Fazil Məmmədovun səfir olmaq arzusu gözündə qaldı
O da Ziya Məmmədov kimi komandadan birdəfəlik uzaqlaşdırılanlar sırasına qoşulur; ölkədən çıxışı isə hələ ki “müəyyən səbəblərdən” münasib bilinməyib
Dekabrın 5-də prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən azad edilən Fazil Məmmədov ətrafında müəmma davam edir. Hələ vəzifəsindən çıxarılmazdan əvvəl belə xəbərlər yayılmışdı ki, F.Məmmədov özünü diplomatiya sahəsində sınamaq istəyir. Bildirilirdi ki, o, keçmiş sovet respublikalarından birinə səfir göndərilməsinə nail olmaq üçün hərəkətə keçib.
Və bununla bağlı hətta “yuxarılara” xahiş də edib. Vəzifədən çıxarılandan dərhal sonra bu mövzu aktuallaşdı. Prezidentin son illər sabiq məmurların daha çox təyinat aldığı Tacikistandakı səfiri məhz bu ərəfədə geri çağırması F.Məmmədovun arzusunun gerçəkləşə biləcəyi yönündə iddiaları artırmışdı. O da qeyd olunurdu ki, əgər Fazil Məmmədovun işdən çıxarılması hansısa qəzəbin təzahürü deyilsə, sadəcə, 17 illik naziri yenisi ilə əvəzləmək istəyindən irəli gəlibsə, o zaman sabiq nazirin səfir istəyi reallaşa bilər.
Amma iqtidar bu yöndə Fazil Məmmədovun ətrafının apardığı spekulyasiyanın qarşını alıb. Prezident bir neçə səfir yeri vakant qalsa da, dekabrın 18-də ölkəmizin Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Həsən Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
F.Məmmədovun Avropa ölkələrindən birinə səfir göndəriləcəyi isə ağlabatan deyil. Yeri gəlmişkən, bu ilin fevralında vəzifədən azad edilən nəqliyyat naziri Ziya Məmmədovun da yaxın ətrafı eynilə bu cür təbliğat aparırdılar. Məlum sərəncamdan sonra bildirilirdi ki, Z.Məmmədov baş nazirin müavinlərindən biri təyin ediləcək. Hətta sabiq nazirin qardaşı “bu bizim arzumuz ola bilər. Amma bu, ölkə rəhbərinin konstitusion səlahiyyətlərinə daxildir. İndi gəzən fərziyyələr, söhbətlər gerçək ola bilər. Amma buna biz qərar vermirik” demişdi. Amma bu gözləntilər özünü doğrultmadı. Məlum oldu ki, hakimiyyətdə etibardan düşmüş Z.Məmmədov komandadan birdəfəlik uzaqlaşdırılıb.
Fazil Məmmədovun taleyi ilə bağlı müəmma davam etsə də, böyük ehtimalla o da Z.Məmmədov kimi komandadan birdəfəlik uzaqlaşdırılanlar sırasında yer alıb. Çünki onun işdən qovulmasında böyük pul oğurluğunun əsas rol aldığı iddia olunur ki, bu hələ də təkzib olunmayıb. Söhbət ölkədən çıxarılan 4.5 milyard manat “qara pul”dan gedir. İddialara görə, Fazil Məmmədov yaxın ətrafı üzərindən, o cümlədən Binəqədinin icra başçısı olan Xaləddin İsgəndərovun vasitəsilə büdcəyə daxil edilməli pulları xaricdəki hesablara ötürüb.
Gələn məlumatlara görə, yaxın müddət ərzində vergi şəklində yığılaraq müxtəlif gizli hesablara yönləndirilən pullar geri qaytarılmasa, Fazil Məmmədovun və yaxın ətrafının həbsi gerçəkləşə bilər. Hakimiyyət daxilində müəyyən dairələrə yaxın olan Hafiz Hacıyev bu günlərdə deyib ki, Fazil Məmmədovun 4-5 milyard dollar sərvəti var. Onun sözlərinə görə, araşdırma aparmaq lazımdır ki, bu qədər pulu necə toplayıb: “Bu adamları elə-belə buraxmaq olmaz. Pullarını əllərindən almaq lazımdır. Yoxsa ölkəni qarışdırmaq üçün müxtəlif qüvvələrə pul paylayacaqlar”.
“Yeni Müsavat”a yaxın bir mənbə isə iddia edir ki, F.Məmmədovun müalicəyə ciddi ehtiyacı var və ölkədən getmək niyyətindədir. Amma hələ ki “müəyyən səbəblərdən” onun ölkədən çıxması münasib bilinməyib.
[b]interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26