Interposta.Info

Bu məmurun fantastik sərvəti: “5-ci kolon” nələr edir?

Gündəm
 10-09-2020, 09:34     634

Tarix çox xəyanətkarlar tanıyır. Onlar fəsillərə uyğun dəyişən bitkilər kimi tarixin müxtəlif mərhələlərində müxtəlif donda zühur etmiş, cilddən-cildə girərək öz xalqlarının maraqlarını başqalarına az satmamışlar. Fərqli adlarla adlandırılsalar da, mahiyyətləri oxşar olmuş, şəxsi mənafeləri naminə millətlərinin və dövlətlərinin maraqlarını hər vaxt bir qara qəpiyə satmağa hazır olmuşlar. Əlbəttə, bu sarıdan “5-ci kolon” adlandırılanların “xidmətləri” daha çox önə çıxır...

"Beşinci kolon" ifadəsi, onun mənası, siyasi dövriyyəyə necə daxil edilməsi haqqında fikirlərin təhlili əlbəttə ki, maraqlı nəticələrə gətirib çıxarır. Çünki son vaxtlar bu termin daha da populyarlaşıb və ictimai-siyasi həyatımızın müxtəlif sahələrində daha tez-tez işlənməkdədir.

“Beşinci kolon” termininin yaranması ötən əsrin 30-40-cı illərinə gedib çıxır. İlk dəfə İspaniyada siyasi dövriyyəyə buraxılan bu termin sonradan bütün dünyaya yayıldı. Bu termin ilk dəfə 1936-cı ildə, İspaniyadakı vətəndaş müharibəsi zamanı işlədilib. O zaman frankoçu general Emil Mola çıxışlarının birində deyib ki, üsyançılar Madrid üzərinə 4 kolonla gəlir, beşinci isə artıq Madriddə yerləşib, həlledici zərbəni vurmaq üçün əmr gözləyir. General “beşinci kolon” dedikdə, ölkə daxilində ictimai hərəkatı hakimiyyət əleyhinə yönəldən agentura şəbəkəsini nəzərdə tutmuşdu. İspan dilində söz birləşməsi belədir: "Columna quinta".

Faşist kəşfiyyat orqanlarının əli ilə müxtəlif ölkələrdə diversiya fəaliyyəti həyata keçirən, cəmiyyətdə həyəcan yaradan və sabotajla məşğul olan qruplar Almaniya qoşunlarının ölkələri işğal etməsində vacib rol oynayırdı. 1939-1945-ci illərdəki İkinci Dünya müharibəsində “beşinci kolon” termini faşistlərə müxtəlif ölkələri asan işğal etməsinə zəmin yaradan kəşfiyyat qruplarını ifadə etmək üçün işlədilib. Belə qruplar bəlli pul məbləğində ayağa qalxaraq vətənlərini işğal edən alman ordularını gül-çiçəklə qarşılayırdılar. Beləliklə, bu söz Vətən xainliyi, xarici işğal qoşunlarına satqınlığın simvoluna çevrildi.

1930-cu illərdə SSRİ-də güllələnmiş və məhkum edilmişləri nişan vermək üçün də “beşinci kolon” anlayışından istifadə olunub. Əslində bunlar sinfi mübarizəni səbəb gətirərək ölkədə tüğyan etmiş və milyonlarla günahsız insanın qanına bais olmuş Stalin repressiyalarına bəraət qazandırmaq üçün edilən uğursuz cəhd idi.

Azərbaycan rəsmiləri arasında QHT sektoru, media quruluşları və müxalif düşərgəyə aid bəzi qüvvələri “beşinci kolon” adlandıranlar az deyil. Burada müəyyən qədər həqiqət payının olduğunu etiraf etmək lazım gəlir. Çünki bu camiədə də xaricdən maliyyələşdirilən və onların diktəsi ilə oturub-duranlar az deyil, onlar hələ də siyasi hədəflər və hakimiyyət uğrunda mübarizəni qanun çərçivəsinə sığmayan metodlarla aparıb, düşmən dəyirmanına su tökməkdədirlər.

Siyasi müxalifət nümayəndələri onun içərisində “5-ci kolon” nümayəndələrinin olması faktına qəti etiraz edir və bunu qərəzli adlandırırlar. Amma onlar bir-birilərini Rusiyanın və yaxud İranın adamı olmaqda asanlıqla ittiham edirlər. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu ASDP sədri Araz Əlizadəni, İslam Partiyasını Rusiya və İrana qulluq etməkdə ittiham edir.

