Interposta.Info

ÇL: “Mançester Yunayted” və “Portu” klubları 1/4 finala yüksəliblər

İdman
 7-03-2019, 08:52     10 435

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində ilk oyun həftəsinə yekun vurulub. 1/4 finala daha iki vəsiqənin sahibi müəyyənləşib.
Günün maraqla gözlənilən qarşılaşması Parisdə keçirilib. İngiltərənin “Mançester Yunayted” klubu evdə 0:2 hesabı ilə uduzsa da, Fransada PSJ səddini keçmək uğrunda mübarizə aparıb.
Baş məşqçi dəyişikliyindən sonra yüksəlişdə olan Ole-Qunnar Sulşerin yetirmələri çətin görünən bu vəzifənin öhdəsindən gəlməyi bacarıblar. Heyətində ciddi itkilər olmasına baxmayaraq, 3:1 hesablı qələbə qazanan İngiltərə klubu 1/4 finala yüksəlib.
Digər qarşılaşmada isə mərhələ adlayan komandanın adına əlavə vaxtda aydınlıq gəlib. İtaliya paytaxtı Romada eyniadlı komandaya 1:2 hesabı ilə uduzan “Portu” əsas vaxtda bu məğlubiyyətin əvəzini çıxa bilib.
Əlavə vaxtın sonlarında daha bir qol vuran meydan sahibləri 1/4 finala yüksəliblər. Maraqlıdır ki, digər görüşdə olduğu kimi “Draqao” stadionunda da həlledici olan sonuncu qol penaltidən vurulub.
Qeyd edək ki, bir gün əvvəl Hollandiya “Ayaks”ı və İngiltərə “Tottenhem”i də 1/4 finala yüksəliblər. Sonuncular Almaniya təmsilçisi Dortmund “Borussiya”sını (3:0, 1:0), Amsterdam klubu isə İspaniya “Real”ını (1:2, 4:1) mübarizədən kənarlaşdırıb. 1/8 final mərhələsinə martın 13-14-də keçiriləcək 4 oyunla yekun vurulacaq.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
6 mart
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya) – 3:1, əlavə vaxtda
Qollar: Tikinyo, 26, Mareqa, 53, Telles, 117 (pen.) – De Rossi, 37 (pen.)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Portu. “Draqao” stadionu
İlk oyun – 1:2
PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə) – 1:3
Qollar: Bernat, 12 – Lukaku, 2, 30, Reşford, 90+4 (pen.)
Baş hakim: Damir Skomina (Sloveniya)
Paris. “Park de Prens” stadionu
İlk oyun – 2:0

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26