Interposta.Info

Sabiq referi: “VAR otağında oturan hakim, sən televizora baxırsan?”

İdman
 6-09-2022, 14:18     291

Azərbaycan Premyer Liqasında artıq 5 tur geridə qalıb. Bu dönəmdə ən çox narazılıq doğuran məqamlardan biri də hakimliklə bağlıdır. Xüsusən də çempionatda komandaların artmasından sonra oyunları idarə etmək üçün dəvət olunan yeni hakimərin idarəçilikləri birmənalı qarşılanmır. VAR-la bağlı problemlər, qərarların gecikməsi də öz yerində.

Son 5 turla bağlı tanınmış hakimlərimizdən olan Rüstəm Rəhimov Qaynarinfo-ya müsahibəsində fikirlərini bildirib.

- Geridə qalan 5 turu hakimlik baxımından necə dəyərləndirirsiniz?

- Bir neçə oyuna baxmışam. VAR sistemi bizdə hələ təzədir, 5 tur keçib. Təbii ki, hakimlərlə VAR arasında müəyyən epizodlarla bağlı səhvlər var. Gəlin hələ tələsib qəti qərar verməyək. Rusiya çempionatında da belədir, hakimlər arasında anlaşılmazlıqlar yaranır. Halbuki onlar təcrübəli, FİFA-nın birinci kateqoriyasında olan hakimlərdir. Kirill Levnikov, Vladislav Bezborodov və digər hakimlərdən söhbət gedir. Bizim hakimlərimiz isə yeni başlayıb. Təbii ki, epizodun təkrarına baxmaq uzanır, biz hələ İtaliyadakı, İspaniyadakı, İngiltərədəki səviyyəyə çatmamışıq. Bu ölkələrdə uzağı dəqiqə yarıma qərar verirlər. Hamısı təcrübəsizlikdən irəli gəlir. İkincisi, oyunların idarə edilməsində də bəzi səhvlər var. Mövsümün əvvəlidir, həm də fasilədə təlim-məşq toplanışı keçsəydilər, oyunlar idarə etsəydilər, daha yaxşı hazırlaşardılar. Artıq çempionatda 10 komanda var. Gördüyünüz kimi, "Turan Tovuz” yaxşı oyun göstərir. "Kəpəz”lə bağlı məsələ aydındır, baş məşqçiləri getdi. İki-üç komandanı çıxmaq şərtilə, digərləri, demək olar, eyni gücə, səviyyəyə malikdir. Çempionat davam edir, oynayacaqlar, formaya düşəcəklər. Təlim-məşq toplanışı keçirəndə daha yaxşı oynayırlar. Bu, hakimlərimizə də aiddir. Əvvəllər toplanışa gedirdilər, oyunlara daha yaxşı hazırlaşırdılar. Səhvlər var, VAR sisemində oturanlar təcrübəsizdilər. 5-6 tur keçsin, inkişaf edəcəklər. İndidən nəsə demək tezdir. Öncə VAR-da qərarların uzun çəkməsi prosesinin qarşısı alınmalıdır. Futbolçular dayandıqca soyuyur, oyunun tempi, gözəlliyi itir. Yeni sədr gəlib, gözləyək, iki dövrə keçsin, sonra yenə fikir bildirək.

- Deməli, Azərbaycanda VAR sisteminin tətbiqini hələ uğurlu saymaq olmaz…

- Hesab edirəm ki, hələ tezdir. VAR-ın öz incəlikləri var. Loru dildə desək, heç kim anasının qarnında öyrənmir ki. VAR-da oturanlar təcrübə yığmalıdır. Bəzi xarici ölkələrdə belə bir təcrübə var. VAR-da oturan hakimlər, ancaq bu sistemlə məşğul olurlar. Yəni, oyun idarə etmirlər. Baş hakimlər isə ancaq oyun idarə edirlər və VAR otağında oturmurlar. Belədə onlar "bişirlər”, fikirlərini bir yerə cəmləyirlər. Bizdə isə hər iki yerdə işləyirlər.

