Interposta.Info

Rüşvətə görə tutulan şəxsə nə qədər cəza verildi?

Gündəm
 2-06-2023, 09:43     639

Şirvan Apellyasiya Məhkəməsində rüşvət alma və rüşvətə təhrik etmədə Toğrul İskəndərov və Bağır Şirəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib. Onun Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilib. Həmin hökmdən Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin maddəsi ilə təyin edilmiş 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılsın və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü ilə onun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən Bağır Şirəliyevin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib. Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilib. Həmin hökmdən Bağır Şirəliyevin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilib. Onun üzərində yalnız Cinayət Məcəlləsinin 32.5, 311.1-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü Bağır Şirəliyevin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon Dövlət Arxivinin müdiri İskəndərov Toğrul Çapar oğlu xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Müəyyən edilib ki, Toğrul İskəndərov qeyd olunan vəzifədə işləyərkən tanışı Bağır Şirəliyevlə qabaqcadan əlbir olaraq 2022-ci ilin avqust ayı ərzində vətəndaşın adına torpaq sahəsi ayrılmasına dair arxivdə olan sənədlər əsasında müvafiq arayışın verilməsi müqabilində rüşvət alıb.

Habelə, Toğrul İskəndərovun qabaqcadan əlbir olduğu Bağır Şirəliyevlə birlikdə ayrı-ayrı vətəndaşlara müvafiq qurumlarda iş stajlarının olması barədə saxta arayışlar təqdim edərək onların 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə, qeyd edilən qanunsuz hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə də əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında Toğrul İskəndərov və Bağır Şirəliyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.1 (rüşvət alma), 32.4 312.2 (rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.2.3 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə təkrar törədildikdə ) və digər maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə Toğrul İskəndərov barəsində həbs, Bağır Şirəliyev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Toğrul İskəndərov 5 il və Bağır Şirəliyev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bağır Şirəliyev Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzanı çəkməsi himayəsindəki - 22 noyabr 2016-cı il təvəllüdlü uşağı 14 yaşına çatmasınadək, yəni 22 noyabr 2030-cu il tarixə kimi təxirə salınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26