Interposta.Info

Azərbaycan Kubokunun sahibi müəyyənləşir

İdman
 24-05-2021, 09:11     475

Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu keçiriləcək.

Fanat.Az-ın məlumatına görə, "Bank Respublika Arena”da "Keşlə” və "Sumqayıt” komandaları üz-üzə gələcək. Saat 19:30-da başlanacaq görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Finalçılar indiyədək iki dəfə üz-üzə gəlib. 2017/2018 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan "Keşlə” (1:0; 1:1) finala yüksəlib. Məhz həmin mövsüm paytaxt təmsilçisi finalda "Qəbələ"ni minimal hesabla yenərək, ilk və yeganə ölkə kubokunu qazanıb.

Növbəti mövsüm finalda, hazırda "Keşlə"yə rəhbərlik edən Sənan Qurbanovun baş məşqçi olduğu "Qəbələ" "Sumqayıt"a eyni hesabla qalib gəlib və "qırmızı-qaralar"ın yeganə titulunun memarı olub. Beləliklə, "Sumqayıt" titula həsrət qalıb.

Bu mövsüm isə "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə Azərbaycan çempionatının bürünc medalını qazandığı kimi, ölkə kubokuna da sahib çıxmağa iddialıdır. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 3-cü yerin sahibi olaraq, UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. Əvəzində Premyer Liqanı 6-cı pillədə başa vurmuş "Keşlə" avrokuboklara yollanmaqdan ötrü mütləq "Sumqayıt"a qalib gəlməlidir. Əks halda, Konfrans Liqasına son vəsiqəni 4-cü pillənin sahibi "Zirə" əldə edəcək.

Komandalardan yalnız "Keşlə" oyuna itki ilə çıxacaq. Yarımmüdafiəçi Vüsal İsgəndərli sarı vərəqə cəzalısı olduğu üçün final matçını buraxacaq. "Sumqayıt"da isə itki yoxdur. Yeganə narahatlıq doğuran məqam Əli Qurbani ilə bağlı olub. Lakin cənubi azərbaycanlı hücumçu zədəsini sağaldaraq, kollektiv məşqlərə qoşulub və bugünkü görüşdə meydana çıxma ehtimalı böyükdür.

Azərbaycan kuboku
2020/21 mövsümü
Final

24 may
19.30 Keşlə - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
"Bank Respublika Arena”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26