Əli İnsanovun məhkəmə istintaqı başa çatdı:
Sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Qaradağ rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tətbiqi mərhələsi keçirilib.
Əli İnsanovun vəkili Toğrul Babayev zərərçəkmiş şəxs Anar Məmmədovdan prokurorluqda nə zaman ifadə verməsini soruşub. Vəkil bildirib ki, işdə olan sənədlərdən göründüyünə görə, A.Məmmədov 35 gün xəstəxanada yatıb.
Anar Məmmədov isə suala cavab olaraq deyib ki, hadisədən iki gün sonra prokurorluqda ifadə verib.
Vəkil Ağavey Şahverdi isə deyib ki, Ə. İnsanovun cırdığı deyilən protokol da iş materiallarında yoxdur. Hakim isə həmin protokolun maddi sübut kimi saxlanıldığını söyləyib.
Daha sonra sabiq nazirin vəkilləri bir neçə vəsatətlə çıxış ediblər. Bunlar təmin edilməyib.
Məhkəmə istintaqın başa çatdığı elan edilib. Çıxışlar mərhələsi gələn prosesə saxlanılıb. Prokuror gələn proses sabiq səhiyyə nazirinə cəza istəyəcək.
Məhkəmə aprelin 26-də davam edəcək.
Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.
Ötən il il avqustun 24-də Ə.İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26