Interposta.Info

Büdcəyə nəzərdə tutulan dəyişikliklərdə qeyri-neft sektorunun inkişafı diqqətdən kənar qalır?

İqtisadiyyat
 22-06-2018, 19:22     10 402

Ekspert: “Neftdən asılılığın yenidən möhkəmlənməsi cənab prezidentin “Nefti unudun!” siyasətindən geri çəkilmək deməkdir”

“Böyük neft gəlirləri vaxtında olduğu kimi, büdcədən vəsait ayrılması şirkətləri arxayınlaşdırır”.

"XeberBiz" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Azər Mehtiyev 2018-ci ilin dövlət büdcəsinə nəzərdə tutulan dəyişikliklər layihəsinə münasibət bildirərkən Pia.az-a açıqlamasında qeyd edib.

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində büdcə xərclərinin artırılması müzakirə edilir. İclasda 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə edilir. İclasda adıçəkilən komitənin üzvləri ilə yanaşı, Maliyyə, Vergilər, İqtisadiyyat nazirliklərinin təmsilçiləri, Hesablama Palatasının sədri də iştirak edir. Dyişikliyə əsasən, dövlət büdcəsinin xərclər hissəsinin 2 milyard 13 milyon manat artırılması, neftin qiymətinin isə 55 dollar götürülməsi nəzərdə tutulur.

Bəzi ekspertlər hesab edirlər ki, büdcə dəyişiklikləri prosedur baxımından pozuntularla həyata keçirilir, həmçinin indiki dəyişikliklər 2015-ci ilə qədərki büdcə-vergi siyasətinə qayıdış deməkdir. Bununla yanaşı ekspertlər hesab edirlər ki, dünya bazarında neftin qiymətinin artmasından sonra 2018-ci il büdcəsində nəzərdə tutulan dəyişikliklərdə neftdən asılılıq yenidən gücləndirilir. İddialara əsasən dəyişikliklər əsasən kooperativ maraqlara xidmət edir və büdcənin yeni dəyişiklik layihəsində daha çox tikinti sektoruna pul ayrılır. Eyni zamanda neftdən asılılığın gücləndirilməsinin 2016-cı ildən başlanmış siyasətin ləğvi demək olduğunu bildirirlər.

Azər Mehtiyev: “Bu dəyişiklik neftdən asılılığı artırmaqla yanaşı, hökumətin 2016-cı ildə bəyan etdiyi dövlət büdcəsinin Neft Fondundan transferlərini tədricən azaltmaq xəttinə ziddir”.

Neftdən asılılığın möhkəmlənməsinin şirkətlər arasında arxayınlıq yaratdığını bildirən iqtisadçı ekspert Azər Mehtiyevə görə, bu addım qeyri-neft sektorunun inkişafına da mane olacaq:

“Doğrudan da neftin qiyməti artan kimi hökumət yenidən büdcə xərclərini artırmaq xəttinə üstünlük verib. Artırılan büdcə xərcləri əsasən Neft Fondundan transfer və neftin qiymətinin yüksək olması fonunda şirkətlərin verəcəyi verginin hesabına baş verir. Verilən məlumatlardan da görünür ki, büdcədə baş verən artım bu iki mənbə hesabına baş tutacaq. Bu dəyişiklik neftdən asılılığı artırmaqla yanaşı, hökumətin 2016-cı ildə bəyan etdiyi dövlət büdcəsinin Neft Fondundan transferlərini tədricən azaltmaq xəttinə ziddir.

Faktiki olaraq, hökumət öz mövqeyindən geri çəkilib və yenidən Neft Fondundan transfer qərarı verib. Eyni zamanda dəyişiklik hökumətin xərclərinin artması deməkdir. Artan xərclərin səmərəli istifadəsi isə hələ də problem olaraq qalır. Çünki xərclərin əsas hissəsi dövlət və nizamnamə kapitalı adı altında neft şirkətlərinə verilir. Təəssüf ki, bu addımlar ölkə iqtisadiyyatında neft sektorunun inkişafına təkan vermir.
Neftdən asılılığın yenidən möhkəmlənməsi cənab prezidentin “Nefti unudun!” siyasətindən geri çəkilmək deməkdir. Böyük neft gəlirləri vaxtında olduğu kimi, büdcədən vəsait ayrılması şirkətləri arxayınlaşdırır. Bu isə qeyri-neft sektorunda inkişafın qarşısını almağa səbəb olacaq amilərdən biridir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26