Interposta.Info

Zelenskinin təbrik etdiyi azərbaycanlı: Nəsibov kimdir?

İdman
 6-08-2021, 11:51     265

Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhur olan, amma azərbaycanlı olduğunu çox azımızın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Ukrayna idmanının ən tanınmış simalarından biridir.

Pərviz Nəsibov – Azərbaycan əsilli ukraynalı yunan-roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Pərviz altı yaşına qədər Muğanlıda yaşayıb. Müsahibələrindən birində dediyinə görə, idman karyerasına da doğma kəndində başlayıb. Bir il burada sərbəst güləşlə məşğul olub.

2004-cü ildə Pərviz ailəsi ilə birlikdə Ukraynanın Nikolayev şəhərinə köçüb. İdman karyerasına burada davam etdirmək qərarı verən Pərviz Ukraynada yunan-roma üslubuna keçib.

Karyerasındakı uğurları

O, 2017-ci ilin mart ayında İranda keçirilən Dünya Kubokunda iştirak edib. Milli komanda yarışlarda altıncı yerdə qərarlaşsa da, bütün döyüşlərdə məğlubiyyətsiz mübarizə aparan yeganə ukraynalı güləşçi olub.

Pərviz həmin ilin iyul ayında Almaniyanın Dortmund şəhərində keçirilən yarışların finalında gürcü Georgi Kurtanidzeni məğlub edərək yeniyetmələr arasında Avropa çempionu titulunu aktivinə yazdırıb. 2018-ci ilin sentyabrında Slovakiyanın Trnava şəhərində yeniyetmələrin Dünya Çempionatında bürünc medal qazanıb.

Pərviz Nəsibov 2021-ci ilin may ayında Bolqarıstanın Sofiya şəhərində keçirilən turnirdə Tokio Olimpiya Oyunlarına vəsiqə alıb. Tokio olimpiadasının finalınadək məğlubiyyətsiz irəliləyən Nəsibov burada uduzmasına baxmayaraq, Ukraynaya gümüş medal qazandırıb. Bu, Pərvizin böyüklər arasında qazandığı ilk böyük makafatdır. İdmançı əvvəllər dünya və Avropa çempionatlarında yalnız gənclər səviyyəsində medallara sahib olub.

Zelenskinin təbriki

Ukrayna Prezidenti Vladimir Zelenski matçdan sonra ölkəsinə Olimpiya Oyunlarında gümüş medal qazandıran Pərviz Nəsibovu təbrik edib:

"Ukrayna üçün daha bir medal... Yunan-roma güləşçisi Pərviz Nəsibov olimpiadada uğurlu çıxış edib gümüş medal qazandı. Səmimi təbriklərimi çatdırıram”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26