Interposta.Info

Dmitri Nazarov millimizdən imtina etdi - AFFA-dan açıqlama

İdman
 26-08-2020, 13:49     751

Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov Azərbaycan millisindən imtina edib.

"İnterPosta" xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə "sueddeutsche" nəşrinə açıqlama verib. Nazarov bildirib ki, koronavirus pandemiyası səbəbindən bu addımı atıb. "Yığmadan dəvət almışam, amma Bakıya yollanmayacam. Koronavirusa yoluxmalar çoxdu və təhlükəsizlik birinci yerdədi. Azərbaycan risk zonasındadı və uçuşlar o qədər də asan deyil. Bu səbəbdən millinin məşqçisi və mən ev qalmağa qərar verdik. Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm".

AFFA-nın bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib. Qarşılıqlı razılıq əsasında Nazarovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.

Bildirilib ki, UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün Milli Assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26