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı elan edib.

Doğrudur, bir çox ekspertlər İranın neft satışının tamamilə dayandırılacağına inanmır. Çünki 8 ölkə siyahısında əsas yerdə Çin gəlir. Hansı ki, Pekinin bu qərara tabe olması gözlənilmir. Lakin siyahıda yer alan ölkələrin əksəriyyəti ABŞ-la yaxın əlaqələri olan və iqtisadi əməkdaşlığı olan ölkələrdir. Onların Ağ Ev sanksiyalarına tabe olacağı gözlənilir. Bu isə ekspertlərə görə, mart ayında gündəlik 1,9 milyon barel neft ixrac edən İranın ixracatının 1 milyona enəcəyi deməkdir.

Ancaq o da məlumdur ki, hətta Hindistan kimi ABŞ-la yaxın ölkələr belə bu qərara isti yanaşmır və Tehrandan neft alışını davam etdirmək istəyir. Xüsusən də Avropa Birliyinin aparıcı ölkələri olan Fransa və Almaniya da bu qərara isti yanaşmır. Hələ ötən ilin avqustunda Avropa Birliyi elan etdi ki, Tehranla birlikdə bu sanksiyaları ləğv etmək üçün çalışacaq. Hətta bu istiqamətdə bir sıra addımlar da atıldı.

Daha bir tərəddüdlü ölkə Türkiyədir. Baxmayaraq ki, hazırda Ankara və Vaşinqton xəttində soyuq küləklər əsir, lakin iki ölkə arasında ciddi iqtisadi tərəfdaşlıq var. Yəni Ankaranın Vaşinqtonun qərarına qarşı gəlməsi bir qədər çətin olacaq. Baxmayaraq ki, ötən həftə Ankarada İran XİN rəhbəri Cavad Zəriflə görüşən xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Vaşinqtonun Türkiyəni İrana qarşı sanksiyalardan azad edəcəyinə inanır. Eyni zamanda Çavuşoğlu Vaşinqtonu bu sanksiyaların zərərlərinə inandıracaqlarını demişdi. Lakin belə görünür ki, bunu etmək fürsətləri olmayıb. Çünki Ağ Ev hələlik 8 ölkənin heç birini istisna etməyib.

Yeri gəlmişkən, martın sonlarında ilk dəfə ABŞ Maliyyə Nazirliyi Türkiyədən bir şirkət və bir fiziki şəxsi İranla gizli pul transferlərində ittiham edərək sanksiya siyahısına daxil edib.

Ancaq indi yalnız 8 ölkə deyil, dünyanın geri qalan ölkələrini də düşündürən sual var: İran nefti olmasa bazarda bahalaşma ola bilərmi? Təbii ki. Bu vəziyyət neft ölkələri üçün fürsət, alıcı ölkələr üçünsə riskdir. Doğrudur, Vaşinqton alıcı ölkələri əmin edir ki, İranın yaratdığı boşluğu Səudiyyə Ərəbistanı və BƏƏ dolduracaq. Çünki hazırda bazarda təklif tələbi üstələdiyi üçün İranın satmadığı nefti başqa ölkələr satacaq və bu zaman bahalaşma yaranmayacaq.

Qeyd edək ki, BBC-nin məlumatına görə, İrandan Çin gündəlik olaraq 360 min, Hindistan 300 min, Cənubi Koreya 200 min, Yaponiya 108 min, Türkiyə 60 min barel neft alıb. Yalnız Tayvanın aldığı neftin həcmi bilinmir. OPEC-in isə hansı qərarı verəcəyi məlum deyil. Yalnız Səudiyyə Ərəbistanı yaranmış boşluğu doldura biləcəklərini açıqlayıb. Krallığın enerji naziri Xalid əl-Fali bildirib ki, yaxın həftələrdə digər ixracatçılarla birlikdə lazımi neft həcmini təmin etmək üçün əməkdaşlıq edəcəklər.

İran isə daha əvvəl bildirib ki, embarqolara rəğmən neft satışını davam etdirəcək. Eyni zamanda rəsmi Tehran neft satışına qoyulan embarqoya cavab olaraq dünya enerji bazarının böyük bir hissəsi, Yaxın Şərqdə istehsal olunan neftin təxminən 40 faizinin ixrac olunduğu Hörmüz boğazını bağlayacağı ilə təhdid edib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26