“Qəbələ” - “Zirə” oyunu Azərbaycan çempionatları tarixinə düşdü
Azərbaycan Premyer Liqasının V turu itkisiz və xalsız irəliləyən komandaların dueli ilə yadda qalıb.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, ilk dörd oyunda qələbə qazanan “Zirə” eyni sayda məğlubiyyət alan “Qəbələ”nin qonağı olub.
Bir qolun həlledici olduğu görüşdə meydan sahibləri qalib gəliblər. Bununla da hər iki komandanın startdakı seriyası qırılıb.
Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 31 illik tarixində 3-cü belə oyun olub. Əvvəlki illərdə yalnız iki dəfə startda dörd qələbə və dörd məğlubiyyəti olan komandalar beşinci matçında bir-biri ilə üz-üzə gəlib.
1994/95 mövsümündə “Neftçi” Sumqayıt “Xəzər”inin qonağı olub. Səfərdə 10:0 hesablı qələbə qazanan bakılılar beşinci qələbəni qazanmaqla rəqibinə beşinci məğlubiyyətin acısını yaşadıblar.
Doqquz il sonra isə “Şəmkir”lə “Lokomotiv” eyni seriyalarla bir-biri ilə üz-üzə gəlib. Öz meydanında 5:1 hesablı qələbə qazanan qərblilər seriyasını beşə çatdırıblar. Qonaqlar isə startda beşinci dəfə uduzublar.
İlk dörd matçı itkisiz və xalsız keçən komandaların əvvəlki iki duelində liderlər qalib gəlmişdilərsə, Qəbələdəki qarşılaşmada bu ənənə qırılıb.
InterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26