Həm Rusiya, həm də İranın Azərbaycan üçün xüsusi özəllikləri var. Bu coğrafiyada Eldəgizlər, Səfəvilər, Ağqoyunlu və Qaraqoyunlu kimi möhtəşəm dövlətlər qurmuş xalqımız məhz bu "ikilinin” təcavüzkar iddiaları üzündən ikiyə bölünmüş və uzun müddət sivilizasiyanın magistral inkişaf yolundan sapdırılmışdır. Etiraf etməliyik ki, bu zaman ərzində fundamental dövlətçilik ənənələrimizin, milli xarakter və mental xüsusiyyətlərimizin bəzi cəhətlərindən müəyyən qədər uzaq düşmüş, kifayət qədər tarixi-mənəvi itkilərə məruz qalmışıq. Şimalımız xeyli müddət “velikorus şovinizmi”nin imperiya əsarətində inləmiş, cənubumuz bu gün də molla qiyafətinə bürünmüş fars şovinizminin zülmü altında əziyyət çəkməkdədir.

Bu gün də həmin "möhtəşəm ikili" ölkəmizdə "5-ci kolon"un səflənməsində, sıralarının möhkəmlənməsi və təşkilatlanmasında, onun agentura və troll şəbəkələrinin yaradılmasında ən öncül yerləri tutur. Molla rejimi ruhaniyyət aləminə nüfuz edərək özlərinin “5-ci kolon”unu formalaşdırmağa, bəzi səbatsız insanları təsir agentləri kimi öz torlarına salmağa cəhd edir, bəzən də buna nail ola bilirlər. Bu yolda nəinki dini inancların istismarından, eləcə də reallıqda əməl edilməyən şiə və müsəlman həmrəyliyi ritorikasından geniş istifadə edilir. Hər iki dövlət azsaylı xalqlar içərisində də pozuculuq işləri aparmağa səy göstərir.

İlk zamanlar kommunist nastolgiyasına uyan insanların siyasi səriştəsizliyindən yararlanan, son dövrlər isə məmur təbəqələrinə, habelə diplomatiyamiza belə sızmağı bacaran Rusiyanın bəzi dairələri ölkəmizi öz təsir dairələrində saxlamaq, onu müstəqil siyasət yeritməkdən məhrum etmək, hətta imkan olarsa, onu yenidən qəsb edib, burada özlərinin “5-ci kolon” nümayəndələrindən ibarət oyuncaq siyasi hakimiyyət modellərini reallaşdırmağa cəhd ediblər. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutuna 1920-ci ildə fərman vermiş rus bolşevikləri o zamandan Bakıda və əyalətlərdə bolşevik adı altında formalaşdırdıqları “5-ci kolon”un xidmətlərindən bol-bol istifadə etmişlər. 30-cu illərin ağır Stalin repressiyaları dövründə bir çox hallarda ermənilərin əli ilə ziyalılarımızın, qabaqcil fikirli insanlarımızın kütləvi məhvində “5-ci kolon” az “fədakarlıq” göstərməyib.

Müasir dövrdə də bu cür təxribatçılıq fəaliyyətləri tez-tez özünü büruzə verməkdədir. Məsələn, 2013-cü ildəki prezident seçkilərində müxalifətin avanqardı sayılacaq Milli Şuranın Rusiyanın himayəsində formalaşdırılan və Azərbaycanı Rusiyanın təsiri altına salmaq istəyən Milyonerlər İttifaqı ilə sazişə getməsi və onun üzvü Rüstəm İbrahimbəyovu, özü də Rusiya vətəndaşı olan şəxsi prezidentliyə namizəd göstərməsi kifayət qədər yanlış və ziyanlı addım idi. Bu gün də səhv addım atdıqlarını etiraf etmək istəməmələri onların buna bənzər səhvlərə yenidən yol verə biləcəklərini istisna etmir. Elə bu dəstədə olan və ABŞ-ın maliyyə yardımları ilə Yutub kanalından verilişlər aparan Sevinc Osmanqızının, xüsusilə də ədəbsiz-ərkansız “söyüş müxalifəti”nin əttökən “proqramları” cəmiyyətimizdə az qıcıq doğurmur. Sevinc Osmanqızının Sumqayıt hadisələri, 20 Yanvar qırğını, eləcə də Xocalı soyqırımı, Tovuza erməni hücumundan sonra Azərbaycan diasporunun haqqında söylədikləri mazoxizmin bir şəxsin timsalında necə iyrənc forma aldığına əyani sübutdur. Prokurorluq orqanlarımızın onlardan bir qismi haqqında cinayət işi açıb axtarışa vermələri tamamilə qanunauyğun səslənir.

