Interposta.Info

Qurban Qurbanov: "Futbolçularda psixoloji yorğunluğa baxmayaraq, qələbəyə nail olduq"

İdman
 18-09-2017, 07:30     10 457

"Qalib gəlmək istəyirdik. Futbolçularda psixoloji yorğunluq var idi. Buna baxmayaraq, qələbəyə nail olduq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib. Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- İbrahim Şehiçin əvəzedici heyətə göndərilmə xəbəri nə dərəcədə doğrudur?

- İbrahim Şehiç əsas komandadadır. Qərar verəndə də heç kimə açıqlamıram. Əvəzedici heyətə göndərilməyib.

- Çempionlar Liqasında "Çelsi"yə məğlubiyyətdən sonra "Kəpəz", "Sumqayıt" və "Roma" ilə matçlar... Premyer Liqa matçlarından sonra Çempionlar Liqasındakı oyuna hazırlaşmaq çətin olmayacaq?

- Futbolçularımın oyunundan razı qala bilmərəm. Gərək bir neçə oyun keçirsinlər ki, uyğunlaşsınlar. Çempionlar Liqasındakı mübarizə, sürət və aqressiya ilə Premyer Liqa arasında böyük fərq var. Belə oyunlardan sonra futbolçuları kökləmək və "Roma" kimi komandaya qarşı oynamaq çətindir. Rəqiblərimiz hazırda daha çox müdafiəyə oturur və əks-hücumlara üstünlük verirlər. Bu mənada Çempionlar Liqasında oynamaq çətindir.

- Dani Kintana 37 gündən sonra meydana qayıtdı və qol vurdu. Onun oyunundan razı qaldınız?

- Şadam ki, Dani Kintana qol vurdu. Bu, düşünürəm ki, formaya düşməsinə təkan olacaq. Amma fevraldan bəri oynamadığından, formaya düşməsinə vaxt lazımdır. Hələlik tam razı deyiləm. Amma bu gün təcrübəsi hesabına qol vurdu və kollektivə uyğunlaşdığını göstərdi.

- "Azərsun Arena"da çempionat matçını keçirməməyiniz U-19 komandanızın UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar idi?

- Daha çox U-19 komandasının oyununa görə belə qərar verdiik. "Azərsun Arena"nın istirahətə vaxtı olmamışdı. Çünki məşqləri də orda edirdik. Amma ola bilər ki, gələcəkdə orda da çempionat oyunlarını orda keçirək.

- Bakı Olimpiya Stadionunun durumu sizə problem yarada bilər?

- Hələ deyə bilmərəm. Futbolçu üçün meydanın durumu vacibdir. Ola bilsin, çətinliklər olsun. Amma oyundan sonra deyə bilərəm.

- Ansi Aqollinin "Sumqayıt"la oyunda meydana çıxacağı gözlənilir?

- "Sumqayıt"la oyuna yox, "Roma" ilə qarşılaşmaya hazır ola bilər. Tez hazır olsa belə, çempionat qarşılaşmasında risk etmək istəməzdik.

- Ağabala Ramazanovun 23-lükdən kənarda qalması nə ilə bağlı idi?

- Ağabala zədəli idi. Ona görə 23-lükdən kənarda qalmışdı. Amma zədəsi ciddi deyil və tezliklə meydana çıxacağına ümid edirik.

- Yakub Jezniçak sol cinahda çıxış edirdi. Bu mövqedə onun oyunundan nə dərəcədə razı qaldınız?

- Jezniçak verilən tapşırığı daha çox təcrübə hesabına yerinə yetirdi. Çətin olsa da, pis təsir bağışlamadı. Oyunun gedişində 3 müdafiəçiyə də keçirdik. Bu zaman o, Rəşad Sadıqov və Bədavi Hüseynovla yanaşı çıxış edirdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26