Interposta.Info

Moskva İrəvanda nüvə silahı saxlayır? - Açıqlama

Gündəm
 6-09-2017, 12:41     10 474

Ermənistanda müasir tipli nüvə döyüş başlıqları Rusiya tərəfindən buraya gətirilməsi mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında eks-dövlət müşaviri Qabil Hüseynli Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın İrəvanda nüvə silahı olması barədə açıqlamasını şərh edərkən söyləyib. Onun sözlərinə görə, Rusiyanın buraya gətirdiyi silahlar onun tabeliyində olur:

“Ermənistan Rusiyaya güvənərək, onun vasitəsilə Azərbaycan və Türkiyəni təhdid altında saxlamağa çalışır. Ermənistanda nüvə texnologiyası yoxdur. Nüvə silahının yaradılması üçün nəinki elmi-texniki baza, həmçinin geniş zavodlar kompleksi lazımdır ki, bunu acından ölən Ermənistan həyata keçirmək iqtidarında deyil. Ermənistanda Metsamor AES-in tullantıları var. Bundan isə sadəcə olaraq çirkli bomba yaradıla bilər. Amma bu çirkli bombanın nüvə silahının əsas komponenti olan dağıdıcı və yandırıcı qüvvəsi yoxdur. Çirkli bombalar yalnız məhdud bir sahədə radioaktiv fon yarada və bundan əhalinin lokal bir ərazidə zəhərlənməsi üçün istifadə edilə bilər. Onun mövcudluğu və döyüş silahı halına gətirilməsi mümkün deyil. Ona görə də Baqratyan kimilərin belə açıqlaması sadəcə Azərbaycanın artan gücündən doğan narahatlığa qarşı təbliğat cəhdlərdir. Nüvə komponentlərinin Ermənistandakı Rusiya bazalarında saxlanılmasını isə inkar etmək olmaz. Ona görə ki, Rusiya artıq Yaxın Şərqə açılmaq istəyir və üstəlik, NATO ilə həmsərhəddir. Doğrudur, SSRİ zamanında Azərbaycanda da nüvə silahı olub, amma o, Moskvanın tabeliyində olub. Bu nöqteyi-nəzərdən Baqratyanın söylədiklərinin hamısı Rusiyanın bu bölgədəki hərəkətlərinə söykənilərək verilən vədlərdən ibarətdir”.

Q.Hüseynlinin fikrincə, Azərbaycan istənilən halda beynəlxalq təşkilatlardan Ermənistana qarşı sanksiyalar tələb etmək ixtiyarındadır:

“Azərbaycan istənilən halda bu açıqlamaya görə, hətta Rusiyanın Ermənistanda nüvə silahları yerləşdirməsinə görə MAQATE və BMT-dən sanksiyalar tələb edə bilər. Ən azından bu bölgədə konflikt var və Ermənistan konflikt tərəflərindən biridir. Rusiyanın bəyan etmədən Ermənistan ərazisinə nüvə silahı yerləşdirməsi nüvə silahının saxlanması və yayılması haqqında beynəlxalq konvensiyaların kobud şəkil pozulması deməkdir. Bu məsələ mütləq beynəlxalq qurumlar qarşısında - BMT və MAQATE-də qaldırılmalıdır. Bunun gələcəkdə barıt çəlləyinə bənzəyən bölgədə təhdidlər yaradacağı faktının araşdırılması və buranın nüvəsiz bölgəyə çevrilməsi tələb edilməlidir”.

Qeyd edək ki, bu gün “Haqqin.az” saytına açıqlamasında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan İrəvanın nüvə silahına malik olduğunu bildirib. O, İrəvanın bu silahı 70-ci illərdə əldə etdiyini deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26