Interposta.Info

Neft bahalaşır, dollar ucuzlaşacaqmı?

İqtisadiyyat
 3-10-2018, 10:39     10 407

Rəşad Həsənov: “Yaxın üç ayda nə devalvasiya, nə də manatın əvvəlki kimi möhkəmlənməsi gözlənilən deyil”
Dünya neft bazarında qiymətlər bahalaşmağa davam edir. Dünən Azərbaycanın dünya bazarına çıxartdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,16 dollar və yaxud 1,37 bahalaşaraq 85,94 dollara bərabər olub.

Dünyanın əksər aparıcı mərkəzləri, transmilli neft-qaz şirkətləri artımın davam edəcəyi, yaxın 3 ayda neftin qiymətinin 100 dollara çatacağını proqnozlaşdırırlar. Bu artım Azərbaycan kimi iqtisadiyyatında neft aparıcı rol oynayan ölkələrdə bir sıra proseslərə gətirib çıxarır. Neft gəlirlərinin artması iqtisadiyyata müsbət təsir göstərir, milli valyutaların dollar qarşısında möhkəmlənməsi prosesi gedir. Məsələn, neftin qiymətinin yüksəlməsi Rusiyada ABŞ sanksiyalarına görə başlanan milli valyutanın dəyərsizləşməsi prosesinin qarşısını alıb. Son həftələrdə Rusiya rublunun məzənnəsi sabitləşib, hətta müəyyən möhkəmlənmə meylləri hiss olunmaqdadır. Təxminən eyni proses Qazaxıstanda da müşahidə edilir.

Azərbaycanda isə manatın məzənnəsi hələ ki sabitdir. Üstəlik, gözləntilərin əksinə olaraq, ölkədə dollara tələbat azalıb. Belə ki, Dövlət Neft Fondunun valyuta hərraclarında satdığı valyutanın həcmi sentyabrda əvvəlki aya nisbətən 2 dəfəyə yaxın azalaraq 394,8 milyon ABŞ dolları təşkil edib. Bu isə ölkədə manatın məzənnəsinin möhkəmlənəcəyi gözləntilərini artırıb.

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, neftin qiyməti yüksəlsə belə, yaxın 3 ayda Azərbaycan hökuməti manatın məzənnəsini sabit saxlamağa çalışacaq: “Hazırkı situasiyanı manatın məzənnəsinin formalaşması baxımından optimal hesab etmək olar. Manatın məzənnəsinin formalaşmasında əsas rolu neftin qiyməti oynayır. Neftin qiyməti isə fiskal hesablamalar aparılarkən nəzərdə tutulan səviyyədən kifayət qədər yüksəkdir: haradasa 30-35 faiz. Onu da nəzərə almaq lazımdır ki, hər barel neftin 1 dollar bahalaşması Azərbaycanın gündəlik neft ixracından daxilolmalarını təxminən 650 dollar səviyyəsində artırır. Bu isə aylıq 200 milyon dollara yaxın bir vəsaitdir. Bu proseslər fonunda həm xarici ticarət saldosunda profisit yüksəlib: səkkiz aylıq profisit 5 milyard dolların üzərindədir. Ödəmələr balansında profisit yaranıb. Bu profisit öz növbəsində ölkənin strateji valyuta ehtiyatlarının həcminə də müsbət təsir göstərir. Strateji valyuta ehtiyatları ilin birinci yarısında 2,2 milyard dollar və ya 6 faiz artıb. Bütövlükdə götürdükdə Azərbaycanda manatın məzənnəsinin formalaşmasında iştirak edən əsas makroiqtisadi indikatorlar hesab olunan göstəricilərə təsir edən başlıca faktor neftin qiymətidir. Neftin qiyməti pozitiv inkişaf trendinin formalaşmasına səbəb olub”.

R.Həsənovun sözlərinə görə, bu pozitiv trendlə yanaşı, neqativ çağırışlar da var:
“Bu çağırışlar əsasən region ölkələrindən qaynaqlanır. Azərbaycanın Rusiya və Türkiyə kimi əhəmiyyətli ticarət və iqtisadi tərəfdaşı olan ölkələrin valyutalarında il ərzində baş verən dəyişikliklər Azərbaycan üçün yeni çağırışlar yaradır. 2018-ci ilin ilk 8 ayında bu ölkələrdən Azərbaycana idxalın həcmində 20 faizə yaxın artım baş verib. Bu istiqamətdə idxal bumu gözlənilir. Digər tərəfdən, Azərbaycana gələn turistlərin 65 faizi Rusiya, Türkiyə və İrandan gəlir. Manatın bu ölkələrin valyutalarına qarşı möhkəmlənməsi son nəticədə bu ölkələrdən turist axınına mənfi təsir göstərir. Digər mənfi çağırış Azərbaycan məhsullarının ixracı ilə bağlıdır. Bu ilin 8 ayında Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Bu isə ümumi ixracın 60 faizə yaxını deməkdir. Və bu ölkələrin valyutaları ucuzlaşırsa, Azərbaycan məhsullarının onların ərazisində rəqabət qabiliyyəti azalır. Daha bir neqativ məqam İranda illeqal valyuta bazarının formalaşmasıdır. İndiki halda Azərbaycandan İranın illeqal valyuta bazarlarına valyuta axını baş verə bilər. Düzdür, müvafiq qurumlar bunun qarşısını almağa çalışacaqlar, lakin aydın məsələdir ki, bu axını bütünlüklə dayandırmaq mümkün olmayacaq”.

Bütün bu neqativliklərə baxmayaraq, R.Həsənovun fikrincə, Azərbaycan hökuməti manatın məzənnəsini sabit saxlamağa çalışacaq:
“Neftin qiyməti artırsa, hökumət manatın sabit məzənnə siyasətini davam etdirməyə çalışacaq. Bu günədək həyata keçirilən məzənnə siyasətinin istiqamətlərinə nəzər yetirsək, burada inflyasiyanın tənzimlənən həddə saxlanılması, istehlak qabiliyyətinin qorunması, sosial sferada gərginliyin qarşısının alınması kimi hədəflərin olduğu görünür. Ona görə də sabit məzənnə indiki halda neftin qiymətinin artması fonunda dəstəklənir. Düşünürəm ki, hökumət manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Bu, iqtisadiyyatın bir sıra iqtiqamətlərində neqativ konyuktur formalaşdırır. Yekun olaraq qeyd etməyə dəyər ki, yaxın üç ayda - yəni ilin sonunadək nə devalvasiya, nə də manatın möhkəmlənməsi prosesi gözlənilən deyil”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26