Yoahim Löv: "Azərbaycan futbolu inkişaf edib, maşallah" -

“Oyundan razı qaldım. Amma komandadan daha yaxşı oyun gözləyirdim”.
Musavat.com xəbər verir ki, bu sözlər Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
DÇ-2018-in seçmə mərhələsində millimizin qonağı olan Bundestim asanlıqla qalib gələrək (4:1) yoluna itkisiz davam edib.
Oyundan sonra keçirilən mətbuat konfransında Lövün qələbə şərhi belə olub: “Bundan da yaxşısını bacararıq. Bu gün istədiyim oyunu tam görmədim”.
- Andre Şürrlenin çıxışı sizi məmnun etdimi?
- Şürrle “Borussiya”da daim oynamasa da, onu dəvət etdim. Dünənki məşqdən razı qalmışdım. Açığı, ondan bu cür oyun gözləmirdim. 2 qol vurdu və necə keyfiyyətli futbolçu olduğunu ortaya qoydu. O, bizim üçün çox vacib futbolçudu.
- Yeni ildəki ilk iki oyuna görə komandanın durumunu necə dəyərləndirərdiz?
- İki oyunu müqayisə etmək olmaz. Çünki İngiltərə ilə yoldaşlıq görüşü keçirdik. Ötən illə müqayisədə bu dəfə gec bir araya gəldik. 4 aydan sonra toplaşdıq. Bu səbəbdən komandanın oyunu məni tam qane etmədi. Səhvdən qol buraxdıq. Başqa səhvlər də var idi. Bunların üzərində işləyəcəyik. Qarşıda daha bir seçmə mərhələ matçı və ondan sonra Konfederasiyalar Kuboku var. Həmin yarışa qədər daha yaxşı duruma gəlməyə çalışacağıq. Onu da deyim ki, 5 və 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan yığması gördüm. Müdafiəyə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Norveçi məğlub edən komandadan söhbət gedir. Biz buna hazır idik. Azərbaycan yığmasının bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib. Bunu da öz oyunu ilə ortaya qoydu. Fürsətdən istifadə edib, lider oyunçularımıza təşəkkür etmək istəyirəm. Belə kiçik futbol ölkələri ilə matça çox yaxşı köklənmişdilər. Bu tip matçlarda konsentrasiyanın yüksək səviyyədə olması önəmlidi. “Bavariya”, “Borussiya” Çempionlar Liqasında iştirak edirlər. Buna baxmayaraq, futbolçular milliyə həvəslə gəlirlər.
- Komandanız 7 oyundan sonra qol buraxdı. Bundan əvvəlki matçlarda da sizin qapınıza qol vurmuşuq. Bunu nəzərə alıb, Azərbaycan yığmasına hansı qiyməti verərdiz?
- İstərdim ki, yenə qol buraxmayaq. Amma Azərbaycan yığması qol vurmağa çox çalışdı. Qiymət verə bilmərəm. Amma futbolunuzun inkişafda olduğu hiss olunur. Güclü rəqiblərə qarşı topla oynamağı bacarır. Azərbaycan futbolu böyük irəliləyişdədi və bu komanda ilə fəxr edə bilərsiz. Maşallah (azərbaycanca deyir).
- Almaniyada çıxış edən Renat Dadaşov bu gün meydanda olmasa da, Azərbayan yığmasına üstünlük verib. Siz onun varlığından xəbərdarsınızmı? Eyni zamanda Dadaşovun 1 milyon dollar qarşılığında millimizi seçdiyi yazılıb. Buna münasibətiniz də maraqlıdı...
- Bəli, onu tanıyıram. Bilirəm ki, istedadlı futbolçudu. Hələ gəncdi, gələcəyi var. Azərbaycan onun oyunundan həzz alacaq. O ki qaldı pul məsələsinə, oxumuşam, amma bu barədə nəsə deyə bilmərəm. (Dadaşovun pul qarşılığında millimizi seçdiyini yazan “Bild” nəşrinin əməkdaşı müdaxilə edərək, bu xəbərdən məlumatsız olduğunu deyib).
- Şürrle və Kimmixin klubunda az oynaması sizi narahat etmir?
- Şürrle və Kimmixin klubunda müntəzəm oynamasını istərdim. Yəqin ki, Filipp Lam karyerasını bitirdikdən sonra Kimmix “Bavariya”da daha çox meydanda olacaq. O, mənim gələcək planlarıma daxildi.
- Hazırkı futbolçuları Konfederasiyalar Kubokunda görə biləcəyik?
- May ayına qədər vaxtımız var. Qarşıda U-21-in yarışı var. Ondan da çox şey asılıdı. Bizim əsas məqsədimiz gələn il Rusiyada keçiriləcək dünya çemponatıdı. Hədəfimiz dünya çempionluğudur. Ola bilsin ki, bəzi yeni futbolçular bizimlə Konfederasiyalar Kubokuna yollansın.
- Leno bu gün ilk dəfə Almaniya millisinin qapısını qoruyurdu. Onu meydana buraxmağınızın səbəbi nə idi?
- Ter-Ştegen və Leno yüksək səviyyəli qapıçılardı. Ter-Ştegen İngiltərə ilə matçda iştirak etdi. Bu gün də Lenoya şans verdim. Noyer bizim əsas qapıçımızdı. Amma hər ikisini oynatdım ki, Noyer rəqabət olduğunu hiss etsin.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26