Interposta.Info

“ABLV Bank” qalmaqalının Bakıya təsiri: Azərbaycanın məmurlarına ABŞ-dan sanksiya tətbiq oluna bilər?

Gündəm
 20-02-2018, 13:49     10 488

Ekspert: “Əgər araşdırma nəticəsində Azərbaycanda hər hansı yüksək vəzifəli məmurların şirkətləri və yaxud da özləri tərəfindən hər hansı bir qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirilibsə, beynəlxalq araşdırmanın nəticəsi olaraq onlar haqqında da müəyyən qərarlar verilə bilər”

“Əsas hədəfdə Rusiya pullarının yuyulması məsələsidir və Rusiya oliqarxlarının, məmurlarının sxemləri indi daha ciddi araşdırılır. Amma ehtimal etmək olar ki, Azərbaycan məmurlarına bağlı şirkətlərə qədər də bu araşdırma uzana bilər”.

interposta.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ABŞ Maliyyə nazirliyi tərəfindən Latviyanın “ABLV Bank”ına tətbiq olunan sankiyanı və “ABLV Bank”ın Bakıda olan filialından da Azərbaycanın məmur oliqarxlarının çirkli pullar yuma ehtimalını Pia.az-a şərh edərkən qeyd edib.

Xəbər verildiyi kimi ötən həftə ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Şəbəkəsi (FinCOM) “ABLV Bank”a qarşı sərt sanksiya tətbiq edib. Maliyyə naziri Stiven Mnuçin bəyan edib ki, bank Azərbaycan, Rusiya və Ukraynadan milyardlarla dollar çirkli pulların yuyulmasını təşkil edib. Habelə Şimali Koreyanın nüvə proqramlarına yardım edən pul yuma əməliyyatları həyata keçirib. Bankın Bakıda, İçərişəhərdə yerləşən “AG Centre” biznes mərkəzində ofisi var. Bank çevrələrindəki mənbələr “ABLV Bank”ın vaxtilə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası Cahangir Hacıyevin pullarının offşorlara ötürülməsini təşkil etdiyini bildirir.

Hətta Latviya Mərkəzi Bankının rəhbəri də bu qalmaqala görə saxlanılıb və istintaqa cəlb olunub. Bəzi Azərbaycan saytları yazır ki, “ABLV Bank”ın Bakıda olan filialından da Azərbaycanın məmur oliqarxları çirkli pullar yuyublar. Buna görə Azərbaycanın hansısa məmuruna ABŞ-dan sanksiya tətbiq oluna bilərmi və “ABLV Bank”la Beynəlxalq Bank arasında hansısa iş birliyi olubmu?

“ABLV Bank” qalmaqalının Bakıya təsiri: Azərbaycanın məmurlarına ABŞ-dan sanksiya tətbiq oluna bilər?


Natiq Cəfərli: “Araşdırmanın nəticələri maraqlı olacaq. Mən düşünürəm ki, Azərbaycanda bir çox məmurlara bağlı şirkətlərə və banklara qədər bu araşdırma uzana bilər”.

Banklararası əlaqələrin olmasının birbaşa cinayət olmadığını vurğulayan Natiq Cəfərli PİA.AZ-a açıqlamasında qeyd edib ki, cinayət tərkibi o əlaqələrdən necə istifadə edilməsindən doğur. Araşdırmanın nəticələri maraqlı olacaq və Azərbaycanda bir çox məmurlara bağlı şirkətlərə və banklara qədər bu araşdırma uzana bilər:

“Latviyanın “ABLV Bank”ının birbaşa Azərbaycanda filialları yoxdur. Sadəcə partnyor banklar var ki, həmin bank vasitəsi ilə müəyyən əməliyyatlar həyata keçirilib. Əgər bu araşdırma böyüyəcəksə və şəxlərə qədər enəcəksə, çox güman ki, belə bir ehtimal var. Bu zaman həmin hesablardan köçürmələr edən, həmin bank vasitəsi ilə köçürmələrdə iştirak edən şirkətlərin və fiziki şəxslərin adları həmin araşdırmada çəkilə bilər.

Qeyd edim ki, bu məsələdə tək söhbət Azərbaycandan getmir. Ümumiyyətlə bu sistemlərdə, yəni pul yuyulma prosesində iştirak edən istənilən ölkənin vətəndaşları (çoxlu sayda Rusiya vətəndaşlarının olduğu da ehtimal olunur) istintaqa cəlb olunacaq. Həmin araşdırma daha da genişlənsə, təbii ki, bəzi şirkətlərin və şəxlərin adı araşdırılmada qeyd olunacaq. Əgər araşdırma nəticəsində Azərbaycanda hər hansı yüksək vəzifəli məmurların şirkətləri və yaxud da özləri tərəfindən hər hansı bir qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirilibsə, beynəlxalq araşdırmanın nəticəsi olaraq onlar haqqında da müəyyən qərarlar verilə bilər.

Natiq Cəfərli: “Banklar arasında əlaqənin olması cinayət deyil. Cinayət tərkibi o əlaqələrdən necə istifadə edilməsindən doğur”.

İlkin olaraq istintaqa ifadə verilməsi üçün və yaxud da hər hansı bir başqa formada onlar araşdırmaya cəlb oluna bilərlər. Amma hər şey araşdırmanın hara qədər gedib çıxacağından və nə qədər uzanacağından asılıdır. Yəni belə bir ehtimal var, amma bu ehtimal az görünür. Çünki əsas hədəfdə Rusiya pullarının yuyulması məsələsidir və Rusiya oliqarxlarının, məmurlarının sxemləri indi daha ciddi araşdırılır. Amma ehtimal etmək olar ki, Azərbaycan məmurlarına bağlı şirkətlərə qədər də bu araşdırma uzana bilər.

Əslində istənilən bankların bir-birləri arasında müqavilələrin olması təbii hadisədir. Çünki SWIFT sistem deyilən banklararası pulköçürmə sistemi var. Bu sistemə görə banklar bir-birləri ilə əməkdaşlıqla bağlı əlaqələr yarada bilərlər. Bu əməkdaşlıq qanuni işlərin həyata keçirilməsində də istifadə oluna bilər.

Maraqlı olan odur ki, əməkdaşlıq qeyr-qanuni əməliyyatlarda istifadə olunub, yoxsa yox. Yəni həmin əməkdaşlıq nəticəsində çirkli pulların yuyulması, korrupsiya əməlləri həyata keçirilib, yoxsa yox. Banklar arasında əlaqənin olması cinayət deyil. Cinayət tərkibi o əlaqələrdən necə istifadə edilməsindən doğur. Buna görə də əlaqələrin olması belə birbaşa cinayətin olduğunu sübut etmir.

Amma onu da deyim ki, araşdırmanın nəticələri maraqlı olacaq. Mən düşünürəm ki, Azərbaycanda bir çox məmurlara bağlı şirkətlərə və banklara qədər bu araşdırma uzana bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26