Interposta.Info

Məhkəmə "KL 2018” MMC-nin direktoru Könül Kazımova barədə qərar verdi

Gündəm
 11-01-2023, 20:23     347

Bakıda müəyyən məbləğdə vəsait almaqla vətəndaşı aldadaraq Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus binadan mənzil alacağına söz verən şirkət direktoru ilə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, sifarişlə ev tikib müştərilərə satan "KL 2018” MMC-nin direktoru Kazımova Könül Ağababa qızı 2020-ci ilin oktyabr ayında MİDA-nın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən binasından mənzil almaq istəyən Nuranə adlı xanıma köməklik edə biləcəyini deyib. Könül Kazımova bunun müqabilində Nuranədən əvvəlcə 2500 manat, daha sonra 1000 manat pul alıb.

Nuranə bir neçə aydan sonra Könülün onu aldadaraq, pulu mənimsədiyini başa düşüb. Zərərçəkən şirkət direktorunun ona vurduğu ziyanı ödəmədiyini, bu səbəbdən şikayətçi olduğunu, onunla barışmadığını, qanunda nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə zamanı o da məlum olub ki, 21 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Könül Kazımova ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqədar həbs qətimkan tədbiri seçilib.

Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli sözügedən məhkəmə işini nəzərə alaraq, Könül Kazımova barəsində hazırkı cinayət işi üzrə qətimkan tədbiri seçməyib.

Nigar Qədrlinin sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, Könül Kazımova Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsn. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxsdən maddi ziyana görə 3500 manat, mənəvi zərərə görə 200 manat, cəmi 3700 manat pul tutulub zərərçəkmiş şəxsə verilsin.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26