Interposta.Info

"İstəmirəm, ölkəmi dağıstanlı təmsil eləsin" - Dünya və Avropa mükafatçısı

İdman
 20-12-2021, 20:03     27 972

Bu il keçirilən güləş üzrə gənclər arasında dünya və Avropa çempionatlarının mükafatçısı Zirəddin Bayramovun (sərbəst güləş, 65 kq) Fanat.Az-a müsahibəsi

- Zirəddin, əvvəlcə səni yaxından tanıyaq.
- 2002-ci ildə Şəmkirin Qapanlı kəndində anadan olmuşam. Güləşə 7 yaşım olarkən, Şəmkir Olimpiya İdman Kompleksində Elçin Həsənovun yanında başlamışam. İndi də şəxsi məşqçim Elçin müəllimdir. Ölkədaxili yarışlarda Şəmkir şəhərini təmsil edirəm.

- İl ərzində gənclər arasında demək olar qatıldığın bütün beynəlxalq yarışlardan medalla döndün. Son olaraq da böyüklərin Azərbaycan çempionatının qalibi oldun. Çəki dərəcəni də nəzərə alsaq, belə bir ümid yaranıb ki, yeni Hacı, Toğrul yetişir. Bu münasibəti hiss edirsənmi?
- Bəli. Sözün açığı, dünya və Avropa çempionatındakı medallarımın əyyarı daha yüksək ola bilərdi. Səbəbi də kənarda - hakimlikdə yox, özümdə axtarıram. Ümumiyyətlə, hansı yarış olmasından asılı olmayaraq gümüş və bürünclə qane olmuram. Hədəfim ancaq birincilikdir. Buna da vurğuladığınız kimi, bu ayın əvvəli ölkə çempionatında nail oldum.


- Ölkə çempionatının finalında dağıstanlı legioner Əhmədnəbi Qvarzatilovla qarşılaşırdın. Görüşün prinsipiallığı nə dərəcədə idi?
- Finaldan öncə özümə söz vermişdim ki, nəyin bahasına olur-olsun, bu rəqibi udmalıyam. Gəlmə idmançılarla görüşlərdə qələbə bizim üçün ikiqat dəyərlidir. Mən istəmirəm ki, ölkəmi dağıstanlı təmsil eləsin. Sübut etməliydim ki, bu çəkidə mən daha güclüyəm. Şükürlər olsun, xalçanı başıuca tərk elədim.

- Qvarzatilov kifayət qədər təcrübəli idmançıdır. Dünya çempionatında, keçən il təşkil olunan dünya kubokunda medal qazanıb. Qarşılaşmanı udmaqda hansı amillər köməyinə gəldi?
- Aramızda yaş fərqi çoxdur. Görünür ki, yaşlanıb. Xalçada daha istəkli və enerjili olan tərəf mən idim.

- Son Azərbaycan çempionu kimi qarşıdakı Avropa çempionatında ölkəmizi təmsil etməyə ən real namizədsən. Öncəki fikirlərindən belə başa düşdük ki, ilk cəhddəncə maksimumu hədəfləyəcəksən...
- Gənclərdə hələ iki ilim var, amma bundan sonrakı məqsədlərim böyüklərlə bağlıdır. Avropa çempionatından öncə turnirlər keçiriləcək. Orada özümü göstərməliyəm. Getsəm, hədəfim qızıl medal olacaq. Başlıca məqsədim isə Parisdə Olimpiya çempionu olmaqdır. Şəhərimin adını yüksəltmək, ölkəmin fəxri olmaq istəyirəm.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26