Interposta.Info

Əlilliyin qiymətləndirilməsi qanunu: Bu da kağız üzərində qalacaq?.. (ŞƏRH)

Ölkə
 4-06-2021, 13:35     441

"Müavinətlər kifayət qədər artırılmalıdır. İnsanların yaşayış minumumu təmin edilməlidir".

Bunu "İnterPosta"-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik dərəcələri ilə bağlı Milli Məclisə təqdim etdiyi yeni qanun layihəsindən danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda əlilliklə bağlı uzun illərdir doğru-dürüst qanunvericilik tətbiq olunmur:

"Əlilliyin tətbiq olunması əslində SSRİ-dən qalan ənənə və standartlarla müəyyən olunurdu. Bir çox hallarda tibbi komissiyalar qanunun düzgün tətbiq olunmamasını bəhanə edərək rüşvət və korrupsiya mexanizmləri qurmuşdular. Saxta əlilliklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı addımlar dəstəklənməlidir. Ancaq tam obyektiv olaraq dəstəklənməlidir ki, bu proseslər heç də büdcə vəsaitlərinə qənaət adı altında zəruri ehtiyaclarını qarşılamaq üçün yeganə gəlir mənbəyi müavinət olan əlilləri saxta əlilliklə mübarizə adlı "kampaniyaya" qataraq aylarla gəlirsiz qoymaq olmaz. Son illərdə müşahidə etdiyimiz odur ki, gəlirlərin azaldığı bir zamanda Azərbaycan hökuməti bilərəkdən, ya bilməyərəkdən belə bir kampaniyaya yol verir. Bundan başqa, kifayət qədər problemlər mövcuddur".



İqtisadçı alim hesab edir ki, hökumət əslində saxta əlillik imkanlarına yol açan səbəbləri aradan qaldırmalıdır:

"Səbəb də işsiz insanların, əsas da bölgələrdə olan vətəndaşların işsizlik ucbatından müxtəlif yollarla saxta əlillik düzəldərək bunu yeganə qazanc mənbəyinə çevirməsidir. Çünki hökumət işsizliklə bağlı doğru statistika və qiymətləndirmə aparmır. İşsizlərin sayı az göstərilir. Bu baxımdan insanlar işsizlik müavinəti almalıdırlar. 100 min əhaliyə düşən əlil sayına görə Azərbaycan kifayət qədər fərqlənir, daha çox əlillər üstünlük təşkil edir. Əlillik dərəcəsi alan insanların 30%-i və daha çoxu bunu saxta yolla alıb. Real olan əlillər isə dərəcə almayıblar. Təbii ki, bunlar təmizlənməlidir".

Nazim Bəydəmirli onu da vurğulayıb ki, qanunların mükəmməl olması o demək deyil ki, onlar həm də icra olunur:

"Azərbaycanda kifayət qədər qanunlar var ki, kağız üzərindədir. Bu baxımdan hesab edirəm ki, bu qanunlar da əvvəlki qəbul olunan qanunların taleyini yaşayacaq".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26