Interposta.Info

"Sumqayıt"ın yeni baş məşqçisi əcnəbi oldu - RƏSMİ

İdman
 30-12-2021, 12:16     3 510

"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib.

"İnterPosta" xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Aleksey Baqa "Sumqayıt” Futbol Klubunun baş məşqçisi təyin olunub. "PRO" kateqoriyalı 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Baqa futbolçu karyerası dönəmində "BATE” (Borisov, Belarus), "Dauqava” (Dauqavpils, Latviya) və "Dinamo” (Brest, Belarus) klublarının şərəfini qoruyub. "BATE” ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi olan (2005/06) Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. Belə ki, 2011-2018-ci illərdə adıçəkilən klubda köməkçi məşqçi vəzifəsində çalışan 40 yaşlı mütəxəssis 2018-ci ildə baş məşqçi kimi komandanın sükanı arxasına keçib və həmin ildəcə komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən "BATE” həmin mərhələdə İngiltərə "Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.

Bundan başqa, Aleksey Baqa məşqçi karyerasında "Jalgiris” ilə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın "Aktobe” (Qazaxıstan) klubunu da çalışdırmış mütəxəssis 2021-ci ildə isə "Şaxtyor” (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26