Interposta.Info

Avqustun 15-də qəlblər “Qarabağ”la döyünəcək

İdman
 12-08-2017, 07:30     10 495

İqbal Ağazadə: “Hansı vasitə ilə olur-olsun oyunu izləməyə çalışacam”

Fazil Mustafa: “Stadiona gedib...”

Fərəc Quliyev: “Stadionda boş yer olmamalıdır”

Azərbaycan futbolu tarixində avqustun 15-i gecəsi ən önəmli günlərdən biri olacaq. Həmin gün ilk dəfə olaraq Ağdam klubumuz “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın güclü “Kopenhagen” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günlər keçdikcə həyəcan da pik həddə çatır və oyuna maraq olduqca yüksəlir. Bunu sosial şəbəkələr və mətbuatdan açıq şəkildə görmək mümkündür. Ölkəmizin ən müxtəlif sahələrinin tanınmış simaları da oyunla bağlı gözləntilərini dilə gətirirlər.

Onların bəzilərinin “Qarabağ-Kopenhagen” oyununu stadiondan izləyib-izləməyəcəkləri, eləcə də, tarixi gecə ilə bağlı gözləntilərini öyrəndik.

Ümid Partiyasının sədri İqbal Ağazadə çətin oyunun olacağını söylədi: “Qarabağ”a uğurlar arzulayıram. Hər halda çox çətin oyun olacaq. Çalışacam ki, hansı vasitə ilə olursa olsun oyunu izləyim. Ya canlı, ya da telekanal vasitəsilə”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa oyunu stadiondan izləyəcək: “Fikrim var ki, stadiona gedib, oyunu canlı oradan izləyim. Çox güman ki, iştirak edəcəm, dəstəyimi verəcəm. Düşünürəm ki, bizə ən uyğun rəqib elə bu idi. Mənim arzuladığım və “Qarabağ”ın keçmə ehtimalı olan rəqib nisbətən bu idi. Hər halda alman, ingilis, ispan tipli klublarla oynamaq çox çətindir. Çünki onlar nəticəyə oynamağı bacaran klublardır. Qurban Qurbanovun yaratdığı bir sistem var. Bu sistem ümid verir ki, müəyyən dərəcədə vəziyyətdən çıxmaq mümkün olsun”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev həmin gün paytaxtda olmadığına görə, oyunda iştirak edə bilməyəcəyini qeyd etdi: “İdman ölkənin imicini təqdim etmək üçün böyük əhəmiyyətə malikdir. Elə ölkələr var ki, dünyada həmin ölkələri futboluna görə tanıyırlar. Son zamanlar sevindirici haldır ki, Azərbaycan idmançıları bir çox sahələrdə uğurlar qazanıblar. Bu gün “Qarabağ” klubumuzun pley-off mərhələsinə çıxması çox ciddi hadisədir. Hesab edirəm ki, klubumuzun bu adla dünya miqyaslı yarışda iştirakı siyasi cəhətdən də çox ciddi haldır. Düşünürəm ki, Ağdamın “Qarabağ” klubu adından daha çox, “Xankəndi Qarabağ” komandası Azərbaycan adı altında getsə daha yaxşı olar. Bunun da çox müsbət əhəmiyyəti olar. Hazırda doğulduğum Ordubad rayonundayam. Ayın 15-də Bakıda olmayacam. Amma təbii ki, televiziya vasitəsilə oyunu mütləq izləyəcəm. Komandamıza uğurlar arzulayıram. Hər kəsi iştiraka çağırıram. O stadionda boş yer olmamalıdır. Bu tariximizdə çox mühüm hadisədir və çox müsbət haldır”.

AĞ Partiya başqanının müavini Əhəd Məmmədli qələbənin “Qarabağ” tərəfdə olacağını düşünür: “Çalışacam “Qarabağ”ımızın oyununa gedim. Şansları bərabər sayıram. Bu tarixi şansdan “Qarabağ” istifadə etməlidir. Düşünürəm Azərbaycan çempionu psixoloji baryeri keçə bilsə, özlüyündə və hakim ədalətsizliyinə düçar olmasa, qələbə “Qarabağ”ındır”.

Komanda.az saytının redaktoru Natiq Muxtarlı “Qarabağ-Kopenhagen” oyununda mütləq iştirak edəcəyini söylədi: “Çempionlar Liqasının pley-off mərhələsində zəif və təsadüfi komandalar çox nadir hallarda olur. “Kopenhagen” isə Avropada kifayət qədər tanınmış klubdur. Ancaq “Qarabağ” da son illər sabit çıxışla yadda qalıb. Məğlubedilməz komanda yoxdur. O komanda qalib gəlir ki, daha hazırlıqlı olur və rəqibi yaxşı analiz edir. Təbii ki, “Kopenhagen”in də zəif nöqtələri var. “Qarabağ”ın məşqçilər korpusu bu zəif nöqtələri tapmalı, üstəlik, “Kopenhagen”in üstün tərəflərini öyrənib, təhlükənin hansı tərəfdən gələ biləcəyini müəyyənləşdirməlidirlər. “Kopenhagen”in “Vardar”la oyununa baxdım. Bu komandanı sürətli cinah hücumları ilə çətin vəziyyətə salmaq olar. Rəqib, təzyiq göstərdikcə, müdafiədə səhvlər buraxır. Təsadüfi deyil ki, “Kopenhagen” Çempionlar liqasının təsnifat mərhələsində keçirdiyi hər oyunda qol buraxıb. Elə çempionat oyunlarında da qapılarının toxunulmazlığını qoruya bilmirlər. “Qarabağ” “Kopenhagen”ə qol niyə vura bilməsin? Qurban Qurbanovun yetirmələri ənənəvi oyun stilini qorumalı, amma hücumda bir qədər sürətli və aqressiv olmalıdırlar. “Kopenhagen”in bu sürətə və aqressiyaya davam gətirəcəyini güman etmirəm. “Qarabağ” bu komandaya qalib gələ bilər və qalib gələcəyinə də inanıram”.

Qol.az-ın baş redaktoru Aydın Bağırov əzəmətli Çempionlar Liqası himninin ilk dəfə Bakıda səslənəcəyini dilə gətirdi: “Mənim ən böyük arzularımdan biri Çempionlar Liqasının oyununu jurnalist kimi izləmək olub. Pley-off-dan başlayaraq biz Çempionlar Liqasının o əzəmətli himnini dinləyəcəyik. Bu, Azərbaycanda ilk dəfə olaraq “Qarabağ”ın gələn həftə keçirəcəyi matçında baş verəcək. Çoxdandı Bakıdakı oyunlara jurnalist kimi getmirəm. Dostlarımın dəvəti ilə oyunlara ya böyük ekranı olan məkanlarda, ya da elə stadionda, “Sky box”larda baxırdım. Amma mənə görə bir jurnalist üçün Respublika stadionunda matçı izləmək, yaxşı müşahidə aparmaq üçün ən ideal yer media tribunasıdır. O tribunada təkcə futbola baxmırsan, həm də futbolla yaşayırsan, elə bil özün də meydanın içində olursan, futbolçuya qoşulub oynayırsan. Ona görə də jurnalist kimi qeydiyyatdan keçmək üçün “Qarabağ” klubuna müraciət etmişəm. Ümumiyyətlə, futbolu ürəkdən sevən hər bir insan əgər vaxtı varsa və Bakıda yaşayırsa, gəlib mütləq bu oyunu izləməli, o möhtəşəm himni dinləməlidir. Mən əminəm ki, avqustun 15-də biz Respublika stadionunda iki komandanın ifasında futbol deyil, gözəl bir tamaşa seyr edəcəyik. Gözləntilərim nədi? “Qarabağ” tarixində ən ağır oyunlarından birini keçirəcək. Əsas odur ki, komandada zədəli futbolçular olmasın. Amma kapitan və lider Rəşad Sadıqovun zədəsi məni narahat edir. Bu matçı buraxmaq ehtimalı az deyil. Yeni transfer Geryenin də zədəsi var. Amma ümid edək ki, oyuna qədər onların durumu düzələcək. Düzəlməsə, komanda ciddi problemlər yaşayacaq. Ümumiyyətlə, yaxşı ki, püşkdə rəqibimiz Yunanıstan çempionu “Olimpiakos” olmadı. Həmin komandadansa Danimarka təmsilçisi “Kopenhagen” bizə uyğun rəqibdir. Bu mənada, mən bu cütlükdə aşkar favorit görmürəm. Hər iki komandanın şansı bərabərdir və cütün taleyi “Kopenhagen”dəki cavab oyununda həll olunacaq”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26