Interposta.Info

Tanınmış futbol eksperti G qrupunda “Qarabağ”ın şanslarını dəyərləndirdi

 

İdman
 27-08-2022, 10:20     370

"Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki rəqibləri müəyyənləşdi. Ağdam təmsilçisi G qrupunda "Olimpiakos”, "Frayburq” və "Nant”la mübarizə aparacaq. Azərbaycanın tanınmış mütəxəssislərindən olan, vaxtilə elə Ağdam klubunda forma geyinmiş Aslan Kərimov püşkatmanın nəticələrini Qaynarinfo üçün dəyərləndirib.

O, açıqlamasında "Qarabağ” üçün ağır püşk olduğunu söyləyir:

"Ümumilikdə qeyd etmək lazımdır ki, "Qarabağ” daha rahat qrupa düşə bilərdi. Belə deyim, bəlkə də yaxşı oyun və komandalar izləyəcəyik. Amma nəticə baxımından bizim üçün ağır püşk oldu. Məsələn, Belçika təmsilçisi düşsəydi, qrupdan çıxa bilmək şansımız daha yüksək olardı. Qrupdakı rəqibləri dəyərləndirəsi olsaq, "Qarabağ” Almaniya, Fransa və Yunanıstan çempionatının iştirakçıları ilə qarşılaşacaq. Bəlkə "dişimizə” uyğun olan "Olimpiakos”dur. Amma Yunanıstan çempionatında da imkanlı klublar var. Dərinə getsək, bəlkə də görərik ki, "Olimpiakos”un heyətinin yarısı legionerlərdən ibarətdir. Büdcəsi yuxarı olan klublar adətən keyfiyyətli heyət qura bilirlər. Tarixinə baxsaq, görərik ki, onlar "Qarabağ”dan daha çox Çempionlar Liqasının qrupunda iştirak ediblər. Digər tərəfdən azarkeş izdihamı var. Yunanıstan, Kipr təxminən eyni mədəniyyətə malikdir. Bu baxımdan püşk bizim üçün o qədər də uğurlu olmayıb. "Pəncərə”nin digər tərəfindən baxsaq, "Qarabağ” ilk dəfə deyil Avroliqanın qrupundadır. Kifayət qədər təcrübəyə malikdirlər. "Sürix”, "Ferentsvaroş” kimi komandalara onlardan daha dominant olduqlarını göstərdilər. Bu komandalara qarşı səhvsiz oynayası olsaq, nəticə əldə edə bilərik”.

Kərimov "Qarabağ”a belə rəqiblərin düşəcəyini heç ağlına gətirmədiyini də deyir:


"Ağlıma da gəlməzdi ki, bu klublar bizə rəqib ola bilər. Amma iştirak etdikləri çempionatları dəyərləndirsək, 100 faiz iddia edə bilərəm ki, Almaniya çempionatının iştirakçısı "Frayburq”un texniki heyəti ən üst səviyyədədir. Bəlkə də 10-15 məşqçidən ibarət qrup olacaq ki, "Qarabağ”ın oyunlarını analiz edəcəklər. Bunu əminliklə deyə bilərəm. Belə texniki heyətə malik bir komandanın hansı sistemdə oynayacağını indi demək düzgün olmazdı. Çünki baxmamışam. Amma oyun strukturunu, intizamını sona qədər qoruya bilən bir komanda olmalıdır. Fransa təmsilçiləri ilə çox oynamışıq. PSJ, "Marsel” kimi komandalara qarşı oynamış və Avroliqaya yüksəlmiş bir klubun heyətində yüksək səviyyəli oyunçular olmalıdır. Həmçinin aqressiv müdafiə olunan, pressinq etməyi bacaran komandadır. Baxın, Zubiri Fransanın hansısa klubunda əsas heyətə düşə bilməyən bir futbolçu kimi gətirmişdik. Hansı ki, o, hazırda "Qarabağ”ın ən yaxşı oyunçularından sayılır. İndi təsəvvür edin ki, onların heyətində hansı səviyyədə olan futbolçular var. Bu bizə "Nant”ın ən çətin rəqiblərdən biri olduğunu deməyə əsas verir. "Olimpiakos”un təbii ki, yerli oyunçuları olacaq. Amma yunanların legioner alıb müadfiəyəmeyilli futbol nümayiş etdirən komanda olduğuna inanmıram. Aqressiv, hücumameyilli, dominantlıq etmək istəyən komanda ilə qarşılaşacaqlar. Bu da bizim üçün asan sayılmır”.

Keçmiş futbolçu şansları dəyərəndirərkən, "Qarabağ”ın minimum üçüncü pilləni tutub Konfrans Liqasına düşmək ehtimalının yüksək olduğunu da deyir:

"Sözsüz ki, şanslarımız var. Əslində faiz nisbətilə qrudan çıxmaq şansımız 50-nin 50-dir. 70 faiz nisbəti ilə üçüncü pilləni tutmaqla Konfrans Liqasının pley-off mərhələsində iştirak edə bilərik. Bu ehtimalı maksimum dəyərləndirirəm. Yəni ən pis halda Konfrans Liqasına düşə bilərik”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26