Interposta.Info

“Araz-Naxçıvan”ın futbolçusu: “Güclü komandalara qarşı layiqli oyun nümayiş etdiririk”

İdman
 24-08-2023, 14:23     431

“Mübarizəmizi sona qədər davam etdirəcəyik, bütün şanslarımızdan yararlanacağıq”.

Bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Miço Kuzmanoviç klubun rəsmi saytına müsahibəsində deyib.

O, Ağdam təmsilçisinə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqası matçının nəticəsindən razı olmadıqlarını bildirib:

“Nəticədən razı olmasaq da, keçirdiyimiz üç rəsmi oyuna diqqət yetirdikdə, düşünürəm ki, indi daha yaxşıyıq. Bizə bir qədər zaman lazımdır. Əminliklə deyə bilərəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik. Komandamız yeni qurulub, formalaşma dövrünü keçir. Yeni komanda üçün bunlar normaldır. Düzgün yoldayıq”.

Bosniya və Herseqovinadan olan oyunçu “Qarabağ”la görüşdə son dəqiqədə buraxdıqları qoldan danışıb və komandanın lideri olmadığını bildirib:
“Futbol kollektiv oyundur. Hansısa məqamda fərdlər ön plana çıxa bilər. Bu gün lider olduğumu deyə bilmərəm, amma yaxşı oynayıram. Biz komandayıq, qalib gələndə hamımız sevinirik, uduzanda da məyus oluruq. Komanda yoldaşlarıma kömək edə bilirəmsə, nəticə qazanmaq üçün faydam toxunursa, xoşbəxtəm. Yenə deyirəm, yaxşı futbol göstərmək, azarkeşlərimizi sevindirmək istəyirik”.

O, növbəti turda “Sumqayıt”la oyuna qələbə üçün çıxacaqlarını əlavə edib:

“Çətin olacaq. Açığı, rəqibin oyun dəsti-xətti haqda geniş məlumatım yoxdur. Müəyyən təhlillər aparılacaq, baş məşqçimiz bizim üçün faydalı olacaq tapşırıqları verəcək. Əlbəttə, istənilən halda meydana üç xal qazanmaq üçün çıxacağıq. Rəqibimiz də yaxşı hazırlıq keçib. Onun nəticəsidir ki, keçirdikləri oyunlardan maksimum xalla ayrılıblar. Görünür, keyfiyyətli komandadır və bizimlə görüşdə də qələbə qazanmaq istəyəcəklər. Ancaq “Araz-Naxçıvan” da meydana eyni məqsədlə çıxacaq. Buna nail olmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik, bütün şanslarımızdan yararlanacağıq”.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26