Interposta.Info

İrandan xəbərdarlıq: ya neft satışı, ya nüvə silahı...

Dünya
 7-09-2018, 09:10     10 475

Əgər İran noyabrın 4-dən sonra neft ixrac edə biləcəksə, nüvə sazişindən çıxmayacaq, əks halda...

Avropa İranla nüvə sazişinin qorunması üçün noyabrın 4-dək lazımi tədbirlər görməlidir. Bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib. Onun sözlərinə görə, əgər ABŞ sanksiyalarının bərpa olunmasından sonra Avropa İranla sazişin qorunması üçün zəruri addımlar atmasa, İranın bu sazişdə iştirakının mənası qalmır.

Nazir müavini bildirib ki, əgər İran noyabrın 4-dən sonra neft ixrac edə biləcəksə, nüvə sazişindən çıxmayacaq.

İranın neft ixracının qarşısının alınması təhlükəsinin nə dərəcə ciddi olduğunu A.Əraqçının bəyanatı bir daha ortaya çıxarmış olub. Bu barədə “Yeni Müsavat”a şərhində politoloq Qabil Hüseynli qeyd etdi ki, hazırda İran üçün ən əhəmiyyətli məsələ neft satmaqdır. Çünki neft gəlirlərindən məhrum olması İranın iqtisadiyyatına, əhalinin güzəranına ciddi mənfi təsir edir: “ABŞ-ın Baraka Obama hakimiyyəti zamanında İranla bağladığı nüvə sazişinin İranın nüvə silahına yiyələnməsinin qarşısını ala bilməyəcəyi indi daha çox aydın görünür. Eyni zamanda o da aydın görünür ki, hələ sanksiyaların ilk dalğası belə, İran iqtisadiyyatında böyük gərginlik yaratmaqdadır. Xarici işlər nazirinin müavini Abbas Əraqçının şərt formasında bu açıqlaması əslində bu gərginlikdən doğan narahatlıqdandır. İran hökuməti çox ciddi ehtiyat edir ki, proses bu şəkildə davam etsə və noyabrın 4-dən sonra yeni sanksiyalar da tətbiq edilməyə başlasa, iqtisadi durum daha da ağırlaşar, nəticədə əhali ayağa qalxar və ölkə inqilab dalğası ilə üz-üzə qala bilər. Bu səbəbdən də mümkün olan bütün kompromislərə yavaş-yavaş da olsa getmək iradəsində olduqlarını hiss etdirməyə başlayıblar”.

Politoloqun fikrincə, əgər bu gün İran nüvə sazişindən çıxmayacağını elan edirsə, bu, onu göstərir ki, İran gələcəkdə yeni nüvə sazişinə də gedə bilər: “Əslində İranın nüvə sazişindən çıxıb-çıxmaması Qərb ölkələri üçün o qədər əhəmiyyətə malik deyil. Əsas məsələ ondan ibarətdir ki, elə nüvə sazişi imzalansın ki, orada həm İranın, nüvə silahına sahiblənməsi imkanları aradan qaldırılsın, həm də İran İslam inqilabının yayılması ilə məşğul olan ideologiyadan əl çəksin. İran isə neftinin satışının qarşısının alınmaması üçün belə bir nüvə sazişinə getmək məcburiyyətində qala bilər. İranın kompromisə getməkdən başqa yolu qalmır. Əks halda, neftini satmaq problemi ciddiləşəcək. İranın hələ ki indiyə qədər təklif etdiyi kompromislər nə ABŞ-ı, nə də onun müttəfiqlərini təmin etmir. Ona görə də Tehran yeni təkliflərlə çıxış etməlidir. Yəqin edəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26