- Sizi ən çox narahat edən, xoşunuza gəlməyən hansı məqamlardır?

- VAR otağındakı hakimlər oyunları 25-30 kamera vasitəsilə izləyirlər. Onlar epizoda bir neçə tərəfdən baxmalı, baş hakimə öz tövsiyələrini verməlidir. Ancaq tərəddüd edirlər. Belədə baş hakimdə də şübhə yaranır. Bundan əlavə, bəzən baş hakimlərin tutduğu mövqe pis olur. Ona isə nə VAR, nə də yan xətt hakimləri kömək edir. Məndə olan məlumata görə, baş hakimlərin bəziləri aşağı qiymət alıblar. Bir neçə yan xətt hakimini də epizodlarda kömək etmədiklərinə görə cərimələyiblər. Deməyim odur ki, sinxron işləməlidilər. Qayda pozuntusunu görmürsə, daha niyə meydana çıxıb? VAR otağında oturan hakim, sən televizora baxırsan? Kömək elə də. Bunların üzərində işləmək lazımdır. Məncə, gələcəkdə yaxşı olacaq.

- Bəzi ölkələrdə VAR otağında daha çox hakim yer alır. Azərbaycanda da onların sayını artırmaq lazımdırmı?

- UEFA-nın özündə, başqa ölkələrdə də səhv etmirəmsə, VAR otağında iki hakim oturur. Məndə olan məlumata görə, ingilislərdə sistem fərqlidir. Onlar oturub qərar verirlər. Özünüz də görürsünüz, onlarda qərar vermə prosesi çox çəkmir. Oyunlara 10 dəqiqə vaxt əlavə olunmur. Qısa müddət ərzində baş hakimə kömək edirlər. Bilirsiniz ki, İngilıtərədə futbol sürətlidir, qərarlar tez verilməlidir. Buna baxmayaraq, hakimlər sinxron işləyirlər, VAR otağındakılar onlara lazımi şəkildə kömək edir.

- Komandalarla bərabər, Premyer Liqada hakimlərin də sayı artıb. Yeni hakimlərdə ən çox hansı səhvləri müşahidə edirsiniz?

- Ümumiyyətlə, hakimlik asan peşə deyil. Mən futbolçu olmuşam, "Neftçi”də oynamışam, məşqçi işləmişəm, hakim kimi də fəaliyyət göstərmişəm. Hakimlik çətindir, hər şeyə cavabdeh olur. 22 nəfəri izləməlidir, hər tərəfə baxmalıdır, dirijorluq etməlidir. Bunun üçün də onun böyük təcrübəsi olmalıdır. Hakim futboldan gəlsə, onun üçün bir qədər asan olar. Bura gələnlərin əksəriyyəti futbol oynamayıb. Fikir verirəm, inkubator kimi eyni sistemlə oyunarı idarə edirlər. Bunlar nəzəriyyədə yazıldığı kimi yanaşırlar. Hakimin öz dəst-xətti olmalıdır. Düzdür, qaydalar eynidir. Məsələn, biri sərtliyə icazə verir, digəri yox. Eyni şəkildə qayda pozuntusu olan epizodda bir hakim penalti qərarı çıxarırsa, başqası bunu etmir. Sən oyunun ruhun oxumalısan. Meydançada epizoda yaxın olan hakimlə 200 metr uzaqda oturanlar arasında fərq var. Oyunun içində olmaq başqa, kənardan görmək ayrıdır. Epizoda yaxın olan hakim futbolçunun simulyasiya edib-etmədiyini, onu aldatmaq istədiyini bilir. Belə incəliklər var. Bu da təcrübədən irəli gəlir. Hər kəsin öz idarəçiliyi olmalıdır. Qaydalar hamı üçün eynidir. Amma təkcə kitabla idarə etmək deyil, bir qədər də ağıl işlətmək, oyunun incəliklərini oxumaq lazımdır. Bunlar təcrübə ilə gəlir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26