Interposta.Info

“Zirə” “Qara şeytanların” caynağında- haydı, “Qəbələ”...

İdman
 13-07-2017, 11:46     453

Bu gün daha iki klubumuz Avroliqada güclü rəqiblərlə qarşılaşır

Bu gün UEFA Avropa Liqasının II mərhələsində Azərbaycanın “Zirə” klubu səfərdə Rumıniyanın “Astra” komandası ilə qarşılaşacaq. 7 min azarkeş tutan “Marin Anastasoviçi” stadionunda keçiriləcək matç Bakı vaxtilə saat 21:30-da başlayacaq.

“Astra” üçün Avroliqaya göydəndüşmə vəsiqə

“Astra” Avroliqaya “təmiz” vəsiqə qazanmayıb. Çünki klub daxili çempionatı 6-cı yerdə başa vurub. Amma 5-ci pillənin sahibi “CFR Cluj” Avrokuboklarda çıxış üçün lisenziya olmadığı üçün “Astra” Avroliqa şansını sınamaq imkanı qazanıb.

“Astra” Rumıniyanın Corcu şəhərini təmsil edir. Klub 1934-cü ildə yaradılıb. Amma 1998-ci ilədək heç bir uğur qazana bilməyib. 1998-ci ildə isə komanda A divizionuna vəsiqə qazana bilib. Klub 2003-cü ildə şəhərin digər komandası “Petrolul”la birləşərək, “Ployeşti” adı altında çıxış etməyə başlayıb. Bir ara 3-cü liqaya kimi geriləyən komanda 2009-cu ildə yenidən yüksək liqaya qayıdıb. Elə həmin ildən “Astra” adını özünə qaytaran klub, 2012-ci ildə Ployeştidən köçərək, Curcuda məskən salıb.

Klub əsas uğurlarını məhz şəhər dəyişikliyindən sonra qazanmağa başlayıb. Belə ki, komanda yeni şəhərə köçdükdən sonra Rumıniya çempionu (2015/16), ölkə çempionatının gümüş mükafatçısı (2013/14), ölkə kubokunun qalibi (2013/14), finalçısı (2016/17) və iki dəfə ölkə superkubokun (2014, 2016) qalibi olub.

“Astra” qara-ağ formada çıxış edir və azarkeşlər klubu “qara şeytanlar” adlandırırlar. 2012-ci ildə “Astra” ilk dəfə Rımıniya kubokunu almağa yaxın olub. Amma yarımfinalda “ÇFR Cluj” a uduzub. 14 komandanın iştirak etdiyi Rımıniya çempionatı iki mərhələdə keçirilir. Birinci mərhələdə 14 klub ev və qonaq meydanda görüş keçirir. 26 tur başa çatdıqdan sonra klublar iki qrupa bölünür. Birinci dövrədə ilk altılığa düşə bilən komanda öz aralarında ilk 6-lığı müəyyənləşdirmək üçün hər klubla yenə iki oyun keçirir. Digər qrupdakı komandalar da öz aralarında 7-ci və sonuncu yerin sahibini müəyyənləşdirirlər. 13-cü və 14-cü yeri tutan klublar ikinci diviziona düşür.

“Astra” UEFA-nın rəsmi saytının məlumatına görə, ən yaxşı klub komandaları sırasında 97-ci yerdə qərarlaşıb.

1996-cı ildən klubun sahibi “İnter Agro Group”un rəhbəri olan Yoan Nikulaedir. 2005-ci ildə “Astra”nın milyarder prezidenti Nikulae Sosial Demokrat Partiyasının seçki kampaniyasına qanunsuz pul ayırmaqda ittiham edilərək 2 il yarım müddətinə həbs edilib.

“Astra”nın baş məşqçisi həm qorxur, həm də...

İş orasındadır ki, hazırda klubda heyət problemi var. Yay transferi dövründən sonra klubda vəziyyət xeyli qarışıq görünür. “Astra”nın Avropa Liqasındakı əsas silahı Budesku və Alibek komandanı tərk ediblər.

Rumıniya klubunun baş məşqçisi Edvard Yordanesku ölkəsinin mətbuatına açıqlama verərək heyətdəki dəyişikliklərdən narahat olduğunu gizlətməyib.
“Komandada müxtəlif dəyişikliklər oldu. Keyfiyyətli futbolçular transfer etsək də, onlar birlikdə oynamayıblar. ”Zirə" ilə ilk görüşün keçirilməsinə isə az vaxt qalıb. Bu amil məni narahat edir. Bəzi mövqelərə futbolçu tapa bilsək, uğur qazana bilərik. Oyunçularımızın çoxu cavandırlar, II və III liqalarda çıxış ediblər. Bizi çətin sınaqlar gözləyir. Rəhbərlik yeni transferlərlə bağlı bəzi vədlər verib. Ümid edirəm ki, tez formalaşacağıq. Tələblərim çox yüksəkdir. Rumıniyanın ən yaxşı komandaları sırasında olmaq istəyirik".

