Qubad İbadoğlu: “Bankların bağlanması çıxış yolu deyil”
Mütəxəssislər bu sektorda sağlamlaşdırma yollarını göstərdilər
Ölkədə bank sektoru xeyli sayda çətinliklə üzləşib. Bir çox mütəxəssislər bu sektoru 2018-ci il üçün iqtisadiyyatın ən problemli sahəsi kimi qiymətləndirirlər.
Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycanda daha bir bank - “Dəmirbank” bağlanıb. Beləliklə də bağlanan bankların sayı 13-yə çatmış oldu. Əksər mütəxəssislər hesab edirlər ki, bankların bağlanması prosesi bu il də davam edəcək. Bəzi rəylərə görə, 2018-ci ildə daha 4-5 bankın lisenziyası ləğv olunacaq. “Moody’s” beynəlxalq reytinq agentliyinin mütəxəssisləri qeyd edirlər ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır: “Manatın devalvasiyasından sonra problemli bankların aktivlərinin keyfiyyəti pisləşib. Hazırda bağlanmaq təhlükəsi ilə üzləşən banklar səhmdarlar və daha güclü bazar iştirakçıları tərəfindən kapital inyeksiyası həyata keçirilməsinə baxmayaraq minimum kapital adekvatlığı əmsalına cavab verməyən banklardır. Buna görə də sektorun zəif oyunçuları 2018-ci ildə bazarı tərk edəcək”. (APA)
Agentlikdən verilən açıqlamada o da qeyd olunub ki, hazırda Azərbaycanın bank sektoru ilə bağlı proqnoz neqativdir: “Bu proqnoz onu göstərir ki, mövcud şəraitdə banklar ödəmə qabiliyyəti riskləri ilə üzləşməkdə davam edəcək. Neft qiymətlərinin yüksəlməsi tədricən iqtisadi inkişafa və manatın məzənnəsinin sabitləşməsinə dəstək olub. Buna baxmayaraq, bankların milli valyutada likvidlik problemi davam edir. Bundan başqa, problemli kreditlərinin həcmi də yüksək olaraq qalır”.
Göründüyü kimi, xarici mütəxəssislər də Azərbaycanın bank sektorunun üzləşdiyi çətinlikləri qiymətləndirərkən likvidlik, problemli kreditlərin həcminin maksimum həddə çatması kimi məsələləri qeyd edirlər.
İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, 13 bankın bağlanması ölkədə bütövlükdə bank sektoruna inamı sarsıdıb ki, bu da əsas problemlərdən biridir: “Digər bir məsələ bankların özlərinin şəffaflığı və hesabatlığı problemidir. Bu istiqamətdə də ciddi çətinliklər mövcuddur, xüsusilə bank məlumatlarına çıxış imkanları məhduddur. Hətta öz səhmdarlarına, professional təşkilatlarına belə informasiyalarını açıqlamayan banklar var. Bankların əsas çətinliklərindən biri də problemli kreditlərin artması ilə bağlıdır. Belə kreditlər son bir ildə 35 faizə yaxın - təxminən 500 milyon manat artaraq 2 milyard manata çatmaq üzrədir. Problemli kreditlərin ümumi kredit portfelindəki payı 15 faizi ötüb”.
İqtisadçı-alimin sözlərinə görə, kredit qoyuluşlarının aşağı düşməsi də ciddi problemlərdən biridir. Bu, problemli kreditlərin artması və kredit faizlərinin yüksək olması ilə izah oluna bilər: “İqtisadiyyatda kredit qoyuluşlarının aşağı düşməsi həm də biznes və sahibkarlıq mühitində işgüzarlığın azalması ilə də əsaslandırıla bilər. Kredit qoyuluşları azalırsa, demək, faiz gəllirləri də azalır. Bu isə bankların faiz gəlirlərinin aşağı düşməsi, onların xalis mənfəətinin azalmasına gətirib çıxarır. Bankların bir problemi də oliqapoliydır. Bütövlükdə bazarı 5 bank arasında bölmək olar: ”Beynəlxalq Bank" hələ də hökmran mövqeyini qoruyub saxlayır. Bundan əlavə, “PaşaBank”, “Kapitalbank”, “Xalqbank” və “Azərbaycan Sənaye Bankı” əsas aktivlərə malik olan banklardan hesab olunur. Bu bankların ümumi aktivləri bütövlükdə bank bazarındakı aktivlərin 80 faizinə yaxınını təşkil edir. Bu isə bank sektorunda təmərküzləşmənin mövcudluğunu, oliqapollaşmanın gücləndiyini söyləməyə əsas verir. Ötən ilin 9 aylıq yekunlarına əsasən bankların kapitallaşma səviyyəsinin aşağı olması da əsas problemlərdən biri sayılır. Belə problemi olan banklardan birincisi - “Dəmirbank” artıq bağlanıb. Daha bir neçə bankın kapitalı da 50 milyon manatdan aşağıdır. Belə bankların sayı 5 civarındadır. Bu da bankların bağlanması, təmərküzləşməsi prosesinin davam edəcəyini söyləməyə əsas verir. Bankların xalis əməliyyat mənfəətləri azdır, qeyri-faiz gəlirləri aşağıdır. Bütün bunlarla yanaşı, faiz gəlirləri də problemli kreditlərin artması baxımından aşağı düşməkdədir. Qeyri-faiz və faiz xərcləri də artır. Düzdür, banklar çalışırlar xərclərini rasionallaşdırsınlar və bu da son zamanlar onlarda işçilərin sayının azalması ilə müşayiət olunur. Amma bütövlükdə deyərdim ki, xərclərin azalması heç də bank sektorunda olan mövcud problemlərin aradan qaldırılmasına imkan vermir. Buna görə də bu il ərzində bankların sağlamlaşdırılması prosesi davam etdirilməlidir. Çox güman ki, bu il və gələn il ərzində bankların sayı 25-dək azalsın".
Ekspertə görə, bankların böyük problemlərindən biri də likvidliklə bağlıdır: “Bankların likvidlik problemi var. Depozitə yığdıqları vəsaitləri belə yerləşdirə bilmirlər. Depozitləri yerləşdirib gəlir əldə etməyəndə faizlərin ödənməsi mümkün olmur, bankın ümumi maliyyə vəziyyəti pisləşir. Bankların bağlanması iləsə bu depozitləri qaytarmaq Əmanətlərin Sığortalanması Fondunun timsalında dövlətin üzərində qalır”.
Q.İbadoğlu hesab edir ki, bankların bağlanması çıxış yolu deyil: “Düşünmürəm ki, bağlanan bankların hamısı maliyyə vəziyyətinin dəhşətli dərəcədə pis olmasına görə bağlanıb. Burada başqa amillər də rol oynayıb. Mümkün olan qədər bankların sağlamlaşdırılmasına çalışılmalıdır. Bunun üçün fərdi proqramlar olmalıdır. Bu proqramlar Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə həyata keçirilməlidir. Bankların özlərində şəffaflıq və hesabatlılıq gücləndirilməlidir. Onlar daha çox müasir korporativ idarəetmə metodları tətbiq etməlidirlər. Digər tərəfdən, bank sektorunda istehlakçıların hüquqlarının qorunması sahəsində də ciddi işlər görülməlidir. Bundan əlavə, müştərilər arasında maliyyə savadlılığının artırılması da diqqətdə saxlanmalıdır”.
Milli Məclisin üzvü, millət vəkili Vahid Əhmədov hesab edir ki, bankların bağlanması yanlış siyasətdir: “Bankların bağlanması ciddi problemlər yaradır. Banklarda qalan əmanətləri dövlət ödəməli olur. Yaxud da sığortalanmayan əmanətlərlə bağlı vətəndaşlar ciddi çətinliklərlə üzləşirlər, məhkəmələrə müraciət olunur. Buna görə də ən yaxşı yol bankların birləşməsidir. Biz dəfələrlə bildirmişik ki, maliyyə durumu pisləşən banklar birləşsinlər. Birləşsinlər ki, kapital olsun, likvidlik olsun, kredit bazası olsun. Məndə olan məlumata görə, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası banklar üzərində çox ciddi işləyir. Çünki dövlət başçısının göstərişi var ki, banklarda bu il sağlamlaşdırma prosesi başa çatmalıdır. Buna görə də inanmıram ki, bu il bank sektorunda hansısa ciddi problem yaransın. Ola bilər ki, yenə də 1-2 bankı bağlasınlar. Amma mənim məsləhətim budur ki, bağlamaqdansa, diqqəti bankların birləşdirilməsinə yönəltmək lazımdır”.
Millət vəkilinin fikrincə, iri banklara dövlət dəstəyi göstərilməklə onları vəziyyətdən çıxarmaq daha məqsədəuyğundur: “Vaxtında biz problemli kreditlər məsələsinin həllində əhaliyə dəstək göstərilməsini təklif etdik. Qəbul etmədilər, indi problemli kreditlər bankları çətin duruma salıb. Hər bir halda, iş gedir, güman edirəm ki, proses tezliklə bank sektorunun tam sağlamlaşdırılması ilə yekunlaşacaq”./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26