Interposta.Info

“Kəpəz”in baş məşqçisi: “Nə mən, nə də klub…”

İdman
 21-06-2022, 11:36     432

"Kəpəz” bir neçə gün öncə baş məşqçi Yaşar Vahabzadə ilə müqavilə müddətini uzatdı. Gəncə klubunu Premyer Liqadakı ilk mövsümündə məhz Vahabzadə çalışdıracaq. Bəs məşqçinin fikirləri, planları necədir?

Mütəxəssis "İnterPosta"-ya açıqlamasında bu sualları cavablandırıb.

- Artıq üç ildir "Kəpəz”i çalışdırırsınız. Rəhbərlikdən yeni müqavilə təklifini gözləyirdiniz?

- Necə deyim, təklif etdilər, mən də razılaşdım. Məşqçi hər bir yerdən dəvət gözləyir. Fikirləşirdim ki, təklif olsa, razılaşaram. Neçə ildir komandanı çalışdırıram. Əlbəttə, özüm istəyərdim ki, "Kəpəz”də qalım.

- Qarşıdakı planlar necədir? Komandanı hansı şəkildə hazırlayacaqsınız?

- Komandanı formalaşdırmaq lazımdır. Bu gün də işlər gedir. Yeni futbolçular cəlb etmək lazımdır. Mübariz kollektiv qurmaq istəyirik.

- İlk mövsüm üçün rəhbərliyin tapşırığı necədir?

- Bu barədə söhbət olmayıb. Komanda ilk dəfədir ki, Premyer Liqaya yüksəlib. Hədəfləri nə ola bilər ki? Uzun fasilədən sonra çıxış edəcəyi Premyer Liqada möhkəmlənmək lazımdır. İlk mövsümdə çempionata rəng qatmaq istəyirik.

- Transfer məsələlərini rəhbərliklə müzakirə etmisiniz?

- Bəli, bu yöndə müzakirələrimiz olub. Proses davam edir.

- "Kəpəz”ə o qədər də ciddi maliyyə ayrılmayıb, təbii ki, iddialı olmaq bir qədər çətindir. Bəs sizin hansı məqamlar narahat edir?

- Nə qədər maliyyə ayırıblar bilmirik. Bizə dəqiq bir söz deyilməyib. Ümumi məlumat veriblər və buna uyğun işimizi qurmalıyıq. Hazırda əsas olan komandanı yığıb formalaşdırmaqdır. Bu gün kollektiv şəkildə oynamaq lazımdır. Düzdür, orta səviyyəli legionerlər ola bilər. Hər şey büdcəmizdən asılıdır.

- Heyətdə köklü dəyişikliklər edəcəksiniz?

- Keçənilki heyətdən xeyli, həm gənc, həm də təcrübəli futbolçular qalıb. İkinci komandamamız da olacaq. Uşaqlara şans veriləcək. Verilən şansdan yararlanmaq futbolçuların özündən asılıdır. Danışıq apardığımız legionerlər var. Baxırıq, oyunlarını izləyirik.

- Dario Federikonun "Kəpəz”ə qayıdacağı haqda söz-söhbətlər gəzir. Onun qayıtmasını istəyirsiniz?

- Federiko ilə bağlı heç bir danışıq aparılmır. Təkcə Dario deyil, bir çox legionerlər var. Həm maddi, həm oyun cəhətdən sərf edən futbolçu axtarırıq. Söz-söhbətlər gəzir. Amma nə mən, nə də klub rəhbərliyindən kimsə onunla danışıb.

- Hazırlıq planlarınız necədir?

- Sabah (Bu gün - red.) Gəncədə hazırlığa başlayacağıq. Bəzi məsələlər var ki, həll olunmalıdır. Gəlmə futbolçuların qalması, qidalanması məsələləri həll edilməlidir. Hələlik keçənilki heyətdən qalan futboçularla başlayacağıq.

- Ümumiyyətlə, ilk mövsüm üçün neçə legioner almaq fikrindəsiniz?

- 4-5 legioner almaq istəyirik. Yerlilərdən də danışıqlar apardığımız futbolçular var. Hələ ki, adlarını açıqlamırıq. Amma razılıq əldə etdiyimiz oyunçular var. Məsələn, Tural Axundovla müqavilə bağladıq. Qapıçı Kamran İbrahimli ilə razılaşmışıq.

- Azarkeşlərlə görüşmək planlarınız var?

- Hər halda klubda bu məsələlərlə məşğul olurlar. Azarkeşlərlə görüşümüz olacaq. Görüşmək üçün müraciət edənlər də olub.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26