Interposta.Info

Ayağı kəsilmiş qazimizə nə üçün “3-cü dərəcəli əlil” statusu verilib?

Gündəm
 18-02-2021, 16:48     294

"Əlilliyin meyarları var. O meyarlar qüsurludur, dəyişməlidir və o meyarlarla bağlı olaraq yeni sənədlər hazırlanmalıdır”.

Bu sözləri Qaynarinfo-ya əlillik dərəcələrinin təyin edilməsi haqqında danışarkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, əlilliyin dərəcəsini təyin edərkən arada fərq olmalıdır:

"Bu fərq elə olmalıdır ki, ayağını itirmiş şəxs bundan ziyan çəkməsin. Mövcud olan meyarlara görə, amputasiya olunmuş orqanın yarı və ya ümumiyyətlə, amputasiya olunması ilə bağlı olaraq onlara əlilliyin təyin edilməsi zamanı fərq olmalıdır. Dizdən aşağı olanda protezləşmə daha asandır, insanın hərəkət imkanları daha geniş olur”.

Sahib Məmmədov bildirib ki, onlar arasında fərq elə olmalıdır ki, orqanının yarısı olan şəxs zərərçəkmiş vəziyyətdə qalmasın. Çünki bu insan onsuz da əvvəlki əmək qabiliyyətində, əvvəlki fəallıqda deyil, mobilliyini də əhəmiyyətli dərəcədə itirib. Buna görə də burdakı qaydalar köhnədir və dəyişməlidir:
"Bu meyarlar, ümumiyyətlə, təkcə ortopedik cəhətdən əlilliyin təyin olunmasında yox, bütün 4 qrup (fiziki hərəkət məhdudiyyəti ilə bağlı, eşitmə duyma, görmə qabiliyyətinin aid olduğu sensorluqla bağlı, daxili orqanların funksiyalarının pozulması, mental-psxioloji əlilliyin təyin olunması) üzrə əlilliyin müəyyənləşdirilməsində yenidən dəyişdirilməlidir, orada dərəcə yox, faiz göstərilməlidir. Məsələn, indi 3-cü dərəcə deyirik, amma bu, faizlə olmalıdır. Faizlə olanda artıq fərdi qiymətləndirlmə aparılacaq”.

Ekspert bildirib ki, bununla bağlı böyük bir sənəd hazırlanır:

"Bu sənəd qanunvericilik kimi təsdiq olunandan sonra ümid edirəm ki, bu problemlər qismən həll olunacaq. Amma indi də orda problem var, ona görə də haqlı olaraq o şəxs etiraz edir. Bu problemin həll edilməsi üçün yeni meyarlar tətbiq edilməlidir. Problem bunu təyin edən orqanda yox, meyarlardadır”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı saytımıza açıqlamasında bildirib ki, qazilərimizin sağlamlıq vəziyyəti ilə bağlı əlilliyinin müəyyən edilməsi istiqamətində sürətli işlər gedir. Bu istiqamətdə komissiya yaradılıb, aidiyyatı qrumlar birgə bu komissiyada təmsil olunurlar. Onlar müharibədə iştirak edən qazilərimizin evlərinə gedir, əyani müayinə aparır və əlilliyinin müəyyən edilməsi üçün əsaslar olduğu halda əlillik təyin edilir və onlara ödənişlər edilir.

Fazil Talıblı qeyd edib ki, əlilliyin təyin edilməsi qanunvericiliyə uyğun aparılır, amputasiya olunmuş hissədən asılı olaraq əlillik təyinatları dəyişir.
Əlilliyin müəyyən edilməsi ilə bağlı meyarların təkmilləşdirilməsi məsələsindən danışan nazirlik rəsmisi bildirib ki, əmək qabilliyətinin itirilməsi faizinə görə əlilliyin təyin edilməsi ilə bağlı hazırlanan yeni layihə bir müddət öncə beynəlxalq praktikaya əsaslanaraq hazırlanıb:

"Hazırda layihənin qəbulu istiqamətində aidiyyatı qurumlar tərəfindən son baxılma mərhələsi keçirilir. Ümid edirik ki, əlilliyin müəyyən edilməsində köklü dəyişiklik vəd verən həmin o layihə qəbul ediləcək”.

Fazil Talıblı bildirib ki, qazilərimizin hər biri dəstəklə əhatə olunublar. Son 2 ay ərzində 13 minə qədər vətəndaşımıza (bura şəhid ailələri, həm Vətən Müharibəsinin iştirakçıları - onların sırasına qazilərimiz, veteranlarımız aiddir) sosial istiqamətlər üzrə xidmətlər göstərilib. Şəhidlərimizin ailə üzvlərinin demək olar, böyük əksəriyyətinə sosial ödənişlər təyin edilib.

Qeyd edək ki, Kəlbəcər rayon Hacıkənd sakini Qazi Nəbiyev Vasif Mətləb oğlu Füzuli istiqamətində gedən döyüşlərdə minaya düşən əsgərini sahədən çıxararkən özü minaya düşüb və ayağını itirib. Hazırda Yevlax rayonunda yaşayan qazi ilə nə Kəlbəcər, nə Yevlax rayon İcra strukturlarından maraqlanan olmayıb. ƏƏSMN-dən isə "sizə 3 qrup əlillik dərəcəsi düşəcək" deyilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26