Interposta.Info

 

Futbolçuları aldadıb pullarını mənimsəyən Seçil Erzan işində “İmperator”la bağlı məqamlar ortaya çıxdı - FOTO

İdman
 2-12-2023, 17:06     30 675

Türkiyədə aralarında məşhur futbolçuların da olduğu adamları milyonlarla dollar məbləğində aldadaraq pullarını mənimsəyən və həbs edilən bank müdiri Seçil Erzanın istintaqı ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
Seçil Erzan “Fatih Terim Fondu” adı altında futbol dünyasından bəzi adlara və iş adamlarına yüksək qazanc vəd edərək fırıldaqçılıq edib.
Məşhur türkiyəli məşqçi Fatih Terimin (futbol camiasında “İmperator” ləqəbi ilə tanınır) vəkili Tufan Karataş Terimin fond üçün pul vermədiyini, hesabının Seçil Erzanın nəzarətində olduğunu, hesabda isə 3-3,5 milyon dolların əskik olduğunu iddia edib.
Erzan məhkəmədə Terimdən 300 min dollar aldığını və üzərinə qat-qat artıq pul ödədiyini iddia edib. Erzanın evində tapılan alacaq-verəcək cədvəlində isə Terimin 700 min dollar sərmayə qoyduğu və əvəzində 1,5 milyon dollar qazandığı yazılıb. Terim Erzana pul vermədiyini iddia edib, prokurorluğa verdiyi açıqlamada isə Seçilin ona 3 milyon dollar borcu olduğunu bildirib.
Terimin vəkili Tufan Karataş Erzanın Terimin maliyyə müşaviri olması ilə bağlı yayılan xəbərləri də təkzib edib.
“Bu, maliyyə müşavirliyi deyil. Hər bir filial müdirinin müəyyən kalibrləmədən yuxarı olan müştərilərə göstərdiyi xidmətdir”, - deyə o bildirib.
Karataş Terimin “fond” adı altında pul vermədiyini və sərmayələrin hesablar vasitəsilə idarə olunduğunu qeyd edib. “Erzanla pul məsələsi yoxdur. Bankla var. Seçil hesablarındakı pulu sərmayə olaraq dəyərləndirib”, - deyə vəkil əlavə edib.
Karataş Terimin hesabının Erzanın nəzarətində olduğunu bildirib.
“O, insanları sahə kənarında faktiki olaraq sənədləri imzalamağa məcbur edir”, - deyə Karataş vurğulayıb.
O deyib ki, Terimin hesabında olduğunu bildiyi 3 milyon dollar yoxdur. “Bizim fikrimizcə, hesabda 3-3,5 milyon dollar olmalıdır. Seçil pulu müəyyən yerlərə, fonda, sənədlərə və s. xərclədiyini deyir. Bu sərmayələrdən sonra pullar yenidən hesaba daxil olub, lakin hesablarda mənbəyi məlum olmayan azalmalar var. Hesabdan diqqət çəkməyəcək şəkildə pul çıxarılıb”, - deyə o nəzərə çatdırıb.
Karataş Terimin adının niyə sənədlərdə qeyd edilməməsi ilə bağlı da açıqlama verib.
“Onun şikayəti başqa bir istintaq nömrəsi ilə qeyd edilib. Onun hesabından pul çıxarıldığı üçün işə pulun mənimsənilməsi kimi baxıla bilər”, - deyə o qeyd edib.

İnterPosta.info









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26