Interposta.Info

Azərbaycan klublarının “cinayət işi”

İdman
 18-03-2023, 12:09     356

"Qarabağ” rəsmilərinin və şəxsən Qurban Qurbanovun dilindən tez-tez eşitdiyimiz bir kəlmə var: "Yaxşı legioner Azərbaycana gəlmək istəmir”. Bəzən azarkeşlər bu sözlərə inanmır, onların səmimi olmadığını, xəsislik etdiyini düşünürlər.

Fikirləşirik ki, legioner üçün harda oynamağın nə fərqi var? Bakı kimi gözəl şəhərdə yaşayacaq, ona lüks mənzil kirayələyəcəklər, avtomobil ayıracaqlar, hər ay da maaşı hesabına köçəcək. Xoşbəxt olmaq üçün bundan artıq nə lazımdır? Lap elə millimizin italyan baş məşqçisi Canni De Byazinin dediyi kimi. Adam müsahibələrində dəfələrlə vurğulayıb ki, Bakıda çox xoşbəxtdir, özünü burda lap cənnətdəki kimi hiss edir. Bunun da səbəbi məlumdur. İndi dünyanın heç bir ölkəsində Canni De Byazini belə əzizləyib, yağ içində böyrək kimi bəsləməzlər. İtalyan çalışdırıcı "öz qiymətini” yaxşı başa düşür, ona görə də burdakı yaşayışından çox razıdır.

Amma heç də hamı Canni De Byazi kimi düşünmür. Xüsusən də hələ perespektivi düşünən gənc futbolçular. Onlar üçün pul heç də birinci pillədə dayanmır. Diqqət yetirək, görək digər klublarımızın tapdıqları legionerlər kimlərdir, Canni De Byazi kimi onlara hansısa başqa ölkədə belə "isti qucaq” açılardımı?!

"Səbail” hal-hazırda Misli Premyer Liqasının sonuncu klubudur. Komanda həm nəticələrinə, həm də oyun səviyyəsinə görə digər 9 klubdan geridədir. Keçirdiyi 27 oyundan yalnız dördündə qələbə qazanan "Səbail” cəmi 6 görüşdə bərabərliklə təskinlik tapıb. 17 qarşılaşmadan isə Bayıl təmsilçisi məğlub ayrılıb. 20 qol vuran "Səbail” qapısından iki dəfə çox, düz 46 top buraxıb. İndi "Səbail”in heyətinə diqqət yetirək. Autsayder komandanın heyətində 9 nəfər əcnəbi futbolçu var. Bu legionerin coğrafiyası da xeyli genişdir: Portuqaliyadan tutmuş Argentina ilə Braziliyaya qədər.

Menecer-prezident Riad Rəfiyevin rəhbərlik etdiyi "Sumqayıt” son iki oyunda qapısından 10 cavabsız top buraxıb. "Böyük şəhərin tək komandası” sondan üçüncü, yəni ki, səkkizinci pillədədir. İllərdir "biz legionersiz oynayırıq” deyib qürrələnən komanda "milliləşdirilmiş” futbolçuların oylağı idi. Bu ildən komandaya rəsmən əcnəbi futbolçular gətirilir. Nəticə göz qabağındadır. "Gənclik şəhəri” də 9 əcnəbi futbolçunu bağrına basıb. Özü də Yaponiya və Liberiya kimi ekzotik ölkələrdən də "tapıntılar” var. Bu qədər xərcin-borcun qarşılığı 27 oyunda cəmi 5 qələbədir.

7-ci pillədəki "Kəpəz”in səkkiz legioneri var, ondan bir pillə yuxarıda yer alan "Turan Tovuz”dakı əcnəbilərin sayı isə doqquzdur. Maraqlıdır ki, hər iki klubun maddi problemləri var, onlara avtobus almaq üçün azarkeşlərdən ianə toplanılmasına da uğursuz cəhd edildi. Amma AFFA-ya inamı qalmayan sadə azarkeşlər "boz bina”dan gələn bu çağırışa səs vermədilər. Proseslərin gedişatı onların heç də haqsız olmadığını göstərir. Avtobusa pul verməyə əli gəlməyən klublar bu qədər legionerə necə maaş verirlərlər? Özü də hər bir legioner maaşını xarici valyuta ilə alır, ölkədən dollar və ya avro aparır.

Çox təəssüf ki, Azərbaycan futbolu şəffaf idarəçiliyin olmamasından əziyyət çəkir, idarəçilər özlərində məsuliyyət hiss etmir, nə mətbuata, nə də azarkeşlərə hesabat vermirlər. Bunun da nəticəsində ortaya belə acınacaqlı mənzərə çıxır. Yararsız legionerlər yüksək məvacib qarşılığında klublara doldurulur, uşaq futboluna ayrılmalı pullar onlara xərclənir. Günü yola verən klublar turnir cədvəlinin zirzəmisində sürünür, futbola ayrılan milyonların "yuyulmasına” göz yumulur. Ümid edək ki, hesabat vermək sırası onlara da gələcək.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26