Interposta.Info

Manatın sabit qalması –

İqtisadiyyat
 5-04-2017, 11:38     560

Rəşad Həsənov: “Bugünlərdə müşahidə olunan məzənnə sabitliyinin uzunmüddətli və dayanıqlı olacağını düşünmürəm; Vüqar Bayramov: “Bu monitor siyasəti iqtisadi uğur kimi qiymətləndirmək mümkün deyil”

Artıq iki aydır ki, iqtisadçıların proqnozlarına zidd olaraq manatın məzənnəsində sabitlik müşahidə olunur. Yanvar ayında manat qarşısında 1.92 məzənnəsinə kimi bahalaşan dollar, fevralın 3-də kəskin ucuzlaşdı və artıq iki aydır ki, 1.72-1.74 ətrafında sabitləşib. İqtisadçı ekspertlər isə bu dəfə manatın məzənnəsinin sabit saxlanılmasının iqtisadiyyata mənfi təsir etdiyini və bir müddət sonra bunun mənfi nəticələrinin hiss olunacağını iddia edirlər.

Bəs görəsən, manatın sabitliyi hökumətin iqtisadi komandasının uğurudur, yoxsa hansısa primitiv bir iqtisadi metodun bəhrəsi?

Manatın sabit qalmasını Azərbaycanın iqtisadi möcüzəsi adlandıra bilərikmi?

Bu sualı cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, manatın hazırkı sabitliyinin hansısa iqtisadi uğurun nəticəsi olduğuna inanmır: “Manat hökumətin və Mərkəzi Bankın məzənnə siyasətinin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı çox ciddi itkilərlə üzləşdi. Devalvasiyalar baş verdi. Hələ də risklərin tamamailə aradan qalxmadığı bir dövrü yaşayırıq. O mənada maliyyə bazarındakı hazırkı sabitliyi qiymətləndirsək, bu daha çox iqtisadi proseslərdən qaynaqlanan bir məsələdir. Hazırda iqtisadi durğunluq yaşanır, valyuta bazarı kifayət qədər daralıb, idxalın həcmində azalma var. Dövlət büdcəsi hesabına xaricdən idxal edilən məhsullara da məhdudiyyət tətbiq olunur. Bundan başqa, əvvəlki illərdən fərqli olaraq hazırda bazarın ən böyük iştirakçılarından biri olan Beynəlxalq Bankın faktiki olaraq bazardan müəyyən qədər kənarlaşması baş verib. Çünki Beynəlxalq Bankın valyuta öhdəliklərini yerinə yetirməsi məqsədilə Mərkəzi Banka Neft Fondundan 7,5 milyard manat həcmində vəsaitin köçürülməsi ilk dəfə 2017-ci il üçün nəzərdə tutulub. Bu da Beynəlxalq Bankın valyuta bazarlarından kənarlaşmasına səbəb olmaqla, onsuz da kiçik olan bazarın daha da daralmasına gətirib çıxarıb”.

İqtisadçının sözlərinə görə, hazırda valyuta alış-satışından qazanan bazar iştirakçıları da passivləşib: “Eyni zamanda son iki ildə yaranmış situasiyadan istifadə etməyə cəhd göstərən bazar iştirakçıları meydana gəlmişdi. Çünki sabit məzənnə dövründə valyuta alışı və satışı heç də gəlirli olmur. Lakin dəyişkən məzənnə dövründə valyuta dəyişmədən gəlir əldə edilməsi daha cəlbedici olur. Bu baxımdan, son iki ildə müəyyən bir qrup bu istiqamətdə daha aktiv idi. Lakin onların da bəzi hallarda məzənnəni düzgün proqnoz edə bilməməkdən qaynaqlanan zərərlərinin olması onların daha ehtiyatlı davranmasına gətirib çıxarıb. Bunların bir çoxu artıq bazardan kənarlaşıblar. Həmçinin büdcə xərcləmələrinin həcmi ilə bağlı da inzibati formada ciddi nəzarət həyata keçirilir. Söhbət büdcə xərcləmələrinin bazara daxil olmasından gedir. Eyni zamanda manatla kreditləşmənin tamamilə məhdudlaşması səbəbindən bu gün bazarda valyuta tələbi formalaşdıracaq manat kütləsinin olmaması da məzənnənin sabit qalmasına səbəb olub. Ümumiyyətlə, bu gözlənilən idi. Mərkəzi Bankın dekabrın 31-də açıqladığı pul siyasətində də məzənnəni və inflyasiyanı nəzarət olunan səviyyədə saxlamaq məqsədilə sərt pul-kredit siyasətinin həyata keçirilməsinin davam etdiriləcəyi elan edilmişdi. Bugünlərdə müşahidə olunan məzənnə sabitliyinin uzunmüddətli və dayanıqlı olacağını düşünmürəm. Növbəti aylarda bu sabitlik yenidən pozulacaq və manatın məzənnəsində yenə də ucuzlaşma baş verəcək”.

İqtisadçı ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, iqtisadçıların proqnozları manatın məzənnəsinin necə dəyişməsi haqqında deyil, dollara olan tələbin necə dəyişməsi ilə bağlı idi: “Biz mart və aprel aylarında dollara olan tələbin dəyişəcəyini proqnozlaşdırırdıq. Martın sonunda dollara olan tələbin artması müşahidə edildi. Bu, müəyyən qədər məzənnədə də özünü göstərdi. Bayramdan sonra manatın cüzi də olsa ucuzlaşması baş verdi. Dollara olan tələbin artması isə indiki halda heç də manatın məzənnəsinin ucuzlaşması anlamına gəlmir. Əslində isə məntiqlə bu anlama gəlməlidir. Nəzərə alsaq ki, hazırda Mərkəzi Bankın təsir imkanları güclü olaraq qalmaqdadır. Mərkəzi Bank bir tərəfdən depozitlərin saxlanılması vasitəsilə manat bazasının kiçilməsinə nail ola bilib, digər tərəfdən isə dollara tələb o səviyyədədir ki, son bir ildə Dövlət Neft Fondunun transferləri, hərraca çıxartdığı vəsaitlər kifayət edir. Mərkəzi Bankın bir il ərzində bazara intervensiya etməməsi isə dollar ehtiyatlarının artmasına təsir göstərib. Biz manatın məzənnəsinə cüzi dəyişikliklər müşahidə edirik, cüzi artım və azalmalar baş verir”.

Azərbaycanda manat ətrafında yaranmış durumu Rusiyada rublun məzənnəsinin stabilləşməsi ilə müqayisə edən Vüqar Bayramov oxşar situasiyanın olduğunu bildirdi: “Əslində əvvəlki dövrdə dollarlaşma səviyyəsi yüksək olduğu üçün Azərbaycanda da Rusiyada tətbiq edilən model formalaşdı. Növbəti dövrdə manatın kursunun necə dəyişməsi isə Mərkəzi Bankın məzənnə stabilliyini necə qoruyub saxlamasından asılı olacaq. Təbii ki. Biz manatla rublun tam olaraq müqayisəsini apara bilmirik. Çünki manatın məzənnəsinə əlavə təsirlər çoxdur. Əgər Azərbaycan iqtisadiyyatının 87 faizini neft məhsulları təşkil edirsə, Rusiyada bu rəqəm ümumi ixracatın yarısıdır. Müqayisə etmək çətin olsa da, tendensiya oxşardır. Hər iki ölkədə dollarlaşma səviyyəsi yüksək idi. Buna uyğun olaraq Mərkəzi Bankın manat bazarını tənzimləməsi dollar tələbinə təsir göstərdi. Mərkəzi Bankın monitar siyasəti manatın məzənnəsinə təsir göstərdi. Dollarlaşma prosesi təxminən başa çatdığına görə tələbat azaldı. Yanvarın sonuna doğru hərraclarda satılan ixracın 85 faizi idxala, cəmi 7 faizi yığıma gedirdi. Əgər 2014-2015-ci illərdə dollarlaşma prosesi yığım üçün idisə, 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlində artıq banklar hərraclarda dolları idxal əməliyyatları üçün alırdılar. Dollarlaşmanın azalması da manatın möhkəmlənməsinə müsbət təsir göstərdi. Burada həmçinin Mərkəzi Bankın manat bazasını tənzimləməsi, hərracların keçirmə qaydalarını dəyişməsi, eləcə də DNF-ə və AMB-ə məxsus olan 7,5 milyard dolların hərraclara çıxarılmaması dollara olan tələbin azalması baxımından vacib idi. Ümumilikdə bu monitor siyasəti iqtisadi uğur kimi qiymətləndirmək mümkün deyil. Bu, növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsindən asılı olacaq. Əgər Mərkəzi Bank növbəti aylarda da stabil məzənnəyə nail olacaqsa, o zaman Rusiyada olduğu kimi Azərbaycanda da milli valyutanın bazar dəyərini alması mümkün olacaq. Bu da iş adamlarına investisiya etmək imkanları yaradır. Bu ilin növbəti aylarında Mərkəzi Bank çalışmalıdır ki, məzənnə stabilliyinə nail ola bilsin. Çünki biznes sektorunda investisiya qoyuluşlarının artması birbaşa məzənnə stabilliyinin olmasından keçir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26