Interposta.Info

Qələbədən az qala bir il ötür: Veteranlar haqda qanundan isə xəbər yoxdur
 

Ölkə
 30-08-2021, 18:40     330

"Moskva özünün buradakı "5-ci kolon”u vasitəsilə erməniyə qalib gələn Azərbaycan əsgərinin zəfər ruhunu öldürmək, ona kölgə salmaq istəyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Vətən müharibəsinin bitməsinin az qala bir ili tamam olsa da, Nazirlər Kabinetinin hələ də veteranlar haqqında qanunu qəbul etməməsinin səbəbindən danışarkən deyib.

Həmsöhbətimiz qeyd etdi ki, prosesi bu qədər uzatmağa lüzum yoxdur:

"Müharibə veteranları ilə bağlı qanunun qəbul edilməməsinin bir səbəbi var. Rusiya və Ermənistan mətbuatını təhlil edərək belə qənaətə gəlmişəm ki, Moskva özünün buradakı 5-ci kolonu vasitəsilə erməniyə qalib gələn Azərbaycan əsgərinin zəfər ruhunu öldürmək, ona kölgə salmaq istəyir. Nazirlər Kabinetində də Rusiyanın adamları olan "5-ci kolon”un nümayəndələri kifayət qədər çoxdur. Məsələ dəfələrlə qaldırılsa da, məhz onlar ölkədə veteranlar haqqında qanunun qəbuluna imkan vermirlər. Belə görünür, Azərbaycanın qazandığı qələbə Nazirlər Kabinetində cəmləşən "5-ci kolon”un nümayəndələrini narahat edir”.



C. Nuriyev düşünür ki, belə yanaşma müharibə veteranlarına qarşı diskriminasiya və xalqa qarşı hörmətsizlikdir:

"Azərbaycan Nazirlər Kabinetinin nə iş gördüyü, ümumiyyətlə, qeyri-müəyyəndir. Müharibədən zəfərlə çıxan dövlət üçün veteranlar haqqında qanun qısa zaman kəsiyində öz həllini tapmalı idi. Hökumət bu günə qədər məsələ ətrafında hərtərəfli iş görməliydi. Amma iki müharibədən çıxsaq da, təəssüf ki, Nazirlər Kabineti bu barədə hələ də hər hansı bir qərar verməyə tələsmir. Oktyabrın 18-də Azərbaycanın Müstəqilliyinin 30 ili tamam olacaq. Bu gün isə İstiqlal Bəyannaməsinin qəbulunun 30 ili tamam olur. Ötən 30 ildə Nazirlər Kabineti bu məsələni həll etməyibsə, bundan sonra həll edəcəyinə inanmıram. Azərbaycanda bu sahədə cəzasızlıq mühiti var”.



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26