Interposta.Info

Rusiyadakı dünya çempionatına tanınmışlardan kimlər gedəcək

İdman
 5-06-2018, 08:59     10 443

Əli Əliyev: “Tarixi bir şansdır”; Fazil Mustafa: “Stadiondan futbola baxmağı çox xoşlamıram”
Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatına 9 gün qalır. Bu yarışı böyük maraqla gözləyən ölkələrdən biri də Azərbaycandır. Məsafə baxımından çempionatın şimal qonşumuzda keçirilməsi turnirə olan marağı birə-beş artırır. Şübhəsiz ki, çempionatı canlı izləmək üçün Azərbaycandan da gedənlər az olmayacaq.


Ölkəmizin tanınmış simalarının yarışda iştirak edib-etməyəcəkləri ilə bağlı fikirlərini aldıq.

VİP sədri Əli Əliyev dedi ki, hələ getmək barədə qərar verməyib: “Mən də futbol azarkeşiyəm. Qrup mərhələləri bitdikdən sonra getməyim mümkün ola bilər. Sevdiyim millilərdən biri qruplardan çıxarsa, gedə bilərəm. Dünya Çempionatı digər yarışlardan çox üstündür. Dünyanın bir nömrəli idman növünün dünya turniridir. Aparıcı oyunçular bu yarışda iştirak edirlər. Bu baxımdan həqiqətən də tarixi bir şansdır. Baxmayaraq ki, iki ildən sonra Avropa birinciliyinə ev sahibliyi edəcək ölkələrdən biri Azərbaycan olacaq. Rusiyaya operativ qərar verə biləcəyim istisna deyil”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa şimal qonşumuza getməyi düşünmür: “Açığı, stadiondan futbola baxmağı çox xoşlamıram. Ancaq meydandan ”Qarabağ"ın oyunlarına baxıram. Nəyimə lazımdır ki, Rusiyada Braziliya, Almaniya, yaxud da başqa bir ölkə qalib gələcək? Televizordan baxıb zövq alaram".

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov futbol azarkeşi olduğunu vurğuladı: “Futbola azarkeşlik edirəm, bir neçə on ildir ki, İngiltərənin ”Manchester United" futbol klubuna azarkeşlik edirəm və bu komandanın bütün oyunlarını izləyirəm. Rusiyada keçiriləcək dünya çempionatında məmnuniyyətlə iştirak etmək istərdim. Uzun illər Rusiyada yaşamışam və oradakı kriminogen durum heç vaxt ürəkaçan olmayıb. Bu səbəbdən də Rusiyanı ictimai-siyasi vəziyyətin sabit olduğu ölkələr sırasında görmürəm. Orada hər an hər bir insanın həyatı təhlükədə ola bilər. Məsələn, küçədə getdiyin zaman qarşına çıxan bir dəstə sərxoş gəncə sənin dərinin rəngi xoş gəlməyə bilər. Bu isə o deməkdir ki, onlar səninlə “məsələni aydınlaşdırmadan” öz yollarına davam etməyəcəklər. Rusiyada bu, adi bir haldır. Kütləvi tədbirlərin keçirildiyi yerlərdə isə belə hallarla daha tez rastlaşmaq mümkündür. Bu səbəbdən Dünya Çempionatı yarışlarına Rusiyada baxmaq seçimi etməkdən uzağam".

BAXCP sədrinin müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Rusiyaya getməyəcək: “Futbol azarkeşi deyiləm. Yalnız Avropa, dünya çempionatlarının final matçlarını və ”Qarabağ"ın iştirak etdiyi beynəlxalq turnirləri izləyirəm. İmkanım olsa belə final oyununa baxmaq üçün Rusiyaya getməyəcəm. Çünki səfər etmək istədiyim ölkələrin siyahısında Rusiyanın adı yoxdur".

