Interposta.Info

Çempionlar Liqasının finalı qalmaqalla yekunlaşıb

İdman
 1-06-2019, 15:31     10 437

Tunisin "Esperans" və Mərakeşin "Vidad Kasablanka" komandaları arasında keçirilən Afrika Çempionlar Liqasının cavab final görüşü qalmaqalla yekunlaşıb.

Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Cavab görüşündə birinci qolu "Esperans" vurub. 59-cu dəqiqədə qonaqlar hesabı bərabərləşdirsələr də, matçın baş hakimi qolu ofsayd səbəbindən ləğv edib.

"Vidad Kasablanka"nın oyunçuları epizoda VAR-ın köməyi ilə baxılmasını tələb ediblər. Qonaq komandanın bu qərarı meydan sahiblərinin azarkeşlərinin sərt reaksiyası ilə qarşılaşıb. Onlar meydana kənar əşyalar atmağa və pirotexnikadan yararlanmağa başlayıblar. Lakin baş hakim VAR-dakı texniki nasazlığın ortaya çıxması ilə əlaqədar video-təkrardan yararlana bilməyib.

Nəticədə "Vidad Kasablanka" futbolçuları matçı davam etdirməkdən imtina ediblər. Onları Afrika Futbol Konfederasiyasının prezidenti Əhməd Əhmədin müdaxiləsi də fikirlərindən döndərməyib. Nəticədə 1,5 saatadək dayandırılan oyunun final fiti səsləndirilib və "Esperans"ın 1:0 hesablı qələbəsi qeydə alınıb. Tunis təmsilçisi ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qalibi bu gecə müəyyənləşəcək. İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək final matçında İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları üz-üzə gələcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26