Vahid Əhmədov: “Mən gələn ilin dövlət büdcəsinə riskli büdcə demişəm”
Millət vəkili: “Mən gələn ilin dövlət büdcəsinə müəyyən qədər riskli büdcə demişəm. Çünki bildiyimiz kimi bizim büdcə neftdən asılıdır”
“Biz bütün görülən işlərin gəlirlərin 3-5 ildən sonra hiss edəcəyik. Buna görə də gələn ilin büdcəsi neftin qiymətindən asılıdır”.
Bu sözləri millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hökümətin iqtisadi qanadının fəaliyyətini Pia.az-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər qanun layihələri müzakirəyə çıxarıldı. Qeyd edildi ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 2017-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,3 milyard manat, xərcləri isə 3 milyard manat çox olacaq. Əvvəlki illərdə olduğu kimi, büdcənin sosialyönümlülüyü saxlanılır. Gələn ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 33,5 faiz və ya 7 milyard manat proqnozlaşdırılır. Bu, 2017-ci ilə nisbətən 2,2 faiz çoxdur. Bildirildi ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barrel səviyyəsində götürüləcək ki, bu da 2017-ci ildəki analoji baza qiymətindən 12,5 faiz və yaxud 5 dollar/barrel çoxdur. Həmçinin qeyd edildi ki, Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23223,2 milyon manat məbləğində proqnozlaşdırılır.
Büdcə layihəsində Neft Fondundan transferin miqdarının artırılması bir çox ekspertlər tərəfindən narahatlıqla qarşılanır və Milli Məclisdə müzakirə zamanı çıxış edən bir çox deputatlar iqtisadiyyatda neftin dominat rolunun saxlanılmasını təhlükəli hal kimi qiymətləndiriblər. Bu həm də qeyri neft sektorunun unkişafında ciddi axsamaların olduğunun göstəricisi kimi qəbul edilməkdədir. Bu isə eyni zamanda hökümətin iqtisadi qanadının fəaliyyətində ciddi nöqsanların olmasının göstəricisidir.
Hökümətin iqtisadi qanadının fəaliyyətini necə dəyərləndirmək olar? Ümumilikdə Prezidentin həyata keçirdiyi islahatlar çərçivəsində 2018-ci il prezident seçkilərindən sonra hökümətin iqtisadi qanadında ciddi dəyişikliklər gözləmək olar?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova müraciət edib.
Vahid Əhmədov: “Aparılan islahatların nəticəsi olaraq müəyyən nazirliklər birləşdirilir və bu proseslər davam də edəcək”.
Müzakirələr zamanı əsas məsələlərdən birinin də Neft Fondundan transferin miqdarının artırılmasının olduğunu qeyd edən millət vəkili Vahid Əhmədov açıqlamasında bildirib ki, keçən il neft fondundan transfer 6.1 milyard olubsa, 2017-2018-ci illərdə bu tranfer 9.2 milyard oldu. Bu çox narahat olunası məsələdir:
“Mən gələn ilin dövlət büdcəsinə müəyyən qədər riskli büdcə demişəm. Çünki bildiyimiz kimi bizim büdcə neftdən asılıdır. Baxmayaraq ki, qeyri-neft sektorunda ciddi işlər görülür, İqtisadi İnkişaf Nazirliyi çox böyük layihələr həyata keçirdir vəs. işlər görülür. Amma biz bütün görülən işlərin gəlirlərin 3-5 ildən sonra hiss edəcəyik. Buna görə də gələn ilin büdcəsi neftin qiymətindən asılıdır. Bir sözlə gələn ilin büdcəsi 55-60 faiz faktiki olaraq neftdən asılı büdcədir.
Onu da qeyd edim ki, müzakirələr zamanı ən çox bizi narahat edən məsələ Neft Fondundan transferin miqdarının artırılması oldu. Bu barədə fikrimizi bildirdik ki, keçən il Neft Fondundan transfer 6.1 milyard olubsa, 2017-2018-ci illərdə bu tranfer 9.2 milyard oldu. Bu çox narahat olunası məsələdir. Daha bir ciddi məsələ isə rəqabət məcələsinin qəbul edilməsidir. Yəni biz hökümətdən tələb etdik ki, 2018-ci ildə bazarda azad rəqabət formallaşsın.
Hökümətdə dəyişikliklər həmişə cənab Prezident tərəfindən aparılır. Məsələn bildiyimiz kimi 2017-ci ildə konstitusiyamızda dəyişiklik edildi və müəyyən qanunlar qəbul edildi. Bu dəyişiklik Prezident Aparatında da, Nazirlər Kabinetində də, hökümətin tərkibində də gedir. Həmçinin aparılan islahatların nəticəsi olaraq müəyyən nazirliklər birləşdirilir və bu proseslər davam də edəcək. Bu cür prosesləri də birdənbirə aparmaq çox çətindir. Çünki müəyyən problemlər yaradır. Buna görə də cənab Prezident özünün siyasətinə uyğun olaraq bu dəyişiklikləri həyata keçirdir”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26