Premyer Liqada 6000-ci oyun: Zubir 200-ə çatdı
"Qarabağ"ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib.
"İnterPosta" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubiley matçı Misli Premyer Liqasının XV turuna təsadüf edib.
O, "Araz-Naxçıvan"la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız "Qarabağ"ın formasını geyinib.
A.Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.
Qeyd edək ki, A.Zubir "200"ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.
"Qarabağ" – "Araz-Naxçıvan" oyunu (5:1) tarixi yubileylə əlamətdar olub. Bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.
Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunub. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.
1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/2002 və 2019/2020 mövsümləri yarımçıq dayandırılıb.
Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