Köhnə partnomenklaturanın tör-töküntüləri və sol təmayüllü bəzi partiyalar da Moskva ilə münasibətlərə xüsusi önəm verir, sadəlövhcəsinə millətçi Züqanovun sosializmi qaytara biləcəyinə ümid bəsləyərək onunla əlaqələr yaratmağa çalışırlar. Əfsuslar olsun ki, son zamanlara qədər Azərbaycanda “5-ci kolon”un liderlərindən hesab edilmiş, fəaliyyətlərinə görə Kremldən yüksək mükafatlar almış və ona sədaqətlə biət etmiş yüksək vəzifəlilərimiz də az olmayıb.

Siyasi çevrələrdə “5-ci kolon”un sinonimi kimi “kollaborasionizm” termini də geniş istifadə olunur. Bu termin fransızcadan “əməkdaşlıq” kimi tərcümə edilir və mənası öz dövlətinə ziyan vurmaqla düşmən maraqlarına uyğun olaraq könüllü, dərk edilmiş və düşünülmüş şəkildə düşmənlə əməkdaşlıq etmək anlamına gəlir. Dar mənada termin çox vaxt işğalçı ilə əməkdaşlıq formasında işlədilir. Bu zaman onun düşmənlə əməkdaşlığı məcburiyyət qarşısındamı, yoxsa şüurlu şəkildə mənfəət əldə etmək üçün qəbul etməsi də vurğulanır.

Bu anlayış ilk dövrlərdə II Dünya müharibəsi zamanı alman faşistlərinin Fransanı işğal etdikləri vaxtı fransızları işğalçılarla əməkdaşlığa çağıran oyuncaq Vişi rejimiinin müdafiə naziri marşall Petenin xalqa müraciətləri zamanı işlənməyə başlanmışdır. Sonradan bu termin faşist işğalı altına düşmüş digər Avropa dövlətlərinin hökumətlərinə də tətbiq edilməyə başladı. SSRİ-də faşistlər tərəfə keçmiş general Vlasovun başçılıq etdiyi Rusiya Azadlıq Ordusu, eləcə də faşistlərin SSRİ-nin əsir düşmüş xalqlarından formalaşdırdığı milli legionerlər də bu siraya daxil edilə bilər. Dağlıq Qarabağdakı erməni icması, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Dnestryanı bölgənin separatçıları, Ukrayna ərazisində rusların formalaşdırdığı Luqansk və Donetsk “xalq respublikaları”, eləcə də işğal edilmiş Krımda müəyyən qüvvələrin hərəkətlərini kollaborasionizm kimi səciyyələndirmək olar.

Bugünkü beynəlxalq hüquqda, eləcə də əksər ölkələrin Cinayət Məcəlləsində kollaborasionizm öz dövlətinə qarşı ağır cinayət, Vətənə xəyanət kimi qiymətləndirilir və ən ağır cəza ilə cəzalandırılır. İkinci Dünya müharibəsi zamanı kollaborasionizmdə təqsirləndirilən minlərlə insan SSRİ-də, Fransada, Norveçdə və başqa ölkələrdə ölüm cəzasına məhkum edildi. Sovet İttifaqında bu qəbildən olan insanlar “Vətən xainləri” adlandırılmaqla yanaşı, onların övladları da “Vətən xaininin övladları” kimi damğalanır, sürgün edilir və bir çox hüquqlardan məhrum edilirdi. Beynəlxalq hüquqda dövlət çevrilişinə cəhddə, siyasi ekstremizmdə, separatçı hərəkətlərdə təqsirləndirilənlər də kollaborasionist kimi dəyərləndirilir və ən ağır cəzaya məhkum edilir. Bu sarıdan “dqr” separatçıları da kollaborasionistlər kimi mühakimə edilməli və cəzalandırılmalıdırlar.

Siyasi ədəbiyyatda həmçinin milli maraqlara xidmət etməyən dəstə, qrup kimi “komprador burjuaziya”nın adı çəkilir. Bu əsasən 3-cü dünya ölkələrində imperializmin müstəmləkə sisteminin formalaşdığı dövrlərə təsadüf edir. Belə ki, müstəmləkə vəziyyətinə düşmüş bəzi ölkələrdə iş admları, tüccarlar, orta və iri sənətkarlar, sələmçilər, iri tayfa mənsubları metropol (müstəmləkəçi) ölkənin, eləcə də xarici sərmayənin milli bazarla əlaqələrinin tənzimlənməsində vasitəçilik missiyasını üzərlərinə götürür, nə milli müqavimət hərəkatında, nə də milli mənafelərin qorunmasında iştirak edir, sırf şəxsi maraqlarını güdürlər. Bu kateqoriyadan olan adamlar müstəmləkə sərmayəsi ilə qısa müddətdə varlanaraq iri burjuaziyanın dəstələrinə qoşulur, müstəmləkə rejimindən müəyyən imtiyazlar qopara bilirdilər. Termin olaraq milli burjuaziyanın bu dəstəsi “komprador burjuaziya” kimi səciyyələndirilir. “Komprador” sözü latınca “alıcı”, “müştəri” mənasını verir və müstəmləkə sərmayəsi ilə “alıcı-satıcı” qismində əlaqələr qurub milli maraqlara uyğun gəlməyən addımlar atan insanlar nəzərdə tutulur. Belələri ilk vaxtlarda “komprador”, varlanıb sinif şəklində təşkil olunduqdan sonra “komprador burjuaziya” nümayəndəsi sayılırdı. Elə müstəmləkəçi qismində çıxış edən avropalıların özləri də bu qəbildən olan adamları Avropa mallarını müstəmləkə ölkələrinin bazarlarında xırıd edən xidmətçilər adlandırırdılar.

Müasir dövrdə “komprador burjuaziya” dedikdə milli ehtiyatları, təbii sərvətləri xaricə satan, xaricdə istehsal olunan malları isə daxili bazarda inhisarçı qismində satışına nəzarət edən məmur və bürokratlar, biznesmen-oliqarxlar nəzərdə tutulur. Bu qəbildən olan insanların müstəqillik və milli mental dəyərlərlə bağlılığı yox dərəcəsindədir, şəxsi mənfəət hissi, var-dövlət hərisliyi onları hərəkətə gətirən bəlkə də yeganə motivdir.

Bu yaxınlarda ortabab bir məmurun sərvətinin dəyəri 2 milyard manat təşkil etdiyi haqqında məlumatı oxuyanda gözlərim kəlləmə çıxdı, “ay yazıq Vətən” deməkdən və bir də bu yazını yazmaqdan başqa heç nəyə gücüm yetmədi.

3-cü dünya ölkələrində müstəmləkə zülmündən azad olmaq uğrunda gedən mübarizəyə komprador burjuaziyanın qoşulmadığı kimi, bu məmur-oliqarx təbəqəsinin də suverenliyimiz uğrunda aparılan mübarizədə yəqin ki, heç bir rolu olmayıb, heç olmayacaq da. Ölkə Prezidenti İlham Əliyevin məmur özbaşınalığına, rüşvət və korrupsiyaya, parazitləşmiş ünsürlərə qarşı apardığı mübarizə vüsətini genişləndirdikcə həyatımız daha şəfaf və mənalı olmağa, şüurlarımızı sarmış neft erasının stereotiplərindən və sərməstliyindən daha sürətlə azad olmağa başlayırıq.

İzahının müəyyən əhəmiyyəti olacağı bir fakta da diqqət yetirək. İnqilabi hərəkatlarda, marksist-leninçi cərəyanlarda “iuda”, “arabanın beşinci təkəri” ifadələri də bol-bol işlədilir, xain və təxribatçı anlamına gələn bu qruplar antiinqilabi ünsürlər sırasına daxil edilirdilər. Bu qəbildən olan insanlar müasir dövrdə də ciddi kamuflyaj olunaraq, gah ideoloji polemikalara təxribat qatır, gah da açıq sabotaj yolu ilə şüurları qatışdırmağa çalışırlar. Onların da ayrı-ayrı dövlətlərdən komanda aldığını, əmrləri yerinə yetirdiklərini görməmək mümkün deyil.

Bu gün bizdə həm “5-ci kolon”un nümayəndələrinə, həm kollaborasionistlərə, həm komprador burjuaziyaya, həm də hər cür rəngdən olan xəyanətkarlara rast gəlmək olur. Bu bir reallıqdır ki, dönməz xarakter almış müstəqilliyimizi erməni təcavüzü, xarici güclərin təzyiq və təhdidləri altında möhkəmləndirib inkişaf etdirməkdəyik. Bir xalq olaraq tarixin bizə verdiyi bu şansı düzgün qiymətləndirməli, ərazi bütövlüyümüzü təmin etməli, dövlətçiliyimizi əzmlə qorumaq istiqamətində sıx birləşməliyik./axar.az
Qabil Hüseynli, professor

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26