Interposta.Info

“Amnistiya aktı” gələn həftə qəbul edilə bilər -

Gündəm
 6-06-2018, 08:28     10 504

Fəzail Ağamalı: “Əks fikirdə olanlar belə onun əleyhinə getməyəcəklər”; Novella Cəfəroğlu: “O insanlar başa düşmürlər ki...”
28 May-Respublika Günü ilə bağlı verilən əfv sərəncamından sonra amnistiya məsələsi daha da aktuallaşıb. Doğrudur, əfvdən sonra amnistiyanın qəbuluna hələ ki ehtiyacın olmadığı barədə fikirlər çoxluq təşkil edir. Lakin parlament “Amnistiya aktı”nı qəbul edərsə, bunun müsbət tərəflərinin daha çox olacağı bildirilir.

Məlumat üçün bildirək ki, ombudsman Elmira Süleymanova mayın ortalarında amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib. Mayın 31-də parlament tətilə çıxsa da, iyunun 12-də qanunverici orqanın növbədənkənar plenar iclası çağırılıb. Bu iclasda gündəliyə salınacaq məsələlərdən birinin “Amnistiya aktı” ilə bağlı olacağı deyilir. Düzdür, iclasın gündəliyi hələ ki açıqlanmayıb. Lakin 15 iyun-Qurtuluş Günü ilə əlaqədar aktın qəbulu gözlənilir. Artıq əfvdən sonra amnistiyaya ehtiyacın olmadığını dilə gətirən deputatlar da gündəliyə belə bir məsələnin salınacağı təqdirdə lehinə olacağını bildirirlər.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı amnistiya məsələsini ayın 12-də Milli Məclisin plenar iclasına almadıqlarını bildirdi: “Belə bir məlumat mətbuatdan oxumuşam ki, Elmira xanım bu təşəbbüslə çıxış edib. Bunun nə dərəcədə doğru olub-olmadığı barədə rəsmi məlumatım yoxdur. Bu günlərdə yəqin ki, ayın 12-dəki plenar iclasın gündəliyini alacağıq. Çox istərdim ki, o gündəliyə ”Amnistiya aktı" salınsın. Çünki bu, xeyirxahlığın, humanizmin ifadəsidir. Nəzərə alaq ki, ulu öndərimizdən başlayan bu ənənə bu günə qədər də davam edir.

Ölkə prezidenti tərəfindən demək olar ki, hər il önəmli günlərin birində verilən əfv sərəncamları, eyni zamanda Mehriban xanım tərəfindən Heydər Əliyev Fondunun prezidenti kimi təşəbbüsləri ilə qəbul edilən amnistiya aktları cəmiyyətdə çox yüksək səviyyədə qiymətləndirilir. Çoxsaylı insanlar azadlığına, ailələrinə qovuşub. Belə bir məsələ indi gündəliyə salınarsa, onu birmənalı şəkildə müdafiə edib, müsbət münasibətimi bildirərəm. Amma hələ ki məndə bununla bağlı rəsmi məlumat yoxdur. Son əfvdən sonra amnistiyanın olmasına ehtiyacın olmadığı barədə də fikirlərə haqq qazandırmaq olar. Ölkə başçısının son fərmanı ilə azadlığa buraxılmış məhbusların sayı əvvəlkilərdən xeyli dərəcədə fərqlənir. Bu baxımdan mən də o fikirdəyəm ki, cənab prezidentin imzaladığı son əfv sərəncamı amnistiyaya bərabərdir. Əgər konstitusiyanın ona verdiyi hüquqdan istifadə edib, Elmira xanım ombudsman kimi belə bir təşəbbüslə çıxış edirsə, bu hüquqa hörmətlə yanaşıram. Belə müraciət həqiqətən olunubsa, yəqin ki buna Milli Məclisin rəhbərliyi səviyyəsində münasibət bildiriləcək, bunun zəruri olub-olmadığı haqqında rəhbərlik fikrini ifadə edə, gündəliyə sala da bilər, salmaya da bilər. Hər halda, bu məsələ plenar iclasa çıxarılsa, mənə elə gəlir ki, hətta əks fikirdə olanlar belə onun əleyhinə getməyəcəklər. Çünki bu xeyirxahlıq, humanizm xarakteri daşıyan bir təşəbbüsdür və bu təşəbbüsə plenar iclasda baxmaq lazım gələrsə, məncə, həmkarlarım mənfi mövqe sərgiləməyəcəklər".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu fərqli düşünür. O hesab edir ki, hazırda “Amnistiya aktı”nın qəbuluna böyük ehtiyac var: “Amnistiya nə qədər tez olarsa, bir o qədər yaxşıdır. Çünki bu qərarla siyahılarımız tam olaraq boşalar. Amnistiyaya elə maddələr salmalıdırlar ki, siyasi məhbuslar da çıxsınlar. Ümid edirəm ki, bu olacaq. Amnistiyanın olmasına ehtiyac yoxdur deyənlərə gəlincə, o insanlar başa düşmürlər ki, Azərbaycanda nə qədər amnistiya, əfv çox olarsa, daha çox insan azadlığına, ailəsinə qovuşar. Özü də bilirlər ki, Azərbaycanda məhkəmələr düzgün qərar çıxarmırlar. Bunun üçün amnistiya, əfv hər zaman olmalıdır”.

Qeyd edək ki, konstitusiya ilə əfv fərmanının verilməsi prezidentin, amnistiya haqqında qərar qəbul edilməsi isə parlamentin səlahiyyətindədir. Sonuncu “Amnistiya aktı” haqqında qərar 2016-cı ildə verilib. Həmin qərar 10 min məhbusu əhatə edib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26