Interposta.Info

72 yaşı tamam olan Əli İnsanov özünü həbsxanada müalicə edir

Ölkə
 4-04-2018, 09:31     10 468

Sabiq nazirin azadlığa buraxılıb-buraxılmayacağı seçkidən sonra bilinəcək
Martın 22-də 2005-ci ilin oktyabrından həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun 72 yaşı tamam oldu. Sabiq nazirin martda gözlənilən əfv fərmanı ilə azadlığa buraxılacağı deyilirdi.

Amma əfv fərmanı imzalanmaması böyük ehtimalla may ayına-yəni prezident seçkisindən sonraya qaldı. İddia olunur ki, sabiq nazirin azadlığa buraxılması üçün ölkədən getməsi şərti qoyulub. Ölkə iqtidarının onu azad edəcəyi halda ölkəni tərk etməsi şərti qoyması haqda iddia inandırıcı görünür. Çünki İnsanovla eyni hadisəyə görə 2005-ci ildə həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev məhz belə anlaşma yolu ilə azadlığa çıxdıqdan sonra ölkəni tərk ediblər.

Sabiq səhiyyə nazirinin azadlığa buraxıldıqdan sonra Almaniyaya köçə biləcəyi deyilir. Almaniyanın seçilməsinin təsadüf olmadığı vurğulanır. İddia olunur ki, İnsanovun ailəsinin əksər üzvləri bu ölkədə yaşayır.

Sabiq səhiyyə naziri Əli İnsanov vəkili ilə görüşüb. Bu barədə “Trend”ə açıqlamasında Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, sabiq nazir özünü normal hiss etsə də, səhhətində problemlər qalmaqdadır: “Səhhətində hələ də problemlər var. Müalicə müəssisəsinə köçürülməsi barədə müraciət etməyib, tibb müəssisəsinə getmir, öz-özünü müalicə edir”.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında o, əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

2017-ci ildə Ə.İnsanov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub və Qaradağ rayon Məhkəməsinin hökmü ilə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

Bu ilin yanvar ayında Ali Məhkəmədə Əli İnsanovun barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb. Hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyanın qərarına əsasən, Əli İnsanovun kasasiya şikayəti təmin edilməyib.

Ə.İnsanov prosesdə iştirak etmək istəməməsi barədə Ali Məhkəməyə yazılı ərizə göndərib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26