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, Kreml bu çempionatı pulla alıb: “Korrupsiyaya qatılmış çempionatda azarkeş kimi iştirak etmək o qədər də ürəyimcə deyil. Üstəlik, işğalçı faşist dövlətdə dünya çempionatının keçirilməsi təəssüf hissi doğurur. Futbolu son illərdə çox pulla çirkləndiriblər. Ona görə əvvəlki xalq oyunu futbolu qalmayıb. İndi futbol kütlələrin deyil, yeni biznes aristokratiyanın oyunudur. Həmçinin yayda belə iş, güc olduğundan adam heç bir neçə günlük istirahət etməyə vaxt edə bilmir, o ki qalsın başqa ölkəyə gedib futbola baxasan”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev qeyd etdi ki, Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında oyunlara stadionda baxmağı planlaşdırmır: “Çempionatın maraqlı oyunlarını və finalları televiziya vasitəsilə izləməyə üstünlük verirəm. Həmçinin qrup oyunları və finallar ayrı-ayrı şəhərlərdə olacağından istədiyin oyunlara baxmaq həm maddi, həm texniki baxımdan problemlər yaradacaq. Bir də hazırda Rusiyada elə qiymətlər hökm sürür ki, Avropa qiymətlərini də ötüb . Keçən il yayda Sankt-Peterburqda şəxsi işlərimlə bağlı olduğum vaxtlar Konfederasiya kuboku oyunları gedirdi. O zaman fürsətdən istifadə edib final oyununda Almaniya - Çili qarşılaşmasını izləmişdim. Amma yenə də mənim üçün əlahiddə maraq kəsb edən komandalar istisna olmaqla, futbol oyunlarını telekanallarda izləməyi daha üstün tuturam”.

Qol.az saytının baş redaktoru Aydın Bağırov Moskvada keçiriləcək açılış oyununda iştirak edəcəyini bildirdi: “Dünya çempionatının Moskvada keçiriləcək açılış oyununda iştirak edəcəyəm. Əlbəttə, hansı ölkədə keçirilməsindən asılı olmayaraq, dünya çempionatının final mərhələsinin, xüsusilə açılış və final matçlarına canlı baxmaq fərqli hisslər yaradır. Mənim üçün bu oyunun xüsusi özəlliyi olacaq. Çünki bu matça digər xarici səfərlərimdən fərqli olaraq, jurnalist deyil, yarışın rəsmi sponsorlarından birinin qonağı qismində dəvət olunmuşam. Əminəm ki, müxtəlif millətlərin nümayəndələri arasında oyunu izləməklə yanaşı stadiondakı və Moskvadakı abı-havanı daha yaxından müşahidə etmək, sonra da bunları yazıya köçürmək üçün geniş imkanlarım olacaq”.

Komanda.az saytının redaktoru Natiq Muxtarlı çempionatın qonşu ölkədə olmasını bir fürsət sayır: “Əslində bu şans sırf idman jurnalistləri üçün göydəndüşmə bir fürsət sayılmalıdır. Sadəcə, bizim idman mətbuatının durumu o qədər acınacaqlıdır ki, hər hansı bir mətbuat orqanı və ya elektron sayt qulağımızın dibində olan ölkəyə belə əməkdaşını ezam etmək iqtidarında deyil. Əgər qəzet və saytlar bunu bacarmırsa, hansısa jurnalistin fərdi qaydada Rusiyaya getməsi də mümkünsüzdür. Təbii, çox istərdim ki, Rusiyada keçirilən dünya çempionatında iştirak edib abı-havanı, təşkilatçılığın səviyyəsini, işə yanaşma metodunu, problemləri, bu turnirdən öyrənə biləcəyimiz məqamları izləyim. Amma buna maddi imkan yoxdur. Heç buna görə təəssüflənmirəm də. Mən Azərbaycan mətbuatının real durumunu yaxşı bildiyim üçün ”palaza bürün, elnən sürün" prinsipinə əməl edirəm. “Azərbaycan idman ölkəsidir” demək çox asandır. Ancaq hərdən bu “idman ölkəsi”ndə idman mətbuatının durumu ilə də maraqlanmaq lazımdır. Bizim idman mətbuatı nəinki böyük turnirlərə, hətta Azərbaycanda keçirilən yarışlara əməkdaş ezam etmək iqtidarında deyil. Və belə durum da idman sahəsinə cavabdeh olan kimsəni qətiyyən narahat etmir. O kimsələri medalların sayının çox olmasından, bir də barələrində gedən tənqidi yazıları saytlardan necə sildirməkdən savayı nəsə maraqlandırmır"./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26