Interposta.Info

Mərkəzi Bank faiz dərəcəsini niyə endirmədi? (ŞƏRH)

İqtisadiyyat
 19-03-2020, 20:59     412

"Mərkəzi Bank may ayından da tez növbədənkənar toplantı keçirəcək”.

"İnterPosta"nın məlumatına görə, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı verdiyi qərarını şərh edərkən deyib.

O, bildirib ki, Mərkəzi Bank gözləmə mövqeyini tutdu və bunun səbəbi bazarlardakı gedişiatı may ayına kimi monitorinq etməkdir:

"Əslində bütün dünyada Mərkəzi Banklar iqtisadi aktivliyə dəstək olmaq üçün faiz dərəcəsini aşağı saldılar. Azərbaycan Mərkəzi Bank bu addımı atmadı. İndiki halda faiz dərəcələri kəskin azalsa və manat bolluğu yaransa kreditlərin ucuzlaşması başlayacaq. Manatın bolluğu isə ilk olaraq valyuta alışlarına yönələcək. Bunun qarşısını almaq üçün Mərkəzi Bank gözləmə mövqeyini seçərək manatı ucuzlaşdırmadı. Əkisnə, may ayının 1-ə kimi bazarlarda vəziyyəti monitorinq edib, gözləmə mövqeyini tutması ilə bağlı qərar verdi. Düşünürəm ki, vəziyyət pisləşdikcə, Mərkəzi Bank may ayından da tez növbədənkənar toplantı keçirəcək”.

Natiq Cəfərli bildirib ki, Mərkəzi Bank may ayını gözləmədən müəyyən addımların atılması ilə bağlı qərar verə bilər:

"Bu gün keçirilən toplantıda devalvasiya ilə bağlı qərar verilə bilməzdi. Çünki iclasda faiz dərəcələrinə baxılırdı. Əgər bank faiz dərəcəsini aşağı salsaydı, banklar daha aşağı faizlə manata çıxış edəcəkdilər. Bu da bankların sonradan hərraclarda daha çox dollar almasına səbəb ola bilədi”.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Bank faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırıb. Mərkəzi Bank faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il may ayının 1-də ictimaiyyətə açıqlanacaqını deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26