Interposta.Info

 

Araz Abdullayev: “Milliyə dəvətlə bağlı həmişə gözləntim və inamım olub” - MÜSAHİBƏ

İdman
 1-11-2023, 11:54     20 619

“Kosova mənim üçün bu durumda heç də pis seçim deyil. Komandamızı bəyənirəm. Burada uğur qazanacağıma inanıram. Hər şey qarşıdadır”.

Bu sözləri Futbolinfo.az saytına müsahibəsi zamanı Azərbaycan millisinin yarımmüdafiəçisi, hazırda Kosovanın “Lapi” klubunda çıxış edən Araz Abdullayev deyib.

Həmin müsahibəni təqdim edirik:

- Kosovoda işlərin necə gedir?

- Pis deyil. Sadəcə, zədə mənə bir az çətinlik yaradır. Formaya düşməyimi bir qədər gecikdirir. Sağalandan sonra daha yaxşı oynamağa, bura tam uyğunlaşmağa və yaxşı səviyyədə çıxış etməyə çalışacağam.

- Bir müddət futbolsuz qaldın və sonra yenə legioner həyatını seçdin. Hər şey necə baş verdi?

- Futbolsuz qaldıqda belə fərdi məşqlərimi edirdim. Sadəcə komanda ilə məşqlər tamamilə başqadır. Almaniyadan da bəzi təkliflər var idi, hətta bilet də alınmışdı. Son anda müəyyən problemlər ortaya çıxdı və bu keçid baş tutmadı. Mən də buranı seçdim. Həm də zamanım az idi. “Sumqayıt”dan ayrılanda “Səbail” məni heyətində görmək istəyirdi. Ölkə kənarına çıxmaq istəyimə görə bu təklifə çox isti yanaşmadım. Kosova mənim üçün bu durumda heç də pis seçim deyil. Komandamızı bəyənirəm. Burada uğur qazanacağıma inanıram. Hər şey qarşıdadır. Baxaq, görək hadisələr necə cərəyan edəcək? Hər halda pozitivəm və mənə inanan insanların etimadını doğrultmağa, ölkəmizi burada yaxşı təmsil etməyə çalışıram.

- Kosovo çempionatı necədir? Azərbaycanla müqayisədə daha yaxşı, ya pisdir?

- Bizim çempionat stadion və səviyyə baxımından daha üstündür.

- Bir neçə dəfə legioner həyatı yaşasan da, hamısı qısa sürüb. Bu dəfə uzunömürlü olacağına və daha güclü çempionatlara gedəcəyinə inanırsan?

- Əlbəttə, hər zaman daha yaxşısına fokuslanmalısan. Maksimumu istəməlisən ki, ən azından minumuma yiyələnəsən. Əsas odur ki, futbolu sevirəm və meydanda olduğum zaman özümü çox xoşbəxt hiss edirəm. Başqa heç bir şey düşünmürəm və gücüm bitənə qədər futbol oynayacağam.

- “Lapi”yə keçdikdən sonra başqa təkliflər aldınmı?

- Buraya gəldiyimdə formaya düşmək üçün zaman lazım idi. Dediyim kimi zədə bir az gecikdirir. Tam istədiyim fərqi göstərməyim üçün zaman lazımdır.
- Azərbaycan futbolu haqqında orada hansı fikirlər var?

- “Qarabağ”, “Neftçi” kimi komandaları tanıyırlar.

- Hansısa azərbaycanlı futbolçunu komandaya təklif eləmisən?

- Maraqlansalar, niyə də yox? Əlbəttə, bizim oyunçuların yaxşı klublarda çıxış etməsini istəyirəm. Milli komandaya döndükdə onların legioner həyatı yaşamasının fərqi hiss olunur. Bu da, təbii ki, ölkəmiz üçün yaxşı olacaq.

- Azərbaycan çempionatını izləyirsən? Diqqətini hansı komandaların çıxışı cəlb edir?

- Bəli, izləyirəm, “Neftçi” ilə “Qarabağ”ın oyunlarına daha çox baxıram. “Sabah”ın çox yaxşı kollektivi var, onların da yuxarı pillələrə qalxacağına inanıram.

- “Qarabağ” 11 turda artıq üç dəfə uduzub…

- “Qarabağ”da bir sistem var. Ola bilər, bəzən çətin duruma düşürlər, ancaq soyuqqanlılıq və Qurban Qurbanovun təcrübəsi sayəsində bunun öhdəsindən gələcəklər.

- “Neftçi” də çətin durumdadır. Qeyri-sabit çıxış edirlər…

- “Neftçi”nin hər zaman yaxşı olmasını arzulamışam. Fərqi yoxdur, nə olur-olsun bu komandaya sevgim böyükdür, çünki ən yaxşı zamanlarımı orada keçirmişəm, özümü orada daha yaxşı hiss etmişəm.

- Kosovoda çıxış edib milli komandaya qayıda biləcəyinə inanırsan?

- Kosovo çempionatı struktur, səviyyə baxımından bizim liqadan aşağıdır. Yəni məşqçi orada klublara görə daha üstün seçimlər edə bilir. Mənim milliyə dəvətlə bağlı həmişə gözləntim və inamım olub. İndiki durumda isə zədəmi sağaldıb futboldan zövq almaq istəyirəm. Digər qərarları məşqçilər verirlər. Milli komandada artım var və gələcək oyunlarda onlara uğurlar arzu edirəm.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26