Interposta.Info

“Büdcəyə son dəyişikliklər məntiqə və qanuna uyğundur” -

İqtisadiyyat
 25-06-2018, 09:27     10 439

Maliyyə naziri Samir Şərifov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, büdcə üçün xam neftin 1 barelinin proqnoz satış qiymətinin 45 dollardan 55 dollara artırılması nəzərdə tutulur. Bu ilin dövlət büdcəsində xərclər isə 2 milyard 14 milyon manat artırılır. Yəni dövlət büdcəsinin xərcləri 23 milyard manatdan çox olacaq.

Məlumatlara görə, Şərq-Qərb dəmir yolu dəhlizinin yenidənqurulması üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə 100 milyon, kənd təsərrüfatına dövlət qayğısının artırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 98 milyon manat ayrılacaq. Təbii fəlakətlərin nəticələrinin daha çevik aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi və turizmin inkişafı üçün Dövlət Turizm Agentliyinin hərəsinə 20 milyon manat ayrılması da nəzərdə tutulub. “Ümid”, “Babək”, “Qarabağ” yataqlarının işlənməsi üçün isə 663 milyon, ordu xərcləri üçün əlavə təxminən 200 milyon manat ayrılması da planlaşdırılıb.

Maraqlıdır, 2018-ci ilin Dövlət büdcəsində dəyişikliklərin aparılması hansı zərurətdən irəli gəlir? Bu sualla keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifova müraciət etdik.

F.Yusifov bir neçə səbəb göstərdi: “Büdcə sistemi haqqında” Azərbaycan respublikasının qanununun 23-cü - “Dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr tətbiq olunması” maddəsinə uyğun olaraq Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri və kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar müəyyən olunmuş rüblük göstəricilərdən kənarlaşdıqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların qanunvericiliyin imkan verdiyi çərçivələrdə dəyişikliklər aparmaq yolu ilə aradan qaldırılması mümkün olmadıqda, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. Bu zaman nəzərə alınan əsas kriteriyalardan biri büdcənin gəlirləri üzrə proqnozların icrası vəziyyətidir. İlk öncə onu deyək ki, xərclərin artırılmasını nəzərdə tutan dəyişiklikləri etmək üçün büdcəyə əlavə gəlir mənbələrinin müəyyənləşdirilməsi lazımdır. Yəni yeni gəlir mənbələri müəyyən etmədən xərcləri artırmaq mümkün deyil. Bizim halda bu mənbələrdən biri və ən əsası neftin qiymətlərinin büdcədə nəzərdə tutulduğundan 1,7-1,8 dəfəyə qədər yüksəlməsi hesabına əldə edilən gəlirləridir. Bu imkan verir ki, büdcədə bir barel neft üçün nəzərdə tutulmuş qiymət 45 ABŞ dollarından 55 dolara qədər qaldırılsın. Bu isə büdcəyə əlavə gəlirlərin daxil olması deməkdir. Cari ilin ötən beş ayı ərzində qeyri-neft sektorundan və bütövlükdə Əlavə Dəyər Vergisindən daxilolmalar sahəsində heç bir problem yaşanmayıb və hər iki istiqamət üzrə proqnozlara artıqlamasilə əməl olunub. Bu iki istiqamət üzrə vergi proqnozlarının dürüstləşdirilmiş büdcədə azaldılmasının real səbəbləri isə tamamilə başqadır. Burada söhbət Vergilər Nazirliyinin yeni rəhbərliyinin vergi ödəyiciləri ilə işləri yeni müstəviyə çıxarmasından gedir. Dəyişikliyin mahiyyəti vergilərin yığılmasındakı inzibati metodlardan imtina edilməsi və bunun əvəzində vergi ödəyiciləri ilə vergi yığanlar arasında sağlam bir mühitin formalaşmasından ibarətdir. Vergilər nazirliyinin yeni rəhbərliyinin formalaşdırdığı bu sağlam mühit artıq öz bəhrəsini verib və qeyd etdiyimiz kimi bu da öz növbəsində vergi proqnozlarının artıqlamasilə icra olunmasına imkan yaradıb. Azalmalar isə vergi ödəyicilərinin artıq ödəmələrini balanslaşdırmaq məqsədilə edilib.

Büdcənin artırılan xərclərində SOCAR-a büdcədən vəsait ayrılması məsələsinə gəlincə, ekspert bunları dedi: “Bu gün SOCAR Azərbaycanın ən böyük dövlət şirkətidir. Azərbaycan hökumətinin son 20 ildə reallaşdırdığı regional əhəmiyyətli ən böyük layihələr bilavasitə SOCAR-n iştirakı ilə həyata keçirilibdir. Azərbaycanın iqtisadi qüdrətinin formalaşmasında SOCAR-n rolu əvzolunmazdır. İndi bu şirkəti bütün dünyada tanıyırlar. Şirkət bu gün bir çox ölkələrdə böyük layihələr reallaşdırır və bu imkan verəcək ki, yaxın gələcəkdə SOCAR transmilli bir korporasiyaya çevrilsin. Hədəflər çox böyükdür. Bu mərhələdə ona dövlətin dəstək verməsini tam təbii və normal qarşılamaq lazımdır. Hökumət və onun büdcəsi yaxın gələcəkdə indi göstərdiyi maliyyə dəstəyinin qarşılığını bu dövlət şirkətindən on dəfələrlə artıq ala biləcək. Büdcən müdafiə ilə bağlı xərclərin 166,5 milyon manat artırılması müharibə vəziyyətində olan bir ölkə üçün tam başadüşüləndir. Dağlıq Qarabağ probleminin həllində ikili standartların yaratdığı zor durumda bizim özümüzə, öz gücümüzə güvənməkdən başqa yolumuz yoxdur. Sosial müdafiə xərclərinin145,8 milyon manat artması isə bu ilin əvvəlindən əmək haqlarının və pensiyaların artırılması nəticəsində yaranan əlavə xərcləri örtməyi nəzərdə tutur. Bir sözlə 2018-ci ilin Dövlət büdcəsində edilən dəyişikliklər məntiqə və qanuna tam uyğundur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26