Interposta.Info

Azərbaycan klubu xorvatiyalı hücumçu transfer etdi
 

İdman
 12-09-2023, 16:11     500

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komanda daha bir oyunçunun transferini rəsmiləşdirib.

Xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Ölkəsinin aşağı yaş qruplarından ibarət yığmalarında oynamış 29 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.

183 sm boya malik voleybolçu Azərbaycandan öncə bir neçə ölkədə də legioner həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu “Riyeka” olub. Pilepiç 2009-2013-cü illərdə bu komandanın şərəfini qoruyub. Bunun ardınca hücumçu ABŞ-yə yollanıb. O, burada “San-Fransisko Universiteti” (2013-2015) və “Arizona Universiteti”nin (2015-2016) formalarını geyinib.
Pilepiç 2016/2017 mövsümündə Asiyada - Filippin klubunda çıxış edib. 2 il burada “Lifesavers”in uğurları üçün çalışan “Azərreyl”in yeni transferi 2018-ci ildə Avropaya qayıdıb. Katarina Yunanıstan “AO Tiras”ına keçib. Ardınca Finlandiyada “Vyesti” (2019-2020) və Çexiyada “Olomouts” (2021) klublarında oynayıb. Son 2 mövsümdə isə İsraildə Hayfa “Makkabi”sinin şərəfini qoruyub.

O, 4 dəfə Xorvatiya və bir dəfə İsrail çempionatının qalibi olub. Çexiya, İsrail və Xorvatiyada ölkə kubokunu da başı üzərinə qaldırıb. Voleybolçunun kolleksiyasında İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan və Filippin liqalarının bürünc medalları da var. Pilepiç Finlandiyada və Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26