Interposta.Info

Əlilliyin dərəcələri yeni meyarlara görə necə müəyyənləşəcək? – Deputat

Ölkə
 6-05-2021, 14:33     505


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik təyinatı ilə bağlı inkişaf etmiş ölkələrdə, eləcə də Avropa Birliyində tətbiq edilən praktikadan istifadə etmək niyyətindədir”.

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov əlillik qruplarının ləvg olunması ilə bağlı proqramdan danışarkən deyib. Onun sözlərinə görə, əlillik dərəcələri əmək qabiliyyətinin itirilməsi faizinə uyğun olaraq müəyyənləşəcək:

"Ötən həftə Milli Məclisə təqdim edilən dinləmələrdə də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu istiqamətdə işlərin aparıldığını bildirdi. Söhbət əlilliyin müəyyən olunmasında yeni meyarların tətbiq olunmasından gedir. Bu zaman artıq əlilliyin təyinatı dar çərçivədə deyil, daha geniş spektrdə faiz diapazonları çərçivəsində dəyərləndiriləcək. İlkin məlumatlara görə, bu zaman əmək qabiliyyətinin itirilməsi faizinə uyğun olaraq əlillik dərəcələri müəyyənləşəcək. Məsələn, əgər vətəndaş əmək qabiliyyətinin 81-100 faizini itiribsə, o zaman bu 1-ci qrupa uyğun gələcək, 61-80 faizini itiribsə, o zaman 2-ci qrupa, 31-60 faizini itirdikdə isə üçüncü qrupa uyğun gələcək. Burada məqsəd ondan ibarətdir ki, Avropa Birliyində olduğu kimi əlillik dərəcələri əmək qabiliyyətinin itirilməsi faizinə uyğun olaraq müəyyənləşəcək. Və nəticə etibari ilə xüsusən də əmək qabiliyyətini daha çox itirmiş vətəndaşlarımız daha yüksək qrup və daha çox sosial dəstəyi olan qrupa daxil ediləcək. Bu da həmin vətəndaşlarımızın dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək”.


Deputat hələlik sözügedən layihə üzərində işlərin getdiyini vurğulayıb:

"Layihənin bu qaydalarının nə zaman tətbiq ediləcəyi ilə bağlı dinləmələrdə bildirilmədi. Amma güman olunur ki, nazirlik tərəfindən hazırlanan strategiya hazır olduqdan sonra Milli Məclisə göndəriləcək. Burada əsas məqsəd ondan ibarətdir ki, əlilliyin təyinatında artıq yeni və xüsusən də inkişaf etmiş ölkələrin tətbiq etdiyi meyarlardan istifadə mümkün olsun”.

Qeyd edək ki, Milli Məclisə əlilliyin yeni meyarlarına dair sənədlər təqdim edilib. Yeni meyarlarla əlilliyə görə qruplar ləğv ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26