Yoxlama oyununda adı heç nə deməyən “Snaqov”a 8:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş məşqçi daha ürəkli danışıb: “Bizim ”Zirə" ilə oyuna hazırlaşmağa az vaxtımız oldu. Şadam ki, vacib oyundan əvvəl yoxlama matçı keçirdik. Komandada çox müsbət məqamlar gördüm".

Müdafiə xətti güclü görünür: braziliyalı və xorvat...

Qeyd edək ki, “Astra” yay transferində əsas oyunçularından biri yaponiyalı SetoTakayukini itirib. Klub Eriko da Silva və Filip Mrzljakı isə Rumıniya klublarından transfer edib.

Eriko (Erico Constantino Da Silva) braziliyalıdır. 27 yaşlı müdafiəçinin transfer qiyməti 200 min avrodur. Klubun daha bir braziliyalı üzvü Marquinhosdur (Marcus Vinicius Vidal Cunha).

25 yaşlı yarımmüdafiəçi də rəqib üçün təhlükəlidir.

24 yaşlı Mrzljak isə xorvatdır. Komandanın hücum ümidi isə fransız futbolçu Antoni Le Tallakdır. 34 yaşlı hücumçu Yunanıstanın “Atromitos” klubundan transfer olub. Klubda daha bir əcnəbi futbolçu Pyotr Polçakdır. O, “Krakoviya”(Polşa) klubunda oynayıb.

Klubun əsas qapıçısı isə Plamen İvanov Pelevdir. 25 yaşlı bolqarıstanlının transfer qiyməti 500 min avrodur.

“İnter”ə problem yarada biləcək hücumçulardan biri də rumıniyalı, adı da heç də dilə yatmayan Chipirliudir (Remus Bogdan Chipirliu). 24 yaşlı hücumçu bugünkü qarşılaşmada “Zirə”nin müdafiəçilərinə ciddi problemlər yaşada bilər.

“Astra” - “Zirə” oyununu belaruslu referi Sergey Sinkeviçə tapşırılıb. Yan xətt hakimləri - Vitali Malyutin və Yevgeni Romanov olacaq.

Haydı, “Qəbələ”...

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununu keçirəcək “Qəbələ” də bu gün “Yagelloniya” (Polşa) klubunu qəbul edəcək.
“Bakcell Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq.

“Yagelloniya”nın güclü heyəti var

“Yagelloniya” Polşanın Belostok şəhərini təmsil edir. 1920-ci ildə yaradılmış klub ev oyunlarını 22 min azarkeş tutan “Şəhər stadionu”nunda keçirir. Komandanın əsas ümidi hücumçu 26 yaşlı Fyodr Çernıxdır. “Qəbələ” ilə oyunda adı iştirakçılar sırasında olan Çernıx rus kökənli olsa da, Litva millisində oynayır. Daha bir hücumçu Killian Şeridan irlandiyalıdır. 28 yaşlı hücumçu İrlandiya millisində də oynayıb. “Qəbələ” ilə oyunda meydanda görə biləcəyimiz daha bir oyunçu Karol Sviderskidir. Cəmi 20 yaşı olan polşalı hücumçuya da ümidlər çoxdur. Lukas Sekulski də klubun gənc futbolçularından sayılır. Onun da 26 yaşı var.

Rəqib klubun məşqçisi nəyə arxayındır?

“Qəbələ” böyük büdcəyə və yaxşı oyunçulara sahib klubdur. Onlar yay fasiləsində 9 oyunçu transfer ediblər. Ancaq bu o demək deyil ki, onlar komandanı gücləndiriblər. Çünki yeni futbolçuların yeni kollektivə uyğunlaşmaq üçün zamana ehtiyacları var".

“Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot belə deyib. O bildirib ki, “Qəbələ”nin yeni transferlərinin hamısı start heyətində meydana çıxsa, Polşa klubu üçün daha yaxşı olar: “Çünki çox az müddət bir yerdə olublar və kollektivin formalaşması vaxt tələb edir. Bu da bizə əlavə şans yaradır”.

İ.Mamrot “Qəbələ”ni yaxşı təhlil etdiklərini söyləyib: “Onlarda çempionat çoxdan bitib. Amma rəqibin Kiyev ”Dinamo"su və “Ludoqorets”lə yoxlama oyunlarının videoyazısına baxmışam. Əlbəttə ki, güclü komandadır. Ancaq biz onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq".

İnanırıq ki, bu gün hər iki klubumuz meydandan azarkeşləri sevindirəcək nəticə ilə ayrılacaq./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26