Əli İnsanov məhkəmədə
Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.
"XeberBiz" "Report"a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 16-na təyin edilib.
Şikayətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Məlumata görə, Ə.İnsanov məhkəmədə iştirak etmək istəmir. O, bu barədə Ali Məhkəməyə yazılı ərizə göndərib.
Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.
2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsininin qərarı ilə Ə.İnsanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra sabiq nazir kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Xatırladaq ki, ötən il noyabrın 14-də Ali Məhkəmədə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçiirlən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb. O, icraatında çox iş olduğunu, cinayət işinin materialları ilə tanış olmadığını bildirib. Vəsatət təmin edilib. Proses qeyri-müəyyən günədək təxirə salınıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26