Interposta.Info

“Abutalıbovun o yerdə gözü var, ona görə oranı dağıdıb”

Gündəm
 13-09-2017, 15:41     9 678

“Hacıbala Abutalıbov o qədər patriot, dövlətçi deyil ki, “26” adı onu qıcıqlandırsın”

“Hacıbala Abutalıbovun orada iştirakı sadəcə demaqoqluq idi. Bu dava “26” adı ilə bağlı deyil. Hacıbala Abutalıbov o qədər patriot, dövlətçi deyil ki, “26” adı onu qıcıqlandırsın. Bakı meriyasından 20 metr aralıda, Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının üzərində SSRİ-nin gerbi durur. Hacıbala Abutalıbov bu qədər diqqətli və vətənpərvərdirsə, birinci gedib o gerbi söksün”.


interposta.info bildirir ki, bu sözləri modern.az-a müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu kafe ilə bağlı qalmaqalı şərh edərkən bildirib.

Onun sözlərinə görə, kafe ilə bağlı da məsələ heç də “26” adına görə deyil: “Sadəcə o yerdə cənab Abutalıbovun gözü var, hücum edib oranı dağıdıb. Azərbaycanda qanunlara görə, mülkiyyət toxunulmazdır. Heç kim heç kimin mülkiyyətinə toxuna bilməz. İstəyir lap ora erməni “Andranik”, “Şaumyan” adları qoyulsun, bu, yenə də düzgün deyil. Ada görə, camaatın mülkünü ələ keçirməyə, onun iqtisadi fəaliyyətinə qadağa qoymağa ixtiyarı yoxdur. Sahibkarların fəaliyyəti qanunla tənzimlənir, onların mülkiyyəti Konstitusiya ilə qorunur. Bəs Hacıbala Abutalıbov, sən kimsən ki, məhkəmənin qərarı olmadan xalqın mülkiyyətini dağıdırsan, fəaliyyətinə qadağa qoyursan?! Bakı Şəhər İcra Hakimiyyətinin məgər belə səlahiyyəti var?!”

ADP sədri bununla yanaşı qeyd edib ki, kafeni işlədən həqiqətən də “26” adını 26 Bakı komissarının şərəfinə qoyubsa, onlar da mənəviyyatsız adamlardır: “Bir daha vurğulayıram. Əgər həqiqətən də belədirsə”.

“Ad məsələdirsə, o zaman Hacıbala Abutalıbov hücum etsin “Kral Lir”, “Monte Karlo”, “Mafia” klubunu da dağıtsın da! Bu gün Fəxri Xiyabanda Azərbaycanın düşmənləri olmuş bəzi kommunistlərin qəbirləri var. Hacıbala Abutalıbov istiqlal davası aparırsa, getsin, Fəxri Xiyabandakı Azərbaycan xalqının düşmənlərinin qəbrini söksün!”- deyə ADP sədri vurğulayıb.

S. Cəlaloğlu bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti nəhəng problemləri görmür. Bu problemlərin içərisindəki cüzi bir məsələni tapıb deyir. Azərbaycan qanunvericiliyinə görə, reklamlar, müəssisələrin adları hamısı Azərbaycan dilində olmalıdır: “Baxın görün Azərbaycanda nələr var: “Mafia” adında kafe ya da klub, “Kral”, “İmperator” adında şadlıq sarayları var. Biz necə cəmiyyətdə yaşayırıq ki, orta əsərlərin anlayışları bu gün Bakı şəhərində reklamları bəzəyir?! Niyə müəssisələrin adları xarici tarixi adlarla qeydiyyatdan keçir? Azərbaycan tarixində çox görkəmli şəxsiyyətlər olub. Niyə onların adları qoyulmur? Niyə Bakının mərkəzində “Şah İsmayıl”, “Nadir Şah” adlı şadlıq sarayları deyil, Avropa tarixi ilə bağlı adlar qoyulur. Götürüb Şekspirin qəhrəmanlarının adlarını, orta əsr Avropa tarixi şəxslərinin adlarını müəssisələrə qoyurlar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26