Interposta.Info

suala cavab: “Bazel”ə yazığım gəldi”

İdman
 17-09-2021, 18:11     361

Ötən gün "Qarabağ” Konfrans Liqasının qrup mərhələsi çərçivəsində ilk matçını keçirdi. Ağdamlılar qrupun favoriti kimi göstərilən İsveçrə təmsilçisi "Bazel”lə qarşılaşdı. Matçda qol vurulmasa da, "Qarabağ”ın Avropanın tanınmış komandalarından birinə qarşı meydanda göstərdiyi oyun futbol ictimaiyyətini, belə demək mümkünsə, məst etdi. Bu matçdan sonra isə həm mətbuatda, həm də elə futbol ictimaiyyətinin digər nümayəndələri arasında fikir müxtəlifliyi yarandı. Hazırda isə beyinlərdə ən çox dolaşan sual budur – "Qarabağ” qrupun əsas favoritidirmi?” Bu suala da məhz mütəxəssislərdən cavab aldıq.

Mütəxəssislər "İnterPosta"-ya açıqlamasında kimləri favorit gördüklərini dedilər:

Şahin Diniyev: "Futbolda hər şey faktlara bağlanır. Oyunda gördüklərini analiz edib qərar çıxara bilirsən. Dünən göstərdiyi oyuna görə "Qarabağ”ı qrupun favoriti adlandırmaq olar. 90 dəqiqə ərzində "Qarabağ”, fiziki, taktiki, texniki, psixoloji - hər bir cəhətdən meydançanın ağası idi. Əvvəl "Bazel”i favorit görürdüksə, oyundan sonra artıq fikirlər dəyişdi. "Qarabağ” doğurdan da favoritə layiq oyun göstərdi. Yerlərini bilirər, ona görə də belə davam edəcəklərini düşünürəm. Çatışmazlıqlara gəlincə, qol yoxdur. Hücumun sivri ucunda nöqtəni qoya bilməmək məsələsi var. Ancaq komanda son nöqtəni qoymaq üçün hər şey etdi. Sadəcə, hücumda ustalıq və soyuqqanlılıq çatmadı. Bəzi məqamlarda da "Bazel”in müdafiədə etibarlı oyunu buna mane oldu. "Qarabağ” adına hər şey vardı, təkcə qoldan başqa”.

Yaşar Hüseynov: "Hazırda bu haqda konkret nəsə demək çətindir. Bildiyimə görə, "Bazel”in də itkiləri var idi. Ancaq "Qarabağ” belə davam etsə, favorit saymaq olar. Neçə ildir "Qarabağ”ın belə oyununu görməmişdim. Çox yaxşı oynadılar. Kimisə fərqləndirmək olmaz. "Qarabağ”ı nəyə görə favort saymaq olar? Çünki komanda səfərdə də yaxşı oynayır. Düzdür, digər rəqiblərlə oyunlarına baxmamışıq. "Bazel”i gördük, "Kayrat”ın, "Omoniya”nın hansı vəziyyətdə olduğunu bilmirik. İndidən desək ki, birinci yeri tutacaqlar, bu, düzgün olmaz. Hələ ki, "Qarabağ” əla oyun nümayiş etdirir. Hamının xoşuna gəldi, hətta qələbə qazanmalı idilər. Qol vəziyyətlərindən istifadə edə bilməmələrinə gəlincə, belə də olur. Bəzən çox imkanlar yaranır, amma qol vura bilmirsən. Əsas odur ki, o imkanlar yarandı. Bu da öz-özünə baş vermir. "Qarabağ” 90 dəqiqə dayanmadan qaçdı. Görünür, çox ciddi hazırlaşmışdılar. Üç gündən bir oyunlar olur, qrafik ağırdır. Komandadan belə oyun gözləmirdim. İnanıram ki, səfərdə də "Bazel”dən xal alacaqlar. İndiki halda "Qarabağ”ın favorit olması ilə razıyam. Məncə, indiki heyət ÇL-də çıxış etmiş kollektivdən daha üstündür. Yeni hücumçuları İbrahima Vaci güclüdür, çox xoşuma gəldi. Qısası, vaxtilə Çempionlar Liqasında çıxış etmiş heyətlərindən heç də geri qalmır. Güclüdürlər ki, zəif deyillər”.

Əfqan Talıbov: "Bu gün futbol elə bir səviyyəyə çatıb ki, heç kimə yuxarıdan-aşağı baxmaq, "mübarizə aparmır” demək olmaz. Bu gün UEFA böyük vəsaitlər ayırır. Qrupa düşmək, orada uğurlara nail olmaq pul qazandırır. Komandalar vuruşurlar, pul qazanırlar. Ona görə də kiməsə güclü və ya zəif demək olmaz. Bəli, "Bavariya” ilə qarşılaşarıqsa, favoritin məhz onlar olduğunu deyə bilərik. "Bazel”in isə bu gün yalnız adı qalıb. Bu, vaxtilə Məhəmməd Salahın oynadığı komanda deyil. Gəncləşdirmə gedir, təcrübəli futbolçuları azdır. "Bazel”in İsveçrə çempionatında birinci yeri "Yanq Boyz”a təhvil verməsi elə bunun sübutudur. Rəqabətdə onlar geridə qalır. Dünənki oyunun ikinci hissəsində "Bazel”ə yazığım gəldi. Üç ötürmə edə bilmirdilər. Bəli, "Qarabağ”ın istəyini də nəzərə almaq lazımdır. Bununla yanaşı, qrupdakı digər rəqiblər "Kayrat”la "Omoniya” heç-heçə oynamışdı. Bu "Qarabağ”ı daha da ruhlandırdı. Çünki qazanılacaq 3 xal qrupdan çıxmağa zəmin yaradırdı. İndi ən çətin rəqib "Bazel” deyil. Qrupun favoriti "Omoniya”dır. Bu rəqibi məğlub etsə, "Qarabağ” qrupun favoriti olacaq. Çünki kiprlilər Alma-Atada 0:0 oynayıblar. "Qarabağ”ı da məğlub etsələr, dörd xalla liderliyə yüksələcək. Dünən Bakı Olimpiya Stadionuna yığılan azarkeşlərə də halaldı, çox sağ olsunlar. "Qarabağ”a böyük dəstək verdilər. Futbolçular da buna qarşılıq verdilər və gözəl mübarizə apardılar. Ancaq camaatın əksər hissəsində olduğu kimi, məndə də sual doğurur ki, "Bazel” budur? Ard-arda dörd ötürmə edə bilmirdilər. İkinci hissədə fiziki göstəriciləri sıfıra endi. Hücuma çıxa bilmirdilər. Onların bir hücumçusu var – Kabral, elə bil ki, daş daşıyıb gəlmişdi. "Korpus”la oynayırdı, amma sonluğu qoya bilmirdi. Düzdür, "Qarabağ”ın da onlara imkan verməməsini qeyd etməliyik. Komanda meydanda bütün gücünü qoymuşdu. Bununla yanaşı, "Bazel” "sındı”, "zədələndi”, yerə yıxılıb "qıcolma tutdular”. Yəni bu, həmin "Bazel”dir? Siz təsəvvür edin, Şeydayevin sona yaxın vurduğu zərbə qol olsaydı, bütün stadiona yığışanlara, oyunu televeziya qarşısında izləyənlərə böyük sevinc bəxş edəcəkdi. İnana bilmədim ki, "Bazel” bu səviyyədədir. Qapıya zərbə vururlar top göylə gedir, ötürmələr bir-birilərinə çatmır, müdafiədə çox boşluqlar verirdilər. Sadəcə, "Qarabağ” yararlana bilmədi. Bunun da səbəbi təkcə bəxtsizlik deyil. Yadda saxlayın, Zubir yaradıcı oyunçudur. Yaradır, amma imkanları qola çevirməkdə çətinlik çəkir. Bundan başqa, hamı bilir ki, Ramil Şeydayevin istər millidə, istərsə də "Qarabağ”da rəqib qapısının ətrafında vurduğu zərbələr çox vaxt qola çevrilmir. Yəni qol silahı deyil. İbrahim Vacini də rəqiblər analiz etmişdilər və mərkəzdən hücuma keçməsinə mane olurdular. "Qarabağ”a uğurlar arzulayıram. Amma "Bazel” qrupun favoriti deyil. O "Bazel”dən əsər-əlamət yoxdur. Yeri gələndə məhz, "Qarabağ” favoritdir”.

Azər Bağırov: "Oyundan əvvəl azarkeşlər, futbol ictimaiyyəti inanırdılar ki, "Qarabağ” qələbə qazanacaq. Qol vursaydılar, "Bazel” bəlkə də böyük hesablı məğlubiyyətlə üzləşəcəkdi. Amma vurğulamaq lazımdır ki, bəlkə də bəzi əsas oyunçularının Bakıya gəlməməsi "Bazel”in hücumunda "dişsizliy”ə səbəb oldu. Onların da qol imkanları vardı, eyni zamanda səfərdə oynayırdılar. Tez qərar vermək istəmirsən ki, sonra proqnozlar düz çıxmaya bilər. "Kayrat”la "Omoniya”nın oyunlarını görməmişik. Onlar da dünən heç-heçə oynadılar. Hər oyuna fərqli yanaşma ola bilər. Komandalar öz çempionatlarında da çıxış edirlər. Məsələn, Zubirin zədələnməsi növbəti oyunda "Qarabağ”a böyük təsir edə, hətta baha başa gələ bilər. Çempionat uzundur, turnir də davam etdikcə zədələr və başqa problemlər olacaq. İnanaq ki, "Qarabağ” bu qrupdan birinci çıxacaq. Qol imkanlarından yararlana bilməmələrinə gəlincə, buna şanssızlıq da demək olar. Şeydayev on dəfə cəhd etsə, bəlkə səkkizində qol vura bilərdi. Həmin vaxt matçın sonları idi, bəlkə də həyəcan mane oldu. Bununla belə, dünən gördüyümüz "Qarabağ”, ən güclü "Qarabağ” idi. Çempionlar Liqasında oynamış heyətlə müqayisə etsək, mənim dünənki "Qarabağ” daha çox xoşuma gəldi”